Azər Badamov: Azərbaycan Asiyanı Avropa ilə birləşdirən mühüm əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb

“Azərbaycan Asiyanı Avropa ilə birləşdirən mühüm əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub –Şimal nəqliyyat dəhlizləri bu gün regionda qitələrarası daşınmaların həyata keçirilməsində böyük rol oynmağa başlayıb”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, həyata keçirilən bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında xüsusi rol oynayır. Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq müharibə və münaqişənin başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan maddələrin icrası ilə həyatda öz əksini tapmaqdadır. İcra olunması üçün nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Prezident İlham Əliyev qərargahı Tailandda yerləşən BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sesiyasındakı çıxışında ölkəmizin beynəlxalq nəqliyyat layihələrdə artan rolu haqqında beynəlxalq aləmi məlumatlandırıb. Həm də Qərb-Şərq nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin Asiya və Sakit okeanı hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın beynəlxalq yükdaşımalardakı rolu regional səviyyədən çıxaraq dünya əhəmiyyətli səviyyəyə qalxmaqdadır: “Prezidentimizin uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verib. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi də beynəlxalq statusu qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq”.

yap.org.az