Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər - MÜƏYYƏN EDİLDİ

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 3 nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.

Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilib.