Xəbərlər

  • 1 732

Şəhidin adına tikilmiş bulağın açılışı olub

image

Şəhid Hacıyev Rüstəm Firqani oğlunun doğum günündə Tərtər rayonu Qazyan kənd tam orta məktəbində onun adına inşa edilmiş bulağın açılışı olub.

SİA AZƏRTAC-a istinad edir.

Bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Rüstəm kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər gününü tarixə yazıb. Bizə qələbə sevincini bizə yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhid Rüstəm Hacıyevin atası Firqani Hacıyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Digər xəbərlər