Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərin ömür yolu tarixə qovuşub. Bir dastan olub şəhid ömrü. Neçə-neçə yüzilliklərə qovuşan dastan. Zaman gələcək şəhidlərimizin qəhrəmanlığı böyük əsərlərin, poemaların, sənədli və bədii filmlərin əsas ideyasını təşkil edəcəkdir. Hər zaman üçün örnək olacaq bir ömrün dastanından keçilən yollar, vətənpərvərlik əzmi, ən son nəfəsdə vətən keşiyində necə durmağın nümunəsidir. Belə qəhrəmanları tanımalı, onların keçdiyi şərəfli mücadilə dolu yollar öyrənilməlidir. Torpaqlarımızın işğaldan azad olunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçməyə hazır oldu Vətən Oğlu. Bu gün şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər birimizin borcudur. Ölkəmizin elə bir bölgəsi, elə bir kəndi yoxdur ki, orada şəhid məzarları olmasın. Düşməni susduran, ona döyüş meydanıda dərs verən, son damla qanlarına kimi vuruşan nə qədər mərd oğullar şəhadətə yüksəldi. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi vuruşdular. Bu gün şəhadətə qovuşmuş qəhrəmanımız Qoşqar Ömərov kimi. Atası Səxavət Omərovla əlaqə saxlayaraq Müəllimlər Günündə şəhidlik zirvəsinə yüksələn bir vətən övladı ilə bağlı xatirələrə çökmüş ömür yolunu çözələdik. Axı Qoşqar da müəllim idi. Şagirdlərinin böyük sevgisini qısa bir zamanda qazanan müəllim. Şəhid atanın səsindəki məğrurluq insanda qürur yaradır. Vətən torpağına bir şəhid oğul vermiş ata övladı haqqında danışarkən məğrurluğunu büruzə verir. Gənc övladını torpağa tapşıran məğrur ata "Vətən sağ olsun", - deyir. Bu an göz önündə oğlunun nəşi üstünə sərilən bayrağımızdan qürurlanan, düşmənə kimliyini göstərən ərən övladın atası obrazı canlanır. Ömrünü öz oğlunun ömrünə calayan ata işğaldan azad olunan torpaqlarımızla təskinlik tapır və deyir ki, oğul vətən üçün doğulur. Bu gün Qoşqar bir ailənin deyil, bütün Azərbaycanın övladıdır. Böyük döyüş məharəti nümayiş etdirən Qoşqar 44 günlük Vətən müharibəsində yüksək vətənpərvərlik, cəsurluq, əqidə sərgilədi. Onun tərcümeyi-halına nəzər salaq. Qısa və şərəfli ömür yazan Qoşqar 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. Qoşqar 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. Sən demə, atası Səxavət müəllim Qoşqarın müəllimi olub. Həm ona riyaziyyatı sevdirib, həm də müəllimliyi, həm də Vətəni. Deyir ki, V-XI siniflərdə riyaziyyatdan Qoşqara dərs demişəm: "Sinfin ən fəal şagirdi idi. Mərd, sözünün üstündə duran, sözünü deməyi bacaran şagird olaraq diqqəti cəlb edirdi. Psixoloji cəhətdən də möhkəm idi. Hər bir hərəkəti ilə nümunə idi."
2015-ci ildə Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da, hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Nə biləydi ki, bu gün müəllim kimi sevdiyi bir peşəsi ilə tez bir zamanda vidalaşacaq. Onu daha təlatümlü, mücadiləli bir yol, ömür cığırı gözləyir.
Tovuz döyüşlərindən sonra qəlbi böyük arzularla döyünən Qoşqar vətənin müdafiəsi üçün hərbi komissarlığa müraciət edir. Ordu sıralarına könüllü qatılmaq məqsədi ilə. Müharibə başlayan kimi də çağırılır. Həqiqi hərbi xidmətdə hesablayıcı artilleriyaçı olub. Sentyabrın 27-də Füzuli cəbhəsindən müharibəyə qatılmış, "Sən sağ ol, Vətən!" – deyərək, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilir. Bir neçə yüksəkliklər uğrunda döyüşlərdə iştirak edən Qoşqar noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, deyir ata. Bizim xalqımızın böyüklüyü ondadır ki, biz vətən torpağı uğrunda şəhid olmağı bacarırıq. Azərbaycan torpağı tarixən böyük qəhrəmanlar yetişdirmişdir. Qoşqar Ömərov böyük bir ömür yolu keçdi. Hər kəsə nəsib olmayan, ucalığa yüksələn şəhid ömrü. Hər kəsin də yaddaşında qəhrəman vətən övladı olaraq qaldı. Onun dərs dediyi şagirdlər, ətrafında olanlar, dost-tanışı bu gün Qoşqarla fəxr edirlər. Axırıncı dəfə şəhadətindən 4-5 gün əvvəl ailəsi ilə danışıb. Böyük sevgi ilə danışıb. Ömrünü hərb sənətinə həsr etmiş artilleriyaçı kimi. Qələbə əzmi yüksək olan Qoşqar nə yazıq ki, Zəfərimizi görə bilmədi. Vətənini sevən, ən dar günündə onun çağrışına hay verən Vətən oğlu. Fəth etdiyi zirvə ilə ölümsüzlüyə qovuşan Qoşqar 26 illik ömür yolunda xalqın, elin-obanın övladına çevrildi. Bu, valideyn üçün böyük fəxrdir.
Şəhid Qoşqar Ömərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif edilib. (Ölümündən sonra). Daha sonra dövlət başçısının sərəncamları ilə Azərbaycan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüşəməliyyatlarına qatılaraq şəxsi igidliyi vəşücaəti nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə ilə təltif edilib. Bu gün onun ruhu şaddır. Vətən torpağı işğalçılardan azad olub. Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalanır.
Nəzakət ƏLƏDDİNQIZI