PDF Oxu

Xəbərlər

  • 3 275

Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix

image

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşü türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətinin növbəti təzahürüdür. Bu tədbir Azərbaycanın sədrliyi dövründə türkdilli ölkələrin dövlət başçıları səviyyəsində keçirilən artıq üçüncü görüşdür ki, bu da ölkəmizin təşkilata sədrliyini xarakterizə edən mühüm məqam kimi qiymətləndirilə bilər. COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərməkdədir. Bugünkü görüşdə müzakirə olunan mövzular türkdilli ölkələr arasında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı, mədəni dəyərlərin qorunması ilə bağlı məsələlərin prioritet olduğunu təsdiqlədi.Zirvə görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da yadda qaldı.

Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türk Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün davamlı addımlar atıb. Şuranın indiyədək keçirilmiş bütün Zirvə görüşlərində Azərbaycan yüksək səviyyədə təmsil olunub. Ölkəmiz türk dövlətləri arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi, eləcə də təhlükəsizlik məsələləri üzrə ortaq fəaliyyətin gücləndirilməsi və digər istiqamətlərdə mühüm təkliflər və təşəbbüslərlə çıxış edib.

Həmin Zirvə görüşündə Azərbaycanın türk dünyası ölkələri arasında nəqliyyat və energetika sahələrində əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışan Prezident İlham Əliyev deyib: “Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi də Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya layihələri bütün türk dünyasını birləşdirəcək.Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçalamışdı. Naxçıvanda qəbul edilən qərarlar və birgə fəaliyyət türk dünyasının birliyini daha da gücləndirməli idi və belə də oldu.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin yaradılması sayəsində bu məsələ praktiki olaraq reallaşmaq üzrədir. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası, daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunun inkişafı üçün çox böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev Zirvə görüşündə qeyd etdiyi kimi, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır,Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü,suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir.

Yeganə Süleymanova

Xəzər rayonu, 121 №li tam orta məktəbin müəllimi

Digər xəbərlər