Xəbərlər

  • 605

Rusiya-Ukrayna müharibəsi bitir? - POLİTOLOQ ŞƏRH ETDİ

image

"Rusiya-Ukrayna müharibəsinin bu vaxta qədər davam etməsi bütün siyasi ekspertlərin, politoloqların, hərbi mütəxəssislərin proqnozlarından kənardır. Artıq 3 aya yaxındır ki, müharibə davam edir. Hazırda mənəvi-psixoloji üstünlük Ukrayna tərəfindədir. Çünki müxtəlif şəhər, kənd və qəsəbələr Rusiya qoşunlarından azad edilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, eyni zamanda siyasi, iqtisadi, hərbi sahədə Avropa İttifaqı, NATO, ABŞ, Böyük Britaniya tərəfindən Ukraynaya çox güclü dəstək var: "Lakin müharibənin nə zaman bitəcəyi hələ də sual altındadır. Türkiyə tərəfi bu barədə çoxsaylı təşəbbüslər həyata keçirib ki, müharibə dayansın. Lakin bununla bağlı hər hansı bir nəticə əldə olunmayıb. Buna baxmayaraq müharibənin dayandırılmasına diplomatik-siyasi sahədə hələ də potensial imkanlar var. ABŞ prezidenti Co Baydenin imzaladığı "lend-liz" proqramı çox qısa müddət ərzində müharibənin dayandırılması ilə bağlı suallara cavab vermir. Çünki bu uzunmüddətli bir proqramdır. ABŞ-ın Rusiyaya qarşı sərt mövqeyi və "lend-liz" proqramının qəbul edilməsi onu deməyə əsas verir ki, ABŞ və Rusiya arasında qlobal səviyyədə mübarizə davam edir. Ukraynaya göstərilən yardımların əsas mahiyyəti bundan ibarətdir ki, ABŞ Rusiyanı Ukrayna cəbhəsində məğlub etməkdə israrlıdır. Bundan əlavə Finlandiya və İsveçin NATO-ya üzvlüyü də Rusiyanın maraqlarından kənardır. Hətta müəyyən formada təhdid elementləri də Rusiya tərəfindən səsləndirilib. Lakin Qərb blokunun ortaq fikri bundan ibarətdir ki, İsveç və Finlandiya NATO-ya üzv olmaqla təhlükəsizliklərini bir qədər möhkəmləndirə bilərlər. Bu baxımdan da Rusiya-Ukrayna müharibəsi digər amilləri də aktuallaşdırır və dünyanın müxtəlif bölgələrində siyasi iddialar səslənir. Bu beynəlxalq münasibətlər sistemində problemlərin qalıcı xarakterindən xəbər verir. Buna görə də, ümumilikdə beynəlxalq münasibətlər sistemində, beynəlxalq hüququn islahatlara böyük ehtiyacı var".

Arzu Qurbanzadə

Digər xəbərlər