Xəbərlər

  • 4 137

Cəbrayılın bərpası üçün böyük işlər görülür

image

İki il öncə sentyabrın 27-də Ermənistanın işğalçı hərbi birləşmələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüz aktına başladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Vətən Müharibəsi və tarixi Zəfər 44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi.

Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin parlaq təzahürüdür. Oktyabrın 4-də isə şanlı ordumuz tərəfindən Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin iki ili tamam olur. Ötən iki ərzində Cəbrayılın bərpası istiqamətində bir sıra addımlar atılıb və hazırda proses davam edir. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. İşğaldan ilk azad edilən ərzilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb.

Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Cəbrayıl rayonuna qayıdış hələ 6 il bundan öncə Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.

Vətən Müharibəsi başa çatandan qısa müddət sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident cənab İlham İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısı ötən il oktyabrın 4-də - Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə bu əraziyə səfər edərək Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak edib.

Hazırda Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı tikinti-bərpa işləri sürətlə həyata keçirilir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş bütün ərazilərimizin yenidən qurulması üçün atılan addımlar hər birimizi qürurlandırır. Böyük Qayıdışın gerçəkləşməsi yönündə görülən işlər sürətlə davam etdirilir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər