Siyasət

  • 2 502

YAP Azərbaycanın tərəqqisinə töhfə verir ŞƏRH

image

Tarix boyu böyük dövlətçilik ənənələrinə malik olan xalqımız müstəqillik uğrunda çətin sınaqlardan keçmiş, istiqlal mübarizəsinin şərəfli salnamələrini yaratmışdır. Azərbaycan xalqı dövlət müstəqilliyini hələ yüz illər əvvəldən öz mənəvi haqqına çevirmiş, bu haqqın əldə olunması üçün heç də asan olmayan çətin və kəşməkeşli bir yol keçmişdir.Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur "91-lər"in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. "91-lər"in müraciətindən sonra 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.O dövrdə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ümummilli lider bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ümummilli Liderə olan ümumxalq sevgisindən xəbər verir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir. Bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir və bütün bunlar YAP-ın ən əhalinin müxtəlif təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaratmışdır. Dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı, Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik siyasi təşkilata çevrilib. Partiya ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayır.Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Azərbaycan artıq yeni reallıqlar yaratdı. Bu baxımdan, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında mühüm rol oynayan aparıcı qüvvədir. VII qurultayda partiyanda yeni Nizamnamə təsdiq edildi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun, gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.Yeni Azərbaycan Partiyasının VII qurultayı bir daha göstərdi ki, o çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri, həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Qalib Azərbaycanın partiyasıdır. Onun başında isə hər bir azərbaycanlının Prezidenti, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev dayanır!Bu gün Azərbaycan beynəlxalq aləmə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı öz sözünü deyən, öz haqlı mövqeyini bildirən və zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər