Siyasət

  • 1 703

Dünya ictimaiyyəti Qarabağ məsələsi ilə bağlı əsl həqiqətlərdən agah oldu ŞƏRH

image

Məlum olduğu kimi, ötən həftə də Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyət proqramı zəngin oldu. Mövcud qənaəti şərtləndirən dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Davos İqtisadi Forumundakı iştirakı idi. Bu baxımdan, cənab İlham Əliyevin sözügedən forum çərçivəsində İsveçrə Konfederasiyasında keçirdiyi çoxsaylı görüşlər, o cümlədən, Çinin CGTN telekanalına müsahibəsi xüsusi vurğulanmalıdır. Qeyd edək ki, Azərbaycan Prezidenti 19-cu dəfədir İsveçrədə səfərdə olurdu ki, bunlardan, bilavasitə, 15-də Davos Forumuna qatılıb. Ümumən, Prezident İlham Əliyevin Davos forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalıb. Budəfəki ali toplantı da istisna olmadı: – səkkiz qlobal şirkətin rəhbərləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru, həmçinin, Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə görüşlər, “Yeni enerji reallığının istiqamətləndirilməsi” mövzusunda gerçəkləşmiş “dəyirmi masa”da iştirak. Göründüyü kimi, ortada məhsuldar fəaliyyətin verdiyi zənginlik, zənginlikdə isə böyük faydalar var. Bu faydalar barədə xeyli söhbət açılıb. Mövcud xüsusda ilk yada salacağımız məqam isə Laçın–Xankəndi yolundakı aksiyadır.Azərbaycanlı fəalların Laçın–Xankəndi yolunda keçirdikləri aksiyanın Ermənistan, dünya erməniliyi və ermənipərəst qüvvələr tərəfindən yanlış təqdimatı fonunda baş verən proseslərə diqqət yetirsək, bəzən, elə təəssürat formalaşırdı ki, sanki bütün dünya Azərbaycanın əleyhinədir. Əslində, bu görüntünü yaratmaq aksiyanı anti-Azərbaycan təbliğatına çevirmək istəyənlərin başlıca məqsədidir. İstəkləri odur ki, dünyanın aparıcı media vasitələri davamlı olaraq məsələ barədə yazsınlar. Yəni, Azərbaycanın, guya Laçın yolunu bağlamaqla, Qarabağ ermənilərini blokadada saxladıqları, onların yaşam hüququnu məhdudlaşdırdıqları təəssüratı yaransın. Ən başlıca məqsəd isə ölkəmiz tərəfindən Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təminatı ilə bağlı səslənmiş məsələlərin şübhə altına alınması, bu yolla bölgədəki separatçılığın davam etdirilməsidir. Ermənistan və havadarları məqsədlərini reallaşdırmaq naminə hüquqi mexanizmlərin hərəkətə keçməsinə səy göstərirlər. Hüquqi mexanizmlərin dövriyyəyə girməsi, Azərbaycana real təzyiqin göstərilməsi isə asan məsələ deyil. Bunun üçün münbit mənəvi zəmin lazımdır. Məsələ, bir növ, sosial sifarişə çevrilməlidir ki, qanunsuzluğa qanuni libas geyindirilsin. Media amilindən, məhz buna görə geniş “istifadə edilir”.Bir aya yaxındır dünyanın bəzi media orqanları erməni şablonlarını təkrarlayır – Qarabağda 120 min erməni blokadadadır, xəstəxanalarda ağır xəstələr var, 30 min uşaq əziyyət çəkir... Məsələni sorğulamaq, reallığı öyrənmək, demək olar ki, yada düşmür. Eləcə də Laçın–Xankəndi yolundakı aksiyanın erməni separatizminin bölgədə törətdiyi ekoloji fəlakətə qarşı yönəldiyini, yolun humanitar yüklər üçün açıqlığını gündəmə gətirən beynəlxalq media qurumları çox azdır. Nəticədə, anti-Azərbaycan təmayüllü informasiya seli yaradılır. Buna informasiya psixozu da demək mümkündür və bu, ona hesablanıb ki, beynəlxalq ictimaiyyətdə, dünyanın ayrı-ayrı ölkələrinin cəmiyyətlərində Azərbaycanı cəzalandırmaq üçün güclü çağırış olsun. Bu yerdə 44 günlük müharibə dövrünü yada salaq. Xüsusən, müharibənin ilk günlərini. O zaman da Ermənistan və dünya erməniliyi elə görüntü yaradırdı ki, sanki, Azərbaycan öz torpaqlarını işğaldan qurtarmaq deyil, Ermənistan ərazisinə qəsb üçün müharibə aparır. Bu istiqamətdə informasiya dalğası var idi ki, belə yanaşma dünya birliyini Bakını müharibəni dayandırmağa məcbur etmək üçün hərəkətə gətirməyə hesablanmışdı. Kosmopolit və ikili standartlara “sadiq” dünyanın qeyri-müəyyənlik şəraitində ucuz populizmin təsirinə düşməsi, ədalətsizliyə bəraət qazandırması reallığını da nəzərə almalıyıq. O vaxt Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin informasiya cəbhəsində, demək olar, təkbaşına mübarizə apardı. Dövlətimizin başçısı 44 gündə dünyanın otuzdan çox kütləvi informasiya vasitəsinin Azərbaycanla bağlı yaratdığı selin qarşısını kəsərək durdurdu, onların anti-Azərbaycan təbliğatına tutarlı zərbə endirdi. Ölkə rəhbərinin sayəsində dünya ictimaiyyəti Qarabağ məsələsi ilə bağlı əsl həqiqətlərdən agah oldu. Ən əsas məqamlardan biri də bu idi ki, Azərbaycan Prezidenti, müsahibələrdə ona Ermənistanın propaqanda alətinin “məhsulları” kimi irəli sürülmüş sualları məharətlə faş etdi. Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə də Ermənistanın Laçın–Xankəndi yolundakı aksiya səbəbindən ortaya atdığı anti-Azərbaycan ritorikasına son dərəcə ağır zərbə vurdu. Əvvəla, əsl həqiqətləri, kifayət qədər səlis əsaslandırılmış tonda diqqətə çatdırdı, digər tərəfdən, erməni yalanlarını ifşa etdi, habelə, ölkəmizin Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı prinsipial mövqeyini bir daha açıqladı. Ən əsası isə beynəlxalq ictimaiyyət dövlətimizin başçısının şəxsi intellekti, dünyagörüşü ilə Azərbaycanın böyüklüyünü, ucalığını yenidən gördü. Təbii ki, beynəlxalq ictimaiyyətin İlham Əliyevin baxış bucağının nəhəngliyi ilə Azərbaycanla Ermənistanı müqayisə etmək imkanı da yarandı, gözlər önündə hərtərəfli səviyyə fərqi canlandı.Bəli, Azərbaycan Prezidenti Davosda ölkəmizin dünya üçün əhəmiyyətini son dərəcə dəqiq şəkildə, dolğun məzmunda izah etdi. Dövlətimizin başçısının Cənubi Qafqaz siyasi akvatoriyasında Azərbaycan amilinin bölgənin hərəkətverici qüvvəsi kimi göstərməsi, mövcud xüsusda, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu qabartması müstəsna dərəcədə əhəmiyyətli idi. Sonda ümumiləşdirmə apararaq bildirək ki, Prezident İlham Əliyev özünün səriştəsi və bacarığı ilə Davos Forumunu erməni iddialarının həqiqətə uyğun olmadığının təsdiq platformasına çevirdi. Ən əsası, Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayı gündən-günə artmaqdadır. Forumda dövlətimizin başçısı ilə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya, onların iqtisadi və siyasi gücləri bunun bariz təzahürüdür. Bu siyasət isə özlüyündə Ermənistanın təcridi deməkdir.

Nigar Səfxanova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçbulaq kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər