Siyasət

  • 2 392

Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən milli bayram - ŞƏRH

image

Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramlarından biridir. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş özünə xas bayramları vardır. Xalqımızın milli - mənəvi dəyərləri fonunda Novruz bayramının özünəməxsus yeri vardır. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bir bayramdır.

Təbiətin, torpağın, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də yeni ilin, yeni günün - Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inanclarına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Sovet dövrünün ilk onilliklərində Novruz bayramının keçirilməsinə müəyyən qadağalar qoyulmuşdu. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da münasibət rəsmi səviyyədə dəyişdi. Ulu Öndər ölkəyə rəhbərliyinin ilk günlərindən başlayaraq, hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı.

Doğrudur, Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin, məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz, Ulu Öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar.

Təsüdüfi deyil ki, Ümummilli Liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bəli Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu arzusu da 2020-ci ildə gerçəkləşdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli - mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına bütün sahələr üzrə əldə edilmiş nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandır.

Sevda Məmmədova

YAP Qazax rayon təşkilatının fəalı

Digər xəbərlər