Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunan, yenidən qurulan ərazilərə köçlər davam edir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılayır. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. İnsanların doğma yerlərdən səsləri eşidilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Ağdam və Xocalıda da da abadlıq-quruculuq meydanına çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
650-DƏN ARTIQ DAİMİ İŞ YERİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tabaterra" MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
PARKDA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSSİSƏLƏRİN SAYI 10-A ÇATIB
Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.
Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb. Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. "Tabaterra" MMC öz məhsulları ilə yanaşı, "British American Tobacco", "Japan Tobacco International" və "Imperial Brands" şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda "Tabaterra" MMC həm yerli, həm də "British American Tobacco" və "Japan Tobacco International" şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.
Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün "Ağdam Residence" yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.
Keçən ilin nəticələrinə görə, "Tabaterra" MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.
Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş "Tabaterra Leaf" MMC 2021-ci ildə "Azərtütün" ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. "Tabaterra Leaf" MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. "Tabaterra Leaf" MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. "Tabaterra" MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.
MÜASİR, İNNOVASİYALARA ƏSASLANAN TƏHSİL OCAQLARI
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır.
Dövlət başçımız Ağdama səfəri çərçivəsində 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar.
Məktəbin binası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Bu binanın da inşası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb. Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar. Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.
TARİXİ MƏSCİD BƏRPADAN SONRA
Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Dini ocaqlarımız işğaldan azad olunmuş torpaqlarımızda da bərpa təmir olunur. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, eləcə də Saatlı məscidinin açılışı dini abidələrimizə Heydər Əliyev Fondu tərəfindən ayrılan diqqətdir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
XOCALIDA YENİ HƏYAT
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir. Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir.
Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.
Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib.
28 AİLƏ - 125 NƏFƏR YAŞAMAQ ÜÇÜN KƏNDƏ QAYIDIB
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
SƏNAYELƏŞMƏ SİYASƏTİ SİSTEMLİ VƏ ARDICIL ŞƏKİLDƏ APARILIR
Xocalı kərpic zavodunun açılışı da görülən işlərin davamıdır. Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən "Xocalı" gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılıması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.
XANYURDUDA 2026-CI İLDƏ 93 FƏRDİ EV TƏMİR VƏ BƏRPA OLUNACAQ
Prezident İlham Əliyev eyni zamanda, Xocalıya səfəri çərçıvəsində Xanyurdu kəndində olub. Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq".
Zümrüd BAYRAMOVA