Siyasət

  • 1 719

Tarixi unutmamalıyıq

image

“31 mart – Azərbaycanlıların Soyqırımı günü tariximiz üçün daha bir faciəli günlərdəndir. Erməni millətçilərinin törədiyi bu vəhşilik nəticəsində dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmiş, soydaşlarımız tarixin ən qəddar işgəncələrinə məruz qalmışdır. Bu tarixi isə heç vaxt unutmaq olmaz”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Vüqar İskəndərov qeyd edib ki, gələcək nəsillər də bilməlidir ki, xalqımız necə mənfur qonşularla həmsərhəddir: “Çünki Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımlardan ən dəhşətlisi də elə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirməklə yanaşı, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Bu azmış kimi erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.”
“Bu faciənin dəhşətini yaşayanlar arasında Quba sakinləri də olmuşdur. Faktlar onu göstərir ki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Bütün bunlar insanlığa sığmayan bir qəddarlıqdır. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib və buna görə də “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdu. Əlbəttə araşdırmalar bu gün də davam edir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalaması məsələnin aktuallığını bu gün də qoruyur. Tariximizi unutmamaq, bizə olan pislikləri məlumat olaraq gələcək nəsillərə ötürmək üçün başımıza gələn bu faciələri yaddaşımıza həkk etməliyik”.-deyə, Vüqar İskəndərov bildirib.

Digər xəbərlər