PDF Oxu

Siyasət

  • 1 725

Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələri genişlənməkdədir - ŞƏRH

Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələri genişlənməkdədir - ŞƏRH

Məlum olduğu kimi, Vyetnam xalqının XX əsrdə apardığı müstəqillik mübarizəsi, xüsusilə 1945-1975-ci illərdə baş verən siyasi və hərbi proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqla yanaşı, dünyanın bir çox azadlıqsevər xalqları üçün də həmrəyliyin, antikolonial ruhun rəmzinə çevrilmişdir. Bu mübarizənin fonunda Azərbaycanın Sovetlər Birliyinin tərkibində olmasına baxmayaraq, Vyetnam xalqına göstərdiyi həm mənəvi, həm də praktiki dəstək zamanın ideoloji məkanında özünəməxsus yer tutmuş və iki xalq arasında dərin təməl üzərində qurulan dostluğun bünövrəsini yaratmışdır. Vyetnamın XIX əsrin ortalarından XX əsrin ortalarına qədərki tarixi bütövlükdə bir millətin yadelli işğalına qarşı dönməz iradəsinin və milli qürurunun dastanıdır. Fransız kolonializmi ilə üz-üzə qalan cənub-şərqi Asiya ölkəsi yalnız fiziki işğala deyil, həm də mədəni assimilyasiyaya, iqtisadi istismara və sosial haqsızlığa qarşı ayağa qalxaraq öz tarixini qanla yazmışdır.

Qeyd etmək lazımdır ki, Fransa tərəfindən 1858-ci ildə başlanan işğal siyasəti 1887-ci ildə "Fransız Hindçini"nin yaradılması ilə nəticələndi. Bu yeni idarəçilik formasında Vyetnam, Laos və Kamboca kolonial birlik kimi Parisin mərkəzi hakimiyyətinə tabe edildi. Vyetnamın milli sərvətləri və təbii ehtiyatları xaricə daşındı, xalq isə ağır vergilərlə, zorakı əmək rejimləri ilə üzləşdi. Fransa kolonializmi iqtisadi istismarla Vyetnam xalqının mədəni kimliyini və milli şüurunu məhv etmək üçün geniş miqyas aldı. XIX əsrin sonlarından başlayaraq ölkədə yerli üsyanlar, maarifçi hərəkatlar, gizli milli cəmiyyətlər yaranmağa başladı. XX əsrin əvvəllərində Ho Şi Min Vyetnamın milli azadlıq mübarizəsini təşkilatlandırdı və beynəlxalq müstəviyə çıxardı. 1941-ci ildə yaradılmış Vyetminh (Vyetnamın müstəqilliyi uğrunda Liqa) təşkilatı həm Fransa kolonializminə, həm də sonrakı illərdə yapon işğalına qarşı əsas müqavimət qüvvəsinə çevrildi. 1945-ci ildə Vyetnamın görkəmli lideri Ho Şi Min tərəfindən Vyetnam Demokratik Respublikasının müstəqilliyinin elan olunması Fransa kolonializminə qarşı başlanmış milli azadlıq hərəkatının mühüm mərhələsi idi. Həmin dövrdən etibarən Vyetnam Fransa, daha sonra ABŞ kimi güclü dövlətlərin hərbi və siyasi təzyiqləri ilə üz-üzə qaldı. Lakin ölkə beynəlxalq sosialist həmrəyliyi və xüsusilə SSRİ-nin dəstəyi ilə müstəqilliyini qoruyub saxladı. Vyetnam xalqının əzmini simvolizə edən ən mühüm tarixi məqam isə 1954-cü ildə baş verən "Dien Bien Phu" döyüşü oldu. Fransanın məğlubiyyəti imperiya quruculuğu dövrünün sonunun gəldiyini göstərdi və nəticədə Cenevrə razılaşmaları əsasında Vyetnamın müstəqil inkişaf yolu üçün hüquqi zəmin yarandı. Fransız kolonializmi Vyetnamda o qədər dərin izlər qoymuşdu ki, onun iztirab dolu mirası bu gün də xalqın yaddaşından silinməyib. Hanoyda fəaliyyət göstərən və Fransa dövrünün işgəncə metodlarını sənədlərlə nümayiş etdirən Hoa Lo muzeyi unudulmaz tarixin şahididir. Muzeydə sərgilənən eksponatlar insanlığa qarşı törədilən haqsızlıqların unudulmaması üçün bir çağırışdır.

1950-1960-cı illərdə Vyetnam lideri Ho Şi Min SSRİ-yə bir neçə dəfə rəsmi və işgüzar səfərlər etmişdir. Tarixi mənbələrə əsasən, 1959-cu ildəki səfəri zamanı o, yalnız Moskva ilə deyil, həm də bir sıra ittifaq respublikaları ilə tanış olmuş, o cümlədən Azərbaycana gələrək Bakı şəhərində müxtəlif sənaye və mədəniyyət müəssisələrini ziyarət etmişdi. Səfər zamanı Ho Şi Minin Azərbaycan ziyalılarına yüksək rəğbətini, xalqın zəhmətsevərliyini və qonaqpərvərliyini vurğuladı. Azərbaycanın Vyetnama verdiyi dəstək yalnız ideoloji müstəvidə qalmadı, həmçinin texniki, humanitar və təhsil sahələrində konkret əməkdaşlıqla müşayiət olundu. 1960-1970-ci illərdə Azərbaycan SSR-dən onlarla mühəndis, texniki mütəxəssis, həkim və müəllim Vyetnama ezam edilərək ölkənin müharibədən zərər görmüş bölgələrində fəaliyyət göstərmiş, təhsil və səhiyyə sistemlərinin bərpasında iştirak etmişdilər. Bu dövrdə Bakıda təhsil alan vyetnamlı gənclər sonradan ölkələrində mühüm dövlət və elmi vəzifələrə yiyələnmişlər. Beləliklə, Azərbaycanın həm bilik, həm də ixtisaslı kadrlar baxımından verdiyi töhfə Vyetnamda yüksək qiymətləndirilmiş və bu əməkdaşlıq iki ölkə arasında güclü etimad mühiti yaratmışdır. Münasibətlərin siyasi təzahürü isə 1983-cü ilin mart ayında özünü büruzə verdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama rəsmi səfər edən Heydər Əliyev Hanoyda Vyetnam Kommunist Partiyasının rəhbərliyi ilə keçirilən görüşlərdə ölkənin iqtisadi və infrastruktur layihələrinin bərpası məsələlərini müzakirə etmiş, SSRİ-nin, eləcə də Azərbaycanın bu sahədə rolunu daha da gücləndirməyə dair razılıqlara imza atmışdı. Bu səfər çərçivəsində enerji, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahələrində yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdi. Heydər Əliyevin səfəri sovet diplomatiyasında onun şəxsi nüfuzunun və siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilmiş, Vyetnam ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Məhz Ho Şi Minin SSRİ-yə, o cümlədən Azərbaycana etdiyi tarixi səfərlərlə təməli qoyulan dostluq bu gün beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq müstəvilərində yeni nəfəs, yeni məzmun qazanmaqdadır.

Yeri gəlmişkən, Azərbaycan ilə Vyetnam arasında beynəlxalq platformalarda əməkdaşlığın ən önəmli sütunlarından biri Qoşulmama Hərəkatıdır. Hər iki dövlət, müstəqil və bərabərhüquqlu dünya nizamının müdafiəçisi olaraq təşkilatın sıralarında çiyin-çiyinə dayanır. Azərbaycanın 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərdə Vyetnamın aktiv iştirakı ikitərəfli münasibətlərin həmrəyliyə əsaslanan beynəlxalq xarakterini bir daha nümayiş etdirdi. Xüsusilə pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə keçirilən fövqəladə zirvə görüşündə Hanoyun sərgilədiyi mövqe, qlobal çağırışlara ortaq cavabların verilməsi baxımından strateji əhəmiyyət daşıyırdı. Qoşulmama Hərəkatı ilə yanaşı, Asiya üzrə əməkdaşlıq mexanizmləri, o cümlədən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP), Asiya Parlament Assambleyası (APA) və BMT-nin iqlim, inkişaf və humanitar təşəbbüsləri kimi qurumlar da Azərbaycan-Vyetnam əməkdaşlığının genişlənməsi üçün əlverişli tribunalardır. Məsələn, iqlim dəyişmələri ilə mübarizə, ekoloji dayanıqlılıq və enerji keçidi sahəsində Vyetnam və Azərbaycanın mövqeləri bir-birinə yaxın və tamamlayıcı xarakter daşıyır. Azərbaycanın "yaşıl enerji" layihələri və Vyetnamın bərpaolunan enerji sahəsindəki təcrübəsi bu sahədə ikitərəfli və çoxtərəfli layihələrin əsasını qoya bilər. Eyni zamanda Azərbaycan ilə Vyetnam arasında BMT çərçivəsində də əməkdaşlıq dinamik xarakter alır. Azərbaycanın 2023-cü ildə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi və Vyetnamın BMT-nin inkişaf məsələlərində fəal tərəfdaş olması, hər iki ölkənin qlobal inkişaf gündəliyinə töhfəsini artırmaq üçün yeni imkanlar yaradır. Bu platformalarda sülh, inkişaf və ədalət prinsiplərinin müdafiəsində tərəflər ortaq mövqedən çıxış edirlər. Azərbaycanın 2024-2026-cı illər üzrə AQEM-ə sədrliyi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sədr ölkə kimi Azərbaycan Asiyada sabitliyin, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edir. Vyetnam isə bu prosesdə Azərbaycanın irəli sürdüyü ideyaları dəstəkləyən, regional çoxtərəfli dialoqun vacibliyini vurğulayan ölkələrdən biridir. AQEM çərçivəsində hər iki ölkə həmrəylik, gələcəyə yönələn strateji baxışları ilə bir-birini tamamlayan tərəfdaşlara çevrilmişdir. Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olan "çoxqütblü və daha ədalətli beynəlxalq sistemə keçid" ideyası Vyetnamın uzun illər ərzində müdafiə etdiyi prinsipial mövqelərlə üst-üstə düşür. Müasir geoiqtisadi reallıqlar fonunda Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın yeni mərhələsi qarşılıqlı maraqlara söykənən nəqliyyat-logistika sahəsində geniş imkanlar vəd edir. Qlobal ticarət yollarının yenidən formalaşdığı bir dövrdə Vyetnam Cənub-Şərqi Asiyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi kimi beynəlxalq dəhlizlərə inteqrasiya prosesini sürətləndirir. Bu baxımdan Vyetnamın həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat arteriyalarına çıxış imkanı əldə etmək niyyəti Azərbaycanla logistik tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Vyetnam Hind okeanı vasitəsilə yük axınlarını İran üzərindən Azərbaycan və Rusiya istiqamətinə, buradan isə Avropaya çatdırmaqda maraqlıdır. Bu marşrut Cənub-Qərb nəqliyyat dəhlizi çərçivəsində strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, Şərq-Qərb dəhlizi üzrə Vyetnam - Çin - Qazaxıstan - Azərbaycan - Avropa marşrutu ilə yüklərin daşınması Vyetnam üçün həm tranzit müddətini qısaldır, həm də beynəlxalq bazarlara çıxışı asanlaşdırır. Bu modeldə Azərbaycanın nəqliyyat infrastrukturunun - Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələrin xüsusi rolu var. Eyni zamanda Azərbaycanın logistik imkanları ilə yanaşı, onun sabit siyasi mühiti və etibarlı tərəfdaş imici də Vyetnam kimi uzaq region ölkələri üçün cəlbedici faktora çevrilmişdir. Bu gün iki ölkə arasında nəqliyyat sahəsində strateji əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də Avrasiya məkanında çoxtərəfli inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq dəhlizlər vasitəsilə Vyetnamın Avrasiya bazarlarına çıxışı regional iqtisadi harmoniyanı gücləndirə bilər. Müasir dövrdə Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2018-ci ildə Fond tərəfindən bu ölkənin Ha Giang əyalətində ibtidai məktəb binasının inşa olunması, habelə həyata keçirilən digər layihələr iki dövlətin dostluğunu daha da möhkəmləndirib.

Tarixin müxtəlif dönəmlərində çətin sınaqlardan keçmiş və azadlıq uğrunda mübarizəni öz milli kimliyinin ayrılmaz hissəsinə çevirmiş Azərbaycan və Vyetnam xalqları arasında bu gün də qarşılıqlı etimad və dəyərlər əsasında yeni əməkdaşlıq üfüqləri açılır. Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti seçilmiş To Lam ilə məhdud tərkibdə keçirdiyi görüş iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun inkişafını və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da dərinləşdirilməkdə olduğunu göstərir. Səfər zamanı bir sıra mühüm sənədlərin imzalanması bu əməkdaşlığın institusional bazasının gücləndirilməsinə xidmət edir. İmzalanan sənədlər arasında siyasi məsləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, mədəniyyət və təhsil sahələrində birgə layihələrin icrası, habelə nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsi kimi mühüm istiqamətlər yer alır. Bu sənədlər vasitəsilə Vyetnam Azərbaycanın logistika imkanlarından, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə Avrasiya bazarlarına çıxış əldə etməkdə maraqlı olduğunu rəsmi şəkildə təsdiqləyir. Görüş çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi vurğulamaq lazımdır. Birgə Bəyanatda regional və beynəlxalq məsələlərdə bir-birinin maraqlarına hörmət göstərərək hər iki tərəfin müvafiq sahələrdə bir-birinə qarşılıqlı dəstək verməsi barədə mühüm qərarlar qəbul edildi. Bu sənədin imzalanması iki ölkə arasında əlaqələrin və strateji tərəfdaşlığın möhkəmlənməsi istiqamətində atılan əsas addımlardandır. Ən əsası, iki ölkənin dostluq əlaqələri gələcəyin qarşılıqlı strateji maraqları ilə daha da genişlənməkdədir.

Eşqin Ocaqverdiyev,

YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının sədri

Digər xəbərlər