Siyasət

  • 3 070

"Dəmir yumruq", güclü iradə, dəqiq hədəf – Qarabağa Böyük quruculuqla

image

PREZİDENT İLHAM ƏLİYEV: "Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir,10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir"

Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndərin, xalqımızın, dünya azərbaycanlıların ən ümdə arzusu həyata keçmişdir. Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq. Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirdi kibütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: "On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir".

Bəli, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımıx cənnətə çevrilir.

BÖYÜK DÖVLƏTLƏRİN BİR NEÇƏ İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİKLƏRİ İŞLƏRİ AZƏRBAYCAN CƏMİ 2 İLDƏ REALLAŞDIRIB

Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Prezident İlham Əliyev cənablarının noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı da bir daha deyilənlərin təsdiqidir. Sərəncamda göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, proqramın prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənəddə, ilk növbədə, bütövlükdə Şərqi Zəngəzur və Qarabağın təhlükəsiz bir zonaya çevrilməsi hədəflənir ki, bu, həm də ciddi geosiyasi hadisə hesab olunmalıdır.

BÜTÜN BU QURUCULUQ İŞLƏRİNİN TƏMƏLİNDƏ AZƏRBAYCAN XALQININ MARAQLARI DAYANIR

Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: "Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək".

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin və bütün Azərbaycan xalqının inamını etibarını qazanaraq son 20 illik prezidentlik fəaliyyəti müddətində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”,-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən iki il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

Bəli, qələbəmizdən iki il keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: "Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək".

ŞUŞADAN XALQA HESABAT – “TAPŞIRIQ YERİNƏ YETİRİLDİ. MƏRUZƏ EDİR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV!"

Şuşada Prezident İlham Əliyevin xalqa fonunda bir daha bəlli oldu ki, 44 günlük müharibə və Qələbə Zəfəri ulu öndər Heydər Əliyevin, eləcə də xalqımızın əsas arzusunun yerinə yetirməlisidir.

Bəli, bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz",-deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Bu gün - 30 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

Bütün bunlara nail omaq isə daim xalqın son ümidi olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və ölkənin hərtərəfli inkişaf siyasətinin uğurla davam etdirilməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbənin əldə edilməsində başlıca rol oynadı. Və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə düşməni məhv etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu.
Xalqa müraciətində Prezident İlham Əliyev bildirmişdir bu xüsusda qeyd edir: "Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər Xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində genişmiqyaslı işlər görülür. Dövlətimizin başçısı İlham Əliyev ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində də xüsusi qeyd etdi ki, bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".

Bir sözlə, Mzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində dediyi kimi: "Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər