Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, turizm insanların səyəhatlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından əhəmiyyət kəsb edən bir sahədir. Bütün bunlarla yanaşı, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları və meşələri turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın dünya ölkələrinə tanıdılması baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmi sistemli şəkildə inkişaf etdirilir. Azərbaycana gələn hər kəs ölkəmizin tarixini, coğrafi mövqeyini görür. Avropa və Asiya qovşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. Əlbəttə ki, Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət proqramlarının icrasının məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsində yeni bir mərhələyə qədəm qoymuşdur. Və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan göstərir. Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etdirilməsi ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu gösətrir.
Xüsusi olaraq vurğulayaq ki, turizm ölkəmizin iqtisadi inkişafında böyük perspektivlər açmasına da real zəmin yaradır. Bu məsələyə kompleks şəkildə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, ölkəmizdə turizm sənayesi həm daxili, həm də xarici qonaqları qəbul etmək üçün ildən-ilə inkişaf edir. Qeyd edək ki, turizm iqtisadiyyatımızın əlverişli hissəsi olmaqla xırda və orta sahibkarlıq üçün də möhkəm baza yaradır, rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturun formalaşdırılması üçün əlverişli şərait yaranır. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Proqramının və yoxsulluğun aradan qaldırılması Proqramının əsas müddəalarına cavab verir.
Azərbaycanın belə gözəl məkanları sırasında Qəbələnin öz yeri və payı var. Bu diyarın təbiəti, uca dağları, yaşıl meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, mənzərəli yerləri həqiqətən də istirahət üçün ən əlverişli məkanlar sırasındadır. Nadir təbii iqlim şəraiti, mineral bulaqları, tarixi İpək Yolunun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ tarixi və müasirliyi özündə birləşdirir. Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümumilli Lider Heydər Əliyev Qəbələni "Azərbaycanın İsveçirəsi" adlandırıb. Qəbələnin təbii sərvətləri sistemində onun mineral suları sırasında olan - mineral bulağı olan Qəmərvan kəndindən 5 km şimalda, Bum çayı dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal-mineral sudur. Bulaq kükürdlü və dəmirli birləşmələrlə zəngindir. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada məşhur olan Kuldur mineral suyu ilə analoq təşkil edir. Xatırladaq ki, Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları və Talış dağlarını da qeyd etməliyik. Hər bir yer haqqında maraqlı məlumatların bölüşdürüldüyü məqalə latış turistləri üçün çox maraqlı ola bilər.
QAFQAZ MEŞƏLƏRİNİN AYRILMAZ TƏRKİB HİSSƏSİ
Bitki örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsünkarlığı, əl-əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Gur yağan leysan yağışlar, isti hava şəraiti bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəbdir. Qəbələnin dağ və düzən meşələri endemik və relikt bitkilərlə, meyvə və giləmeyvə ağac və kol bitkiləri ilə zəngindir. Azərbaycan təbiətinin yeganə təbii abidəsi olan rayonun Həmzəlli kəndindəki Qaracöhrə ağaclarının (yaşı 250-300 ildən çox) əmələ gətirdiyi sıx meşəlik nəinki ölkəmizin, eləcə də, onun hüdudlarından çox-çox uzaqlarda yaşayan alim və tədqiqatçının diqqətini özünə cəlb etmişdir. Burada qarağat, yasəmən, çaytikanı, şabalıd və cökə çiçəkləri, yaylaqlarda, çəmən və düzlərdə yayılmış kəkotu, qaraqınıq, sarıçöp, astraqal, baldırqan təbii şəkildə yayılan qızılgül və s. çiçəkli ot bitkiləri arıçılığın inkişafı və xalq təbabəti üçün geniş imkanlar yardır.
1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitkiləri, eləcə də nəsli kəsilmək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanlar mühafizə olunur.
Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bu tarixi abidələr Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. Bu füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Şanlı keçmişə malik və yüz illər boyu Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar. Buranın hər bir daşından əsrlərin səsi eşidilir. Təbii ki, bu məkanda tarix və mədəniyyət abidələrinin say baxımdan çox olması turistlərin axınında önəmli rol oynayır. Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədi, Bum kəndində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Şəfili kəndində XVII əsrə aid məqbərə, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba piri, Komrad dağının zirvəsindəki Komrad piri, Nic kəndində Hacı Qərib məscidi və s. xarici turistlərin Qəbələyə səfəri zamanı ən çox ziyarət edilən yerlərdir. Bu tarixi məkanların adını vurğulayarkən, Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olduğunu da qeyd etməliyik. Mənbələrdə göstərilir ki, bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib.
NƏHƏNG İSTİRAHƏT MƏKANI
Müasirliyi ilə tarixi özündə birləşdirən Qəbələdəki müasir tikililər ona başqa bir görkəm verib. Xüsusilə də turistlərin müasir standarlara cavab verən məkanlarda istirahəti üçün tikilən otellər diqqəti cəlb edir. Bu turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunub. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri hər bir turisti maraqlandırır. Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. "Qafqaz Resort" Hoteli öz cazibədar təbiəti, Şərqə məxsus qonaqpərvərliyi ilə regionun ən üstünlük verilən otellərindən biridir. Prezident İlham Əliyev tərəfindən rəsmi açılışı olan otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. "Qafqaz Riverside" Hoteli Qəbələnin dəmiraparan çayının sahilində yerləşir. Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən "Qafqaz Sport", "Qafqaz Karvansaray" və s. bu kimi otellərdə turistlərin istirahəti üçün hər bir şərait mövcuddur.
Turizm məkanlarından söz açarkən əlbəttə ki, "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin qeyd etməmək mümkün deyildi. Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addımlardan Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlər yaradılıb. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir. Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qəbələyə səfər edə bilirlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkan qışda da turistləri ən gözəl istirahət mərkəzinə çevrilib.
Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin də kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələri o cümlədən Qəbələ sürətlə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır.
ŞƏFQƏTƏ VƏ BARIŞA ÇAĞIRIŞ
Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Artıq ənənə halını almış və hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Festivalda səsləndirilən klassik musiqiləri canlı dinləmək üçün yüzlərlə yerli və xarici musiqi həvəskarları Qəbələyə təşrif buyururlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Rayonda turizmin inkişaf dinamikası yüksələn templə davam edir.
Qəbələ həm də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn turistlər multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözləriylə görürlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Cənab Prezidentin Sərəncamı ilə 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırış oldu. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Fərqli dinin, fərqli etnosun yaşadığı Qəbələ rayonunun Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən, Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar. Nic qəsəbəsindəki Alban-Udi xristian kilsəsi bura gələn xarici turistləri təccübləndirməyə bilməz. Kilsədə səslənən arqan musiqi insanları riqqətə gətirir. Qeyd edək ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Çotari" Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, 2006-cı ildə dindarların istifadəsinə verilmişdir. Bu gün Qəbələdə udi xalq rəqslərinin sədaları altında keçirilən toy-düyün, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittifaq əsl tolerant mühitin ölkəmizdə olduğunun bir göstəricisidir. Dünyanın belə bir çətin zamanında yaşamağımıza baxmayaraq, Azərbaycanda multikulturalizm yaşayır. Əbəs yerə deyilmir ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır. Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti və müasir istirahət mərkəzləri turistləri heyran edir. Bu gün Azərbaycan dünyada sabitlik adası olaraq tanınır. Təbii ki, ölkənin inkişafında bu sabitlik mühüm rol oynayır. Sabitlik adası kimi tanınan Azərbaycanda dövlətin turizmə diqqət və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır.
Nəzakət ƏLƏDDİNQIZI