PDF Oxu

Siyasət

  • 17 338

Şəhər günü-QÜRUR günü... TƏHLİL

image

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Bəli, biz illər, əsrlər sonra da bu şanlı Zəfərin qürurunu yaşayacağıq. Bu qüruru ərazilərimizin işğaldan azad olunduğu tarixlərlə qeyd etməyimiz isə bizim haqqımızdır. Çünki 30 ildə həmin o torpaqların, o şəhərlərin işğalından yetərincə bəhs etmişik, kədərlənib-hiddətlənmişik, ağlayıb-sızlamışıq, köks ötürmüşük. İndi isə o şəhərlərin sevincini yaşamalı, bu şanlı tarixi günləri tariximizin ön səhifələrinə yazmalıyıq.

26 avqust – Laçın şəhəri günü

Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

2020-ci ilin həmin gününü- dekabr ayının 1-ni qürurla xatırlayırıq. Dövlətimizin başçısı yenə xalqa müraciət edirdi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Müraciətdə daha sonra deyilirdi: Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.

Budur, artıq 26 avqust bundan sonrakı tariximizdə Laçın şəhəri günü kimi qeyd olunacaq. Həmin gün Laçından-onun dünənindən, bu günündən qürurla yazacağıq.

4 oktyabr – Cəbrayıl şəhəri günü

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş, yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuş, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Cəbrayılın sentyabrın 27-də Böyük Mərcanlı, Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, 4-də Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal, 5-də Şıxəli Ağalı, Sarıcalı, Məzrə, 9-da Qaracallı, Süleymanlı, Əfəndilər, 15-də Doşulu, 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri və əhəmiyyətli yüksəklikləri, mövqeləri, bu ərazilərin fonunda isə Xudafərin işğaldan azad edildi.

Oktyabrın 18-də-Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.

Bu ildən etibarən 4 oktyabrı Cəbrayıl şəhəri günü kimi qeyd edəcəyik. Cəbrayılın işğalından, azadlığından, bugünkü inkişafından, yaxın gələcəkdə isə əhalisinə qovuşmasından söhbət açacağıq.

17 oktyabr – Füzuli şəhəri günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi.

Müraciətdə daha sonra deyilirdi: Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir.

Bəli, dövlətimizin başçısının dediyi kimi də oldu. Biz düşməni torpaqlarımızdan qovduq. Qarabağı 30 illik işgəncədən qurtardıq. Budur, azad şəhərlərimizi tarixin səhifələrinə həkk edirik. Bundan sonra hər il oktyabr ayının 17-ni Füzuli şəhəri günü kimi qeyd edib, Zəfərimizin qürurunu yaşayacağıq.

20 oktyabr – Zəngilan şəhəri günü

2020-ci il oktyabr ayının 20-si bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir. 27 illik həsrətin vüsal günüdür. Həmin gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olunub. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bütöv Azərbaycan qədər haqq edən Ali Baş Komandanımızdır. Cənab İlham Əliyevdən tarixə yazılan yeni şad xəbər: İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Bu gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Müraciətdə deyilirdi: Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.

Budur, 20 oktyabrı bu ildən etibarən Zəngilan şəhəri günü kimi qeyd edəcəyik. Qeyd etdikcə də Zəngilanın dünənini xatırlayacaq, bu günü ilə qürur duyacağıq.

25 oktyabr – Qubadlı şəhəri günü

2020-ci ilin oktyabr ayının 25-i yeni Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad edilən ərazilərimizin xoş müjdəsi ilə bitdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Budur, tariximizin səhifələrinə yeni bir əlamətdar gün daxil oldu-Qubadlı şəhəri günü. Hər il təqvimin həmin gününü qürurla qeyd edəcək, erməni əsarətindən xilas edilən yurd yerimizin tarixini yada salacaq və gələcək nəsillərə bu barədə danışmaqla qürur tariximizi yaşadacağıq.

8 noyabr – Şuşa şəhəri günü

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bəli, 28 il əvvəlki 8 mayın üzərindən 28 il sonrakı 8 noyabr xətt çəkdi. Şuşa əbədiyyən Azərbaycana-öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Hər il noyabr ayının 8-ni isə Qarabağın baş tacı Şuşa şəhəri günü kimi qeyd etməklə böyük bir tarixi yaşatmış, nəsillərdən-nəsillərə ərməğan etmiş olacağıq.

20 noyabr – Ağdam şəhəri günü

44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

Müraciətdə deyilirdi: Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

Hər il 20 noyabrını Ağdam şəhəri günü kimi qeyd etməklə bu tarixi qələbəni yaşadacaq, ağdamlıların ağ gününü dünyaya yayacağıq.

25 noyabr – Kəlbəcər şəhəri günü

Kəlbəcər. Bu qədim yurd yerimizin işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, əsilzadəliyi, insanpərvərliyi ilə qaldı. Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavabdır. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev: -Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.

25 noyabr Kəlbəcər şəhəri günüdür. Həmin tarix bundan sonra əsrlər boyu bu qədim yurd yerinin tarixindən söhbət açacaq, nankor qonşumuz ermənilərin pis xislətinin əzəli ata-baba torpağımıza vurduğu ziyanı diqqətlərə yenidən çatdıracaq və tarixi qələbəmizlə qürur duyacağıq.

Biz Qarabağa və Şərqi Zəngəzura qayıdırıq

Sərəncamda o da qeyd olunur ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir. Bu səhifələri bizə bəxş edən dövlətimizin başçısına, milli ordumuzun zabit və əsgərlərinə, torpaqlarımız uğrunda canından keçən şəhidlərə və sağlamlığını itirən qazilərə minnətdarıq. Təqvimə salınan bu yeni günlər gələcək nəsillərin tariximizi dərindən öyrənməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Eyni zamanda yaşanan və yaşadılacaq tarixdir.

Mətanət Məmmədova

Digər xəbərlər