PREZİDENT İLHAM ƏLİYEV: "Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır"
2020-ci ildə 44 günlük müharibədə əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir, artıq sakinlər doğma yurd-yuvalarına köçürülür. Artıq Laçına da köç başlayıb. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
"BÖYÜK QAYIDIŞ PROQRAMININ BİRİNCİ MƏRHƏLƏSİNDƏ 100 YAŞAYIŞ MƏNTƏQƏSİNİN YENİDƏN QURULMASI NƏZƏRDƏ TUTULUR"
Bəli, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Belə ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə əsas hədəflərə toxunaraq bildirib ki, büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik.
Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasının təmin edildiyini söyləyən dövlətimizin başçısı deyib: “İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.
"LAÇIN ŞƏHƏRİNİN GƏLƏCƏK İNKİŞAF PLANI İLƏ BAĞLI ƏLAVƏ ADDIMLAR ATILACAQ"
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımların atılacağını da vurğulayıb: "Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır".
"Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik", - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəli, dövlət başçımızın söylədiyi kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir. 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib.
Prezident İlham Əliyev laçınlılarla görüşündə bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.
"BU İLİN SONUNA QƏDƏR QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA TƏQRİBƏN 12 MİLYARD MANATA QƏDƏR VƏSAİTİN XƏRCLƏNMƏSİ TƏMİN EDİLƏCƏKDİR"
Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi.
Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətin artırılması qarşıda duran iki əsas vəzifədir: «Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.
Bəli, bu gün işğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. Çüni Azərbaycan Prezidenti ….
AZƏRBAYCAN XALQINA NƏ VƏD VERMİŞDİRSƏ ONU DA YERİNƏ YETİRİBDİR
Bəli, bu gün Azərbaycan xalqı olaraq tariximizin ən əlamətdar, möhtəşəm, qürurlu anlarını yaşayırıq. Zəfər sevinci daddıq, illərlə həsrət qaldığımız Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımız məcburi köçkünlük yükündən aza dolu. Artıq tarixi səlnamələrimizə qızıl həriflərlə həkk olunacaq daha bir möhtəşəm məqamı, dədə-baba yurdlarımıza Böyük Qayıdışı yaşayırıq. 44 günlük Vətən müharibəmizin zəfərindən iki il yarım ötməmiş, Qarabağın, Şərqi Zəngəzurun əzəli sakinləri yurdlarında yaşamağa dönürlər.
Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar Zəngilanın Ağalı kəndinin sakinləri oldu. Prezident İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və ən əsası isə AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI….
ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil etdiyi vurğulandı. Bir sözlə, bu gün qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. Şəhərləri, kəndləri yenidən qurur. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimizin bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaq.
Bəli, bu gün insanlar həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da Prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur: "Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib".
Bir sözlə, Azərbaycan Porezidenti cənab İlham Əliyevin dediyi kimi: "Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək".
Göründüyü kimi, hər hansı baxış bucağından yanaşsaq, görərik ki, “Böyük Qayıdış” inamla reallaşır, bütün işlər plan üzrə gedir və bundan sonra da bu işlər daha da genişlənəcək, işğaldan azad edilmiş ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək.
RƏFİQƏ KAMALQIZI