Siyasət

  • 2 548

LAÇIN: köçkünlüyün hər səhəri, qayıdışın ilk səhəri... OÇERK+TƏHLİL

image

28 il idi ki, onlar yurdlarından didərgin salınmışdı. Bu 28 ildə nələr olmuşdu, nələr keçmişdi, nələr yaşanmışdı... Dədə-baba yurdundan çıxarkən Laçın boyda dərdi də ürəyinə qoyub gələn neçə-neçə ağsaqqal, ağbirçəklərimiz elə bu dərdlə də dünyalarını dəyişmişdilər. Onlar Laçın həsrətinə dözə bilməmişdilər. Yaşayanlar, necə, onlara, yaşayırlar, demək olardımı? Məcburi köçkünlüyün hər üzünü görmüşdülər onlar. Köçkünlüyün ilk illərində ölkəmizdəki iqtisadi böhranla öz elində-evində yaşayanlar ağır həyat sürdükləri halda məcburi köçkünlərin necə yaşamasını düşünmək o qədər də çətin deyil. 1992-ci il deyiləndə gözlər önünə gələn çörək növbələri, ərzaq qıtlığı, tez-tez televizordan eşitdiyimiz qara xəbərlər-torpaqların işğalı, sərhədboyu rayonların ermənilər tərəfindən atəşə tutulması, bir-birinin ardınca evlərə daşınan cənazələr-şəhidlər və günlər boyu saymaqla bitməyən digər dərd-sər idi. Belə olan halda necə yaşayırdı laçınlı köçkünlər...

Ümidə və ümidsizliyə açılan səhərlər...

Hansı ki, Laçın kimi cənnətməkanda bağ-bağatlı həyətlərini, saray kimi evlərini, dolu zirzəmilərini qoyub düşmən silahı burnunda ocaqlarını tərk etmişdilər. Ocaqları söndürülmüşdü. Kim deyər ki, sönən ocaq harada isə yenidən yandırıla bilər. Kim deyər?.. Ocaq yandırılar, lakin nə istisi o doğma ocağın istisi olar, nə çırtıltısı, nə də ki, közü. Odur ki, laçınlılar köçkünlükdə həyatın bütün acılarını gördülər. Sonrakı illərdə dövlətimiz onların həyat rifahı, yaşayışı üçün hərtərəfli şərait yaratsa da, lakin onların könlündə öz ocaqları vardı. O ocağın istisinə qızınmaq, o ocağın qoxusunu almaq istəyi köçkünlük cənnət olsa da, onlar üçün puç idi. Laçınlılar bax belə yaşayırdılar: yuxularında həyətlərində gəzməklə, bağ-bağatlarında işləməklə, meyvə-tərəvəz yığmaqla, zirzəmilərə yerləşdirməklə, həyətdəki tut ağacının altında samovar çayı içməklə, axşamçağı qoyun-quyunun, mal-heyvanın mələşə-mələşə həyətə doluşması, əli vedrəli ana-nənələrin süd sağmağa yollanması ilə, ot biçini, qış tədarükü ilə, yayın ən qızmar istisində həyətlərində bunu hiss etməmələri ilə, bayramları, adət-ənənələri, toy-büsatları ilə, qəbiristanlıqlarda uyuyan əzizlərini ziyarətlə... Bunlar hər biri isə yuxu idi, bəli. Laçınlılar bütün bunları gecə səhərədək yuxularında yaşayır, hər yeni səhər isə onların gözlərini yenə də köçkünlüyə açırdı. Hər yeri səhər yeni bir ümidə və ümidsizliyə açılırdı. Hər səhər yeni bir köks ötürmə, yeni bir həyəcan, sarsıntı, göz yaşı, yurd həsrəti, ocaq acısı idi. Bax bu idi laçınlıların 28 ildə yaşadıqları. Onlar bir gün Laçına qayıtmaq üçün böyük ümidlə yaşayırdılar. Lakin tez-tez də bu ümidin yerini böyük bir ümidsizlik alırdı. Çünki illər ötürdü. O illər gəlib 28 il də olmuşdu. Onlar Laçınsız neçə-neçə əzizlərini itirmişdilər. Onların “Laçın, Laçın” deyərək həyatdan üzülüşmələrini seyr etmişdilər. Canları yanmışdı. Ata-ana, nənə-babalarının ürəklərində Laçın boyda dərdlə dünyalarını dəyişməsi onları yandırıb yaxırdı. Öz yurdunda deyil, yad yurdda torpağa tapşırılmaları onlara heç bitməyən göz yaşı verirdi.

Gəncliklərini orada qoyub gəlmişdi laçınlılar. İndi o gənclikdən əsər belə yoxdur. Yaş 50-60-dır. “Görəsən o uşaqlıq, gənclik illərinin Laçınına bir də qayıda biləcəyikmi?” deyirdi hər gün onlar. O xatirələr hopmuş Laçında yenidən o hissləri oyada biləcəkdilərmi? Qarış-qarış gəzdikləri o dağlara, o bağlara yenidən ayaqları dəyə biləcəkdimi?

Ümid və ümidsizlik... Ümid itəndə insan məhv olar. Ümid hər yeni bir gündür. Xeyr, laçınlılar ümidlərini itirmirdilər. Onlar bir gün Laçına qayıtmaq sevgisi, istəyi ilə hərdən ümidsizliyə qapılsalar da, yaşayırdılar. Onları həyatda yaşadan da elə bu ümid idi. Hər yeni səhərləri gecə yuxularından sonra ümidsizliyə açılsa da, lakin ardınca bir ümid yenə də onların içinə dolurdu. Qayıdacaqları gün hökmən olacaqdı...

Gün o gün oldu...

2020-ci ilin 44 günlük payızında işğaldan azad olunmuş torpaqlarımızın ardınca Laçın da azadlığına qovuşdu. 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın 28 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də Vətən müharibəsi başlanandan bir-birinin ardınca aldığımız qələbə xəbərləri kimi, ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Dövlətimizin başçısı müraciətində Laçınla bağlı çox mühüm məsələlərə də toxunaraq deyirdi ki, Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir: Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhliz erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir... Uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə, Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

Laçından aparan yollar... Laçına qaytaran yollar...

Hər dəfə Laçından söhbət düşəndə, 30 ilin hicranı vüsala çevrilən bu yurd yerinin abadlaşmasını, ona uzanan yolları görəndə, tikilən hava limanında yaxın gələcəkdə təyyarələrin qalxmasını, enməsini xəyal edəndə gözlərim önündə geniş bir yol canlanır. Bu yol Laçın yoludur. Bizi əzəli yurd yerimizdən, qədim ata-baba torpaqlarımızdan birinə aparan yol... Bu yollar nələrə şahid yollar idi, İlahi? Birinci Vətən Müharibəsindən ta üzü bəri bu yolların sinəsindən nələr keçib, bu yollar nələrə tab gətirib. 30 il düşmən döyənəyi, ölkəsində qərib yollar... Gözü yolda yollar... Yol olasan, yol gözləyəsən, bax dərd bu dərd idi...

Bu yollar indi hamardır, yenidir, gözəldir, genişdir, bir də ki, dərdsiz-qəmsizdir. Günəşlidir bu yollar. Qıvrıla-qıvrıla dağların sinəsinə doğru uzanan yollar sanki səma ilə sevdalıdır, bir nəfəsə ona çatmağa tələsir. Bu, elə bir gözəllikdir ki, yüz danışan olsa da, yalnız öz gözünlə görüb heyranı olmalısan. Bu yollarla Laçına üz tutub o bənzərsiz təbiət ərməğanının qonağı olmalı, yalnız bu halda Laçın nə Laçınmış, görməlisən...

Bu yollar aylardır ki, 31 il öncə Laçından qoparılıb köçkünlük həyatına aparılanları yenidən Laçına qaytarır. Bu yollar gecə-gündüz bərq vurur. Gündüz ona görə işıq saçır ki, ta azaddır. Günəş verdiyi sözə sahib çıxdı, 2020-ci ildə 28 illik gizlənişdən sonra yenidən doğdu. Doğmaları üçün dan yerini sökdü. Şəfərlərini ətrafa yaydı...

Gecələr bu yollar ona görə işıqlıdır ki, Laçın geri alınan gündən abadlaşdırılır. Ən birinci isə yol infrastrukturu yeniləndi. Çünki yol abad olmasaydı, bu dağlara özünü bənd etmiş gözəlliklər məkanında bir daşı da daş üstünə qoymaq olmazdı. Bu yollar illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüşdü. Lakin bu yollar indi gündüzlər kimi, gecələr də işıq saçır, düşmənin gözünü qamaşdırır.

Laçına-yurda, el-obaya, evə-ocağa qayıdış

Prezident İlham Əliyev bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyirdi: ”Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir... Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Dövlətimizin başçısı aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində isə belə deyirdi: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük... Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik.

Beləliklə, 28 may 2023-cü il tarixdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlandı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü. Vurğulayaq ki, ilkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçildi.

***

Məcburi köçkünlər yuxarıda da qeyd etdiyimiz kimi, uzun illər yurd həsrəti ilə yaşasalar da, daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.

Onların doğma yurda qayıdışı da dövlət siyasətinin mühüm prioritetidir

***

İyunun 14-də isə növbəti köç karvanı Laçına yola salındı. Belə ki, daha 22 ailə - 72 nəfər doğma yurd-yuvasına döndü.

İyunun 19-da isə daha bir köç karvanı Laçına yola salındı. Bu mərhələdə isə Laçın şəhərinə daha 15 ailə - 48 nəfərin köçürülməsi baş tutdu.

Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü iyul ayında da davam etdi. Belə ki, iyulun 13-də növbəti köç karvanı ilə 23 ailə olmaqla, 85 nəfər Laçına-doğma yurduna qovuşdu. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edildi.

Gün 25 iyul oldu. Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürüldü.

Və iki gün öncə, 20 avqust Laçın şəhəri yenə də doğmalarını qarşıladı. Bu dəfə isə daha 13 ailə - 46 nəfər doğma ocağına qayıtdı. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşdılar.

Bu qayıdış zamanı “Prezident İlham Əliyevə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin, sağlamlıqlarını itirənlərə sağlıq versin. Biz, bu gün onların sayəsində öz yurdumuza - Laçına qayıdırıq”,-deyən Laçın sakini Rəfiqə Quliyevanın “Laçına qayıtdıqdan sonra imkan olarsa, öz həyətimizi, yaşadığımız yerləri gəzmək istəyirəm. Həmçinin orada yaxınlarımızın məzarlarını ziyarət edəcəyəm. Qayıdış sevincimizdə payı olan hər kəsə təşəkkür edirəm” kimi sözlərini həyəcansız qarşılamamaq mümkün olmadı. Çünki bu ifadələrdə onların illər uzunu gözlədikləri bir gün reallaşırdı, həm də illər uzunu arzuladıqları gerçəyə çevrilirdi. Bu ağbirçək qadın cavanlıqda Laçını tərk etmişdi. İndi Laçına yaşlı olaraq qayıdırdı. Dünənin və bu günün şahidi kimi qayıdırdı. Onun söylədikləri bütün laçınlıların ürəyindən keçənlər idi. Həm minnətdarlıq hissləri, həm də əzizlərini ziyarət edəcəyi, hər yeri gəzəcəyi fikirləri.

Bunların hər birini hər bir laçınlı edəcək. Doğma yurduna qayıdan Sevda Ağalıyevanın dediyi kimi, torpağı öpənlər də olacaq. Çünki bu torpaq heç də asanlıqla yenidən qazanılmadı. O bir dəfəlik itirilə də bilərdi. Bir yurd, ocaq əbədiyyən yox ola, söndürülə, bilərdi. Laçınlıların 28 il boyu ümidi ümidsizliklə yerini əvəzləyə bilərdi.

Lakin dövlətimizin başçısı və müzəffər ordumuz torpaq şərəfimizi, ləyaqətimizi xilas etdi. Bizə torpaqlarımızı yenidən qazandırdılar. Onların sahibi olduğumuzu təsdiqlədilər. Odur ki, Böyük Qayıdışla yurduna dönənlərin hər biri dövlətimizin başçısına, əsgər və zabitlərimizə, şəhid və qazilərimizə minnətdardırlar.

Yurdda ilk səhər...

Səhər açılır... Laçın sakinləri yuxudan oyanır. Yurdda ilk gecənin rahatlığı ilə onlar hələ tam ayılmayıblar. Bu gecə heç kim yuxu görməmişdi, maraqlıdır... Az sonra harada olduqlarını dərk edən insanlar pəncərəyə yaxınlaşır və ətrafa baxırlar. Bu, nağıldırmı, yoxsa bir gerçək?.. Yox gerçəkdir, əsl gerçək. Bura onların doğma Laçınıdır... Köhnə yurdlarının yeni pəncərələrindən dağlar-vüqarlı, mübariz dağlar görünür. 31 il öncəki dağlardır. Heç dəyişməyiblər... O vaxt necə əzəmətli idilərsə, eləcə də dayanıblar.

Torpaq da Günəşin zərrin şəfəqləri altında eynilə 31 il öncəki rənginə çalır. Heç dəyişməyib. Dəyişən evlərdir, həyətlərdir. Elə ətrafa nəzər salan yaşlılar bu düşüncələrlə 31 il əvvələ qayıdırlar. Evlərini, həyətlərini göz önünə gətirirlər. Evlərindən didərgin salındıqları günü xatırlayırlar...

O evlərdən, həyətlərdən düşmən əsər-əlamət qoymamışdı. Hər birini yağmaladıqdan sonra od vurub yandırmışdı. Söküb satıb-sovmuşdu. Şəhər, kəndlərdə daşı daş üstündə qoymamışdı.

Budur, həmin torpaq üzərində onların evlərinin yerində yeni evlər tikilib. əvvəlkindən də gözəl, müasir dövrün tələblərinə uyğun. Ən əsası isə bu evlər həmin torpağın üzərində salınıb. Əlimizdən alınan, işğal olunan və minlərlə itkimiz hesabına qaytarılan torpaq.

İllər keçəcək... Laçınlıların bu həyətlərdə salacaqları bağ-bağat əvvəlki həyətlərindəki kimi-barlı-bərəkətli olacaq... Kəndlərə köçənlər mal-heyvan, toyuq-cücə saxlayacaqlar. Kənd kəndliyinə, şəhər şəhərliyinə qayıdacaq. Ən əsası isə odur ki, bu yeni evlərin yeni pəncərələrindən görünən dağlar eyni dağlardır. Əzəmətli Laçın dağlarıdır. Ən əsası odur ki, onların zəhmət nəğməsi olacaq bağ-bağatlarında yetişdirəcəkləri meyvə-tərəvəz eynilə damaqlarındakı dadda olacaq. Ən əsası odur ki, hava eynilə o havadır. Laçınlıların 31 ildə bir dəfə ciyərlərinə çəkmək üçün canlarını verməyə hazır olduqları hava... Əsasdan əsası isə odur ki, onlar dədə-baba torpaqları üzərindədirlər. Ayaqları doğma torpağa dəyir...

Ocaqları da ta bu torpaq üzərində yanacaq. Onları əbədiyyən isidəcək, qoxusunu ətrafa yayacaq. Çürtıltısı isə hər daim Zəfər nəğməsini dinlətməklə “biz haradan hara gəldik” adlı bir qərinəlik yolda baş verənləri anladacaq...

Mətanət Məmmədova

Digər xəbərlər