Allahın məsləhət bilib bizə bəxş etdiyi Xəzər milli sərvətimizdir, deyilmi? Dəniz varsa, onun sahilinin də olmaması mümkünsüzdür. Bu səbəbdən də bizim Xəzərin də sahili var. Bu sahildə biz sərvət sahiblərinin qarşılaşdıqlarını –yəni çimərliklərdəki, bulvardakı qiymətləri qoyaq bir kənara... Onsuz da kim necə istəyir, qiyməti də o cür təklif edir. Üstəlik bizim sahilləri qazanc mənbəyinə çevirirlər. Elə qazanc mənbəyinə ki, bəzən ayağımızı qoymağa belə yer tapa bilmirik. Elə qazanc mənbəyinə ki, orada ciyərin yansın, bir butulka su alıb içə bilmirsən. Hansı ki, həmin su da bizim sərvətimizdir, amma elə bizə də od qiymətinə satılır. Nə isə... bu, bu günün mövzusu deyil.
Mövzu ayrıdır. Bildiyimiz kimi, dənizkənarı bulvarda gəmi var idi. Həmin gəmidə şəhər sakinləri, qonaqlar, turistlər üçün dəniz turu təşkil olunurdu. İnsanlar onlara məxsus olan bu dənizdə həmin gəzintilərlə 1 saat vaxt keçirir, dənizin gözəl havasını udur, füsunkar mənzərələr gözlərini oxşayırdı.
Düzdür, burada da qiymət heç də ucuz deyil. Yəni, yazıb bulvara da vurublar, gizli heç nə yoxdur. Hazırda bir nəfər üçün 1 saat dəniz gəzintisi 5 manatdır. Hansı ki, Xəzər bizim olduğu üçün bu qiymət çox bahadır. Götürəndə bir ayda 4 dəfə gəmi turu etsək, 20 manat xərcləməli olacağıq. Ailə üzvlərindən bir-ikisi də bizə qoşulsa və yaxud da qonağımız olsa, bu qiymət gəlib ay ərzində 60-70 manata çatacaq. Axı Xəzər bizimdir, belə şey olar?..
Ancaq ta o turlar da yoxdur, bundan danışaq. Gəmi bulvarda dayanıb dayandığı yerdə, özü də xeyli vaxtdır. Mühafizə məntəqəsindən soruşuram ki, nə üçün gəmi gəzintisi yoxdur, cavab verir ki, Xəzərdə suyun səviyyəsi enib, gəmi hərəkət edə bilməz belə olan halda. Qalıram baxa-baxa. Bəs yayın gözəl günləri keçir axı. Dəniz gəzintisi edə bilmədik bu yay. Payız budur ey, qapının ağzındadır. Bir azca soyuq düşdü, gəl, Xəzərin sazağında gəmi turuna çıx, görüm, necə çıxırsan...
Gəlirəm Dənizkənarı Bulvar İdarəsinin elektron poçtuna yazıram, səbəbləri soruşmaq istəyirəm. Aradan 10 günə kimi vaxt keçir, amma məktubuma cavab gəlmir.
Bilirsiniz, nə soruşmaq istəyirəm? Deməli, yəqin məlumatınız var ki, Xəzərin sularında yaxta gəzintiləri təşkil olunur. Nəinki gəzinti, burada bir neçə saat ərzində ad günü, digər tədbirlər keçirmək olur. İnstagramda insanlara bunlar yüksək səviyyədə təşkil olunur. Mən də elə İnstagramdaca onlara yazıram, qiymətləri öyrənirəm. “Qəşəng” qiymətlər deyirlər. Düşünürəm ki, yox, bu, bizlik deyil: nə bilim, bir nəfərə 300 manat, bir neçə nəfərə bir neçə saatlıq 600 manatdan başlayır. Dərin bir köks ötürürəm... Ancaq bunlar yazmırlar axı hələlik dənizdə suyun səviyyəsi enib, işləmirik.
Qalıram belə mat-məəttəl. Lap “Arşin mal alan” yadıma düşür. Biri deyir, oxu, biri deyir, oxuma. Bunların da biri deyir, işləmirik, biri deyir, buyurun, işləyirik.
Bax, bunu Dənizkənarı Bulvar İdarəsindən soruşmaq istəyirdim ki, yaxşı, gəmi gəzintisi təxirə salınıb, bəs bu yaxtalar hansı sularda süzür? Onu da ki, cavab ala bilmədim. Ya mən adresi səhv götürmüşəm, ya da onlar e-mail adresini dəyişdirib, yeniləməyiblər. Nə isə ki, məktub ya yetişmədi, ya da lazım bilib cavab vermədilər.
Gördüm onlardan cavab gəlmir, dedim bəlkə əziz oxuculardan bilən olar ki, Xəzərdə nə üçün üzən və üzə bilməyən gəmilər mövcuddur...
Mətanət Məmmədova