Siyasət

  • 2 503

Neft kapitalını insan kapitalına çevirən şəxsiyyət.. TƏHLİL

image

Suverenliyin möhkəmlənməsində, böhran içərisində olan iqtisadiyyatımızın inkişafında “Əsrin müqaviləsi” ilkin, həlledici addım kimi öz sözünü uğurları ilə deməkdədir. Neft strategiyasının həyata keçirilməsi ilə ölkənin daxili və xarici siyasətinin balanslaşdırılmış düzgün istiqamətdə davam etdirilməsi kimi mühüm məsələnin prioritetləri müəyyənləşdirildi. Bu siyasət respublikanın, regionun inkişafına təsir edən amil kimi Qərb və Avropa ölkələri tərəfindən dəstəkləndi. “Əsrin müqaviləsi” mahiyyətcə iqtisadi xarakter daşısa da, onun siyasi əhəmiyyəti də eyni dərəcədə vacibdir. 1994-cü ilin yanvarında dövlət başçısı kimi ABŞ-ın “AMOKO” şirkətinin rəhbərlərini qəbul edərkən bu amilə toxunan Ulu öndər müqavilənin gənc Azərbaycan üçün nə dərəcədə taleyüklü məsələ olduğunu bildirir: “Biz tam əmin olmalıyıq ki, xalqımız öz təbii sərvətlərindən maksimum səmərə götürəcəkdir. Digər tərəfdən, bağlayacağımız müqavilə xaricdə Azərbaycanın siyasi mövqelərinin möhkəmlənməsinə imkan yaratmalıdır”.

1994-cü ildə Ulu öndər tərəfindən təməli qoyulan milli neft strategiyası Azərbaycanın uzunmüddətli inkişafına yol acidı-Ulu öndərin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanının, yeni dövlət quruculuğunun möhkəm sütunu oldu. Bu o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və beynəlxalq iqtisadi əhəmiyyətinə, miqyasına, strateji mahiyyətinə uyğun bir adla tarixə həkk olundu - “Əsrin müqaviləsi”. Bu, eyni zamanda çətin yolun başlanğıcı idi. İllər keçəndən sonra artıq geniş, işıqlı bir magistralda ölkəmizin nail olduğu imkanları göz önünə gətirərkən bu yolun təməlini qoyan böyük şəxsiyyəti həmişə ehtiramla anmaq üzərimizə düşən vəfa borcudur.

Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Ulu öndər demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Prezident İlham Əliyev demişdir: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın böyük neft siyasəti başlanmışdır”.

Çox mürəkkəb və çətin, qeyri-sabit siyasi şəraitdə Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai -siyasi sabitlik bərpa olundu, vətəndaş qarşıdurmasına son qoyulması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Ulu öndər uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır. Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Bəzi respublikalardan fərqli olaraq (Pribaltika respublikaları, Özbəkistan, Belarus), Azərbaycanda o dövrün tələbinə uyğun olaraq, eyni zamanda, həm siyasi sistemin, həm də iqtisadiyyatın idarə edilməsinin demokratikləşdirilməsi prosesi həyata keçirildi. Qısa zamanda mərkəzləşdirilmiş idarəetmə sistemi dağıdıldı və bazar iqtisadi vasitələrinin tətbiqinə rəvac verildi. Ölkədə o dövrdəki makroiqtisadi durumu, Azərbaycanın malik olduğu təbii, elmi-texniki və iqtisadi potensialını nəzərə almaqla inkişaf ideologiyası və prinsipləri müəyyən edildi. Belə ki, o dövrdə Azərbaycan cəmiyyəti yüksək inflyasiya, kütləvi işsizlik, əhalinin aşağı həyat səviyyəsi, maliyyə və əmtəə bazarında investisiya və mal qıtlığı ilə xarakterizə olunurdu. Belə bir şəraitdə düzgün olaraq iqtisadi inkişaf modelinin əsas istiqaməti inflyasiya ilə ciddi mübarizə aparılması, milli valyuta kursunun sabitləşdirilməsi və iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi oldu. Neft strategiyası formalaşdırıldı, onun reallaşması, istehsal və xidmət sahələrində, habelə maliyyə sektorunda sabitliyin təmin edilməsi nəticəsində iqtisadi inkişafın ümumi göstəricisi olan ümuli daxili məhsul 1996-cı ildən artmağa başladı. Cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi müdrik və uzaqgörən addımlarından biri oldu-xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

1997-ci il oktyabrın 25-də Azərbaycan neftinin Şimal marşrutu ilə nəqlinə başlanmışdır. Bununla əlaqədar Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində - Qusar rayonunun Şirvanovka yaşayış məntəqəsində tikilmiş neftölçmə qovşağı istifadəyə verilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Rusiyanın “Transneft” şirkətinin köməyi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən tikilmiş qovşaqda Dübəndi-Böyükşor, Siyəzən-Şirvanovka boru xətti ilə Rusiya Federasiyasına nəql edilən neftin ümumi həcmi, keyfiyyəti və miqdarı burada quraşdırılmış xüsusi cihazlarla dəqiq müəyyənləşdirilir.

İstanbulun “Çırağan sarayı”nda “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları arasında saziş”in, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin layihəsini dəstəkləmək, Qazaxıstanın neft həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan respublikaları arasında “İstanbul bəyannaməsi”nin, Transxəzər qaz kəməri barədə Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan arasında “Hökumətlərarası bəyannamə”nin, Azərbaycan qaz layihələrinin inkişafını və Azərbaycan qazının Türkiyəyə və digər beynəlxalq bazarlara satışını dəstəkləyən sənəd kimi Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları, Gürcüstan və Türkiyə Respublikaları arasında “Qarşılıqlı anlaşma memorandumu”nun imzalanması mərasimi oldu-bu və digər sənədlərin inzalanmasının respublikada neft sənayesinin inkişafı üçün böyük əhəmiyyəti oldu. Bir faktı da qeyd edək ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin uzunluğu 1730 km, diametri 1067 mm-dir-o cümlədən əsas ixrac boru kəmərinin Azərbaycan ərazisi üzrə uzunluğu 468 km, Gürcüstan ərazisi üzrə 225 km, Türkiyə ərazisi üzrə 1037 km-dir. Əsas ixrac boru kəmərinin tikintisinə sərf olunan məbləğ - 4 mlyard ABŞ dollarıdır, o cümlədən Türkiyə ərazisi üzrə 1,4 milyard ABŞ dolları, Azərbaycan ərazisi üzrə 800 milyon ABŞ dolları, Gürcüstan ərazisi üzrə 500 milyon ABŞ dollarıdır. Tranzitdən gələn gəlirin qalan hissəsi isə əsaslı xərclərin ödənilməsi, nəqliyyat xərcləri, boru kəmərinin işlək vəziyyətdə saxlanması, təmir işləri və s. üçün nəzərdə tutulmuşdur.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir-o neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail oldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrildi. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olundu. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə “Əsrin müqaviləsi”nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi.

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur.

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir.

“Əsrin müqailəsi” ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır-yeni neft strategiyası ölkəmiz üçün böyük fayda gətirmiş, Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi-bu da tarixi nailiyyətdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi-bu da nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi ilə Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.

26 may 2003-cü il-milli neft strategiyasında çətin yolun böyük hissəsi arxada qalıb, Azərbaycan neftini dünya bazarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan və Türkiyə hissələrinin inşası başlanıb, bir neçə gün öncə (23 may) kəmərin Gürcüstan hissəsinin təməli atılmışdır. Bu mərasimdən sonra Bakıya gələn layihənin operatorunun - bp şirkətinin prezidenti lord Con Braun Prezident sarayında Heydər Əliyevlə görüşür. Dünyanın neft nəhənginin rəhbəri Azərbaycanla səmərəli əməkdaşlıqdan söz açaraq yeni neft bumunun gətirəcəyi dividentləri göz önündə canlandırır və “Sizin qətiyyətiniz, əzminiz nəticəsində bir vaxtlar bizə arzu kimi görünən məsələlər indi həqiqətə çevrilmək üzrədir. Sizin neft strategiyanız uğurla həyata keçir və dünyada əfsanə kimi görünən neft kəməri artıq reallığa çevrilir”-deyir. Heydər Əliyev “Amma mən sizə demişəm, neft Ceyhana çatanda biz sizinlə birgə ora getməliyik, mən onu gözləyirəm”-deyib gülümsəyir. Con Braun: “Bu, böyük təntənə olacaqdır”.

Ulu öndər həmin ilin 12 dekabrında dünyasını dəyişdi-amma bu dünyadan Azərbaycanın gələcəyi ilə bağlı nigaran getmədi-qurucusu olduğu dövlət, onun gələcəyini təmin edəcək neft strategiyası əmin əllərdə idi, Azərbaycan inkişaf yoluna çıxmışdır. Geridə isə mürəkkəb, tarixin imtahanı sayılacaq bir onillik qalmışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsi, keçdiyi yol Azərbaycanın müstəqillik tarixinin inikasıdır. “Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik” - deyə “Əsrin müqaviləsi”nin baş memarı 20 il öncə bəyan etmişdi. Bu tarixi razılaşmanın ərsəyə gəlməsi üçün gənc dövlətimiz dünyanın neft nəhəngləri, onların arxasında duran ölkələrlə mürəkkəb danışıqlarda özünün maraqlarını təmin etməli, layihəni çoxsaylı təhdidlərdən qorumalı idi.

Qərb şirkətləri Azərbaycanın Xəzərdəki perspektivli neft yataqlarına 1991-ci ildən, ölkəmiz müstəqilliyini bərpa edəndən dərhal sonra göz qoymağa başlamış, 1992-ci ildə Amerika və Britaniya şirkətləri ilə danışıqlar aparılmışdır. Lakin həmin danışıqlar Azərbaycanın maraqları, eləcə də layihə ətrafında regional və beynəlxalq tarazlığın qorunması baxımdan uğurlu deyildir. Təsadüfi deyil ki, Azərbaycana yenidən rəhbərliyə qayıdandan sonra Ulu öndərin verdiyi ilk qərarlardan biri həmin müqavilə üzrə danışıqların dayandırılması oldu. “Gələn məlumatlar göstərirdi ki, hazırlanmaqda olan müqavilə layihəsində çatışmazlıqlar var və layihə Azərbaycan üçün əlverişli deyil. Bu məlumatları araşdırmaq üçün mən danışıqların dayandırılması haqqında qərar qəbul etdim. Qərb şirkətlərini əmin etdim ki, bu iş davam edəcək, ancaq neft Azərbaycanın ən böyük sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq lazımdır” - deyə dahi insan bildirmişdir. Ümummilli liderin banisi olduğu neft strategiyasının əsasında iki prioritet dayanırdı: birincisi, müqavilədə heç bir xarici şirkət və dövlətin monopolizminə imkan verməmək; ikincisi, Azərbaycana (və yerləşdiyimiz regiona) geosiyasi təsiri olan güclərin maraqlarını balanslaşdırmaq.

1993-cü ilin payızında layihə ilə bağlı təhlillər aparıldı və Londonda yenidən danışıqlar başlandı-nəticələr Prezidentə təqdim olundu. Böyük strateq bu dəfə də layihənin ölkənin mənafelərinə uyğun olmadığını görərək, onu kənara qoydu. Onun tapşırığı ilə ARDNŞ respublikanın alimləri, təcrübəli mütəxəssislərlə birlikdə Azərbaycanın mövqeyini bir daha müəyyənləşdirdi və layihənin prinsipləri hazırlandı. 1994-cü il fevralın 4-də Ulu öndər danışıqları həmin prinsiplər əsasında davam etdirilməsi barədə fərman imzaladı. Sonra İstanbulda danışıqlar başlandı və iyuladək davam etdi. Nəticələrlə tanış olduqdan sonra Prezident müqavilənin yekun layihəsinin hazırlanmasına razılıq verdi. 1994-cü il iyulun 21-də ARDNŞ-nin heyəti Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə ABŞ-ın Hyuston şəhərinə səfər etdi və orada 45 gün layihə üzərində iş getdi. Bu, müqavilə hazırlığının ən gərgin dövrü idi. 1994-cü ilin mayında ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edilən İlham Əliyev həlledici mərhələdə Azərbaycan heyətinə rəhbərlik edirdi. “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər biz səhv etsək, bu bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Biz heç cür səhvə yol verə bilmərik” - İlham Əliyev sonralar həmin dövrü belə xatırlayırdı. Azərbaycan “Əsrin müqavilə”sini ərsəyə gətirmək üçün yalnız neft nəhəngləri ilə çətin danışıqlar aparmırdı. Rusiya və İran Xəzərin statusunun müəyyənləşmədiyini əsas gətirərək layihəyə qarşı çıxırdı. Gərgin müzakirələrdən sonra şimal qonşumuzun layihəyə əleyhdarlığı ümumən aradan qalxdı: “Lukoyl” şirkəti müqaviləyə cəlb olundu, Azərbaycan neftinin Rusiya üzərindən ixracına dair ilkin razılıq əldə edildi. İran Azərbaycanın növbəti neft-qaz müqavilələrində iştirakını göz önünə alaraq mövqeyini qismən yumşaltdı. Ulu öndərin diplomatiyası Birləşmiş Ştatların layihəyə tam dəstəyini təmin etdi. Sentyabrın əvvəlində prezident Bill Klintonun şəxsi təmsilçisi Madlen Olbrayt Bakıya gəldi və Azərbaycan rəhbəri ilə layihəni ətraflı müzakirə etdi.
Bütün iqtisadi, geosiyasi maraqlar təmin edildikdən sonra sentyabrın 14-də Prezident Heydər Əliyev müqavilənin imzalanması ilə bağlı fərman verdi. 1994-cü ilin 20 sentyabrında “Gülüstan” sarayında müqavilə imzalandı. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında müqavilə 30 il müddətinə bağlanmışdır. Müqavilədə o dövrün qiymətləri ilə 7,4 milyard dollar kapital qoyuluşu nəzərdə tutulmuşdu və onun 80 faizi xarici şirkətlərin üzərinə düşürdü. Layihədə ümumi hasilat 511 milyon ton nəzərdə tutulmuşdu və bunun yarısı (253 milyon ton), habelə neftlə bərabər hasil olunacaq qaz (təxminən 50 milyard kubmetr) bütünlüklə Azərbaycanın payı idi.
“Müqavilənin imzalanması Azərbaycanın iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Qarşımızda uzun bir yol var və böyük işlər durur. Bu müqavilənin bağlanması nə qədər çətin idisə, onun həyata keçirilməsi ondan da çətin olacaqdır” - deyə Ulu öndər bildirmişdir. Ağır sınaqlar müqavilənin imzalanmasından dərhal sonra özünü göstərdi-oktyabrın 3-4-də Bakıda və Gəncədə dövlət çevrilişinə cəhd oldu. Xalqa müraciət edən Heydər Əliyev bu cəhdlərin qarşısının qətiyyətlə alınacağını bəyan etdi. 1995-ci ilin martında daha bir dövlət çevrilişi cəhdinin qarşısı qətiyyətlə alındı. Beləcə, Azərbaycanın dövlətçiliyi və milli neft strategiyası maneələrlə dolu yolda tarixin sınaqlarından keçdi.

İmzalanmasından üç il sonra “Əsrin müqaviləsi” bəhrəsini verdi: 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında ilk neft hasil edildi və Bakı-Novorossiysk kəmərilə nəql edilməyə başlandı. 1999-cu ilin aprelində ikinci xətt - Bakı-Tbilisi-Supsa kəməri işə düşdü. 2002-ci il sentyabrın 18-də əsas ixrac boru xəttinin - Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli atıldı. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan hissəsi, həmin ilin oktyabrında Gürcüstan hissəsi istifadəyə verildi, 2006-cı ilin 28 mayında Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdı. İyulun 13-də BTC-nin açılışı keçirildi. Bu, 1994-cü ilin 20 sentyabrında başlanan yolun, Heydər Əliyevin neft strategiyasının təntənəsi idi. “Əsrin müqaviləsi” yeni sazişlərə yol açdı- Azərbaycanın ikinci iri enerji layihəsi olan “Şahdəniz” üzrə hasil edilən qaz 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac edilir.

14 iyun 2003-cü ildə Prezident Heydər Əliyev Azərbaycanda üçillik fəaliyyətini başa vuran ABŞ-ın səfiri Ross Uilsonu qəbul edir. Səfir “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan layihəsinin praktik müstəviyə gəldiyini vurğulayır: “Bu Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Sizin yaratdığınız neft strategiyası nəticəsində ölkəyə firavanlıq gəlməyə başladı. Azərbaycan tərəqqidə olan ölkədir. Ümid edirəm ki, 10-15 ildən sonra buraya gələcəyəm və Azərbaycanı daha irəli getmiş ölkə kimi görəcəyəm”. Bu gün artıq o gündür. ABŞ-ın keçmiş səfiri Riçard Kauzlariçin “Əsrin Müqaviləsi”ni reallaşdırmağa qadir olan yeganə şəxs Heydər Əliyev olub”-fikri reallığı tam əks etdirir. “Əsrin Müqaviləsi”nin imzalanmasında, onun reallaşmasında mühüm rol oynayan keçmiş ABŞ səfiri sənədi “təkrarolunmaz tarixi müqavilə” adlandırmışdır. Kauzlariç deyir ki, o dövrdə Rusiyanın nisbətən zəif olmasına baxmayaraq, bu müqaviləni əngəlləməyə cəhd göstərirdi. Həmin dövrdə mətbuata və Rusiya siyasətçilərinin çıxışlarına nəzər yetirdikdə, bu müqaviləyə böyük şübhə ilə yanaşıldığı görünür. Sonradan müqaviləyə edilən əsas dəyişiklərdən biri Rusiyanın Lukoil şirkətinin müqavilədə iştirakının qəbul edilməsi idi. Kauzlariç xatırlayır ki, “Rusiya müqavilənin imzalanmasına bir neçə həftə qalmış Xəzərin demarkasiyası məsələsini qaldıraraq” müqaviləyə mane olmağa cəhd etdi. “Bu çox gözlənilməz şəkildə baş verdi. Onların mövqeyi o idi ki, Xəzərin statusu barədə beş Xəzər ölkəsi arasında razılıq olmadan heç bir müqavilə imzalana bilməz”. Kauzlariç deyir ki, Rusiyanın cəhdinə bənzər şəkildə İran da son anda özünü hasilatın pay bölgüsü sazişə daxil etməyə cəhd etdi. “Bu, Heydər Əliyevi çox çətin vəziyyətə saldı. Aydın idi ki, iranlıların imkanları var idi - onlar bu dövrdə Ermənistanı dəstəkləyirdilər və Cənubi Azərbaycanda separatçı hərəkatın yaranmasından narahat idilər. Onlar Elçibəyi heç bəyənmirdilər. Heydər Əliyevi də çox bəyənmirdilər”. “Mən Heydər Əliyevin hasilatın pay bölgüsünə dair sazişdə kiçik bir payı İrana verməyə hazır olduğunu öyrənəndə, prezidentin yanına gedib dedim ki, əgər siz İran şirkətlərinə bu müqavilədə pay versəniz, ABŞ şirkətləri bu layihədə iştirak edə bilməyəcək”. “Çünki bu dövrdə ABŞ qanunları, sanksiyalar ABŞ şirkətlərinə İranla kommersiya əlaqələri qurmasını qadağan etmişdi. Əliyev də buna “Ok” dedi. Çünki ABŞ şirkətlərinin iştirakı daha vacib idi. Daha sonra, o, iranlılara Şah Dənizdə bir pay verdi, çünki burada ABŞ şirkətləri iştirak etmirdi”. Kauzlariç deyir ki, “müqavilənin reallaşmasında Heydər Əliyevin bir lider olaraq diqqətini hədəfdə saxlamasının mühümlüyünü kiçiltmək olmaz- enerji siyasətinə o həmişə Azərbaycanın maraqlarını irəli sürən, etibarlı və dürüst insan olmuşdur-ətrafındakı şəxslərlə müqayisədə bu müqaviləni reallaşdırmağa qadir olan yeganə şəxs Heydər Əliyev olmuşdur”.

Ümummilli liderin dediyi kimi, “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gələn tarixi hadisədir-bu müqavilə ilə biz sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır, buraya xarici sərmayənin gəlməsi və istifadə olunması üçün bütün imkanlar var, bura gələn hər bir iş adamı, şirkət burada azad, sərbəst işləyə və yaşaya bilər”. “Üç dəniz əfsanəsi” adlandırılan “Əsrin Müqaviləsi”ndə - Heydər Əliyev qətiyyəti, Heydər Əliyev cəsarəti öz sözünü dedi. “Əsrin müqaviləsi” siyasi mənada da Azərbaycanın bölgədə yerini və rolunu artırdı. Böyük siyasi əhəmiyyəti olan bu müqavilə Azərbyacan neftinin dünya bazarına vasitəçisiz çıxarılması üçün unikal idi. Müqavilədən əldə edilən gəlir ölkənin sosial problemlərini həllinə və irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaratdı. Müqavilə böyük çətinliklə, maraqlı güclərin siyasi təzyiq altında imzalandı. 1994-cü ildə Azərbaycanın dövlət rəhbərlərinə edilə sui-qəsd məhz bu neft sazişinin dayandırlması üçün törədilmişdir. Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi. Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Lakin bu ölkələrin heç də hamısı milli sərvətlərindən lazımi qaydada istifadə edib xalqa fayda verə bilməmişlər. Neft yataqlarına malik bəzi ölkələr böyük dövlətlərin geosiyasi oyunlarının qurbanı olmuş, digərləri isə bu sərvət uğrunda aparılan müharibənin nəticəsində tamamilə dağılmışlar. ABŞ-ın məşhur politoloqu Zbiqnev Bjezinski bildirmişdir ki, neft kimi strateji xarakter daşıyan sərvətə malik ölkənin xalqı olmaq heç də həmişə xoşbəxt həyat yaşamaq demək deyildir. Lakin Azərbaycanın karbohidrogen ehtiyatları xalqın firavanlığı üçün istifadə olunaraq, ölkənin inkişafına, onun dünyada nüfuzunun artmasına xidmət edir. Bunun əsası isə Azərbaycan xalqının Ümummilli lider tərəfindən qoyulmuşdur.

XX əsrin sonunda yaranmış tarixi-siyasi şəraitdən istifadə edərək müstəqilliyini yenidən qazanan Azərbaycan dünyanın böyük dövlətlərinin diqqətini cəlb etməyə bilməzdi. Azərbaycanı “yağlı tikə” kimi əsarətində saxlayıb həm neftindən, həm də əlverişli coğrafi və geosiyasi mövqeyindən istifadə etməyə çalışan qüvvələr onun müstəqil dövlət kimi yaşamasına hər cür mane olmağa çalışırdılar. Bu qüvvələr bir tərəfdən erməniləri qızışdıraraq Azərbaycan torpaqlarını işğal etməyə sövq edir, digər tərəfdən ölkədəki bəzi siyasi dairələri ələ alaraq ictimai-siyasi sabitliyin bərpa olunmasına imkan vermirdilər. Azərbaycanda baş qaldırmış xaos, anarxiya və özbaşınalıq 1993-cü ilin iyununa qədər davam etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Azərbaycanın hansı səbəblərdən xaosa büründüyünü çox gözəl bilirdi. Ölkəni normal inkişaf yoluna yönəltmək üçün bölgədə marağı olan böyük dövlətlərlə dil tapılmalı və Azərbaycanın müstəqilliyi qorunub saxlanılmalı idi ki, bu da həmin dövrdə mümkünsüz görünürdü. Lakin Ulu öndər bu ağır işlərin öhdəsindən məharətlə gələ bildi-onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Ulu öndərin ideyası həyata keçmişdir. Dahi şəxsiyyətin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırmışdır ki, indi onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır. Bakı-Tbilisi-Ceyhan neft kəməri misilsiz əhəmiyyətə malik olan tarixi hadisədir. Bu kəmərin təkcə iqtisadi yox, həm də siyasi əhəmiyyəti də vardır. “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi. Hazırda Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir.

Ümummilli liderin siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının institutlaşmasını təmin edən bir çərçivənin yaradılması idi. “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının və bugünkü inkişafımızın təməlini qoydu. Bu gün fəxr və qürurla deyirik ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır-bu Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Dövlətlərin güclü olması təhlükəsizliyi birbaşa təmin edən məsələ olduğu üçün onlar arasındakı rəqabətin əsas səbəbi güc qazanmaqdır. Müasir siyasi reallıqlar kontekstində dövlətin gücü dediyimiz zaman onun enerji ehtiyatlarına sahib olub-olmaması başa düşülür. Enerji təhlükəsizliyi də milli təhlükəsizliyin əsas struktur elementlərindən biri olduğu üçün bu gün beynəlxalq münasibətlər sisteminin hər bir üzvü, ilk növbədə bu elementi təmin etmək istiqamətində real addımlar atır. Neftdə olduğu kimi təbii qaz üçün beynəlxalq bir təbii qaz bazarı yoxdur-daha dəqiq ifadə etsək dünya əmlakı hesab olunan neftdən fərqli olaraq, təbii qaz milli alıcılar və satıcılardan daha çox təsirlənən ərazi malıdır, yəni regional məhsuldur. Burada həm də o fakt nəzərə alınmalıdır ki, enerji təhlükəsizliyi regional tarazlıqlara, tarixi dostluq və düşmənçilik münasibətlərinə də böyük təsir göstərmək imkanlarına malikdir. Cənub Qaz Dəhlizi ona görə uğurlu layihə hesab olunur ki, bu layihə enerji siyasətinin əlində alətə çevrilmədi. Cənub Qaz Dəhlizi layihəsi və bütövlükdə Azərbaycanın təşəbbüskarı və tərəfdaşı olduğu bütün layihələr, ilk növbədə, enerji təhlükəsizliyi, o cümlədən, azad rəqabət, enerjinin şaxələndirilməsi layihələri kimi dəyərləndirilməlidir. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Dövlətin diqqət və qayğısının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Aydındır ki, istənilən sahədə görülən işlərin nəticəsi icraçı kadrların təcrübə və dünyagörüşündən çox asılıdır. “Hər şeyi kadrlar həll edir” prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 70-ci illərdə, məhz Azərbaycan xalqının ümummilli liderinin, dahi şəxsiyyətin qayğısı sayəsində dünyanın aparıcı universitetlərində dərin biliyə, geniş dünyagörüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır.

Hazırda dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya səviyyəli siyasətçi olan Ümummilli lideri kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz layihə və dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir-buna misal olaraq, bünövrəsi Ümummilli lider tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının (vağzallar, liman və s.) müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar.

“Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin Ümummilli liderin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir. “Əsrin müqaviləsi”nin faydasından çox danışmaq olar-bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönələcəkdir-bu da Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edəcəkdir. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlət, mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış Ulu öndərin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir.

“Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun
doktrinası uğurla başladı. Azərbaycan Ulu öndərin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. “Əsrin müqaviləsi” həm də Azərbaycanın yeni neft strategiyasının institutlaşmasını və investorlar üçün hüquqi sabitliyi təmin edən bir çərçivənin yaradılması idi. Ulu öndər elə bir uzaqgörən siyasət reallaşdırdı ki, nəticə etibarilə Azərbaycanın enerji resursları ölkəyə sadəcə kapital axınını təmin olunmasına xidmət etmədi, bununla yanaşı Azərbaycanın siyasi arenada atacağı addımlar üçün ciddi geosiyasi amilə çevrildi. Dünənin atılan addımları bu günün reallığıdır ki, Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri hesab olunur. Eyni zamanda, bütün bu məsələlər Azərbaycanın Avropa və dünya arenasında alternativ enerji təchizatçısı kimi çıxış etməsi ilə onun müstəqil siyasət həyata keçirmə imkanlarını genişləndirir. Alternativ tranzit yollarının təşviq edilməsi baxımından Azərbaycan etibarlı tərəfdaş kimi müəyyənləşdirildi. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsi yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca müstəsna əhəmiyyətə malik məsələdir və real şaxələndirmə deməkdir. Bu baxımdan da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir. Bu, həm də o deməkdir ki, boru kəmərləri Azərbaycana Avropa İttifaqı ilə münasibətlərində daha geniş səlahiyyətlər verəcəkdir. Heç şübhəsiz ki, Azərbaycanın alternativ mənbə kimi görülməsi ona olan güvəndən doğurdu, çünki vaxtilə Azərbaycan müharibədən yenicə çıxmış dövlət olmasına baxmayaraq daxildə stabil ictimai-siyasi şəraiti təmin etmiş, hər bir investor üçün onun özünün təkliflərinə müvafiq olan dəstək, yardım təmin etmiş və beləliklə də “Əsrin Müqaviləsi” ilə qlobal siyasətdə ona olan beynəlxalq güvəni əldə etmiş bir ölkə oldu.

Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş bu dahi şəxsiyyət istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur-ölkəyə uğur gətirən başlıca amilin Ümummilli liderin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Ulu öndər çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və burada o bizim üçün çox faydalı bir irs qoyub getmişdir.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər