PDF Oxu

Siyasət

  • 1 522

Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi FOTO

image

Bakı Beynəlxalq Multikuturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabı çapdan çıxıb. Kitabın elmi redaktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulladır. Aktual məzmun və mahiyyət daşıyan kitabda elm tarixində çox az bilinən və araşdırılan Şirvanlı, Naxçıvanlı, Qarabağlı alim və mütəfəkkirlər tədqiq olunub. Kitab ön söz, giriş, üç fəsil və nəticədən ibarətdir. Girişdə "Azərbaycan əsilli Osmanlı müəllifləri" anlayışı açıqlanmaqla bunun "Azərbaycan məktəbi" çərçivəsindəki funksional rolu izah edilir. Belə ki, orta əsrlərdə müəyyən səbəblər üzündən Şirvan, Naxçıvan və Qarabağ regionlarından Osmanlı dövlətinə köçmüş alim və mütəfəkkilər ən müxtəlif elm sahələrinə aid əsərlər yaratmışlar. Bu fəsildə elm tarixinə aid tədqiqatlarda geniş əksini tapmış "Azərbaycan məktəbi" fonemeni və onun əhatə dairəsinin məzmun və mahiyyəti açıqlanır. Birinci fəsildə "Azərbaycan məktəbi"nin yaranma tarixi, bu tarixin arxa planı və məşhur nümayəndələrindən bəhs olunur.
"Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabının ikinci fəsildə Azərbaycan əsilli alim və mütəfəkkirlərin hansı səbəbə görə Osmanlı dövlətinə köçməsi, Osmanlıda elm, Anadoluda dini-mistik vəziyyət kimi mövzular araşdırılır. Üçüncü fəsildə kitabın əsas məzmun və mahiyyətini təşkil edən Şirvan, Naxçıvan, Qarabağ əsilli Osmanlı müəlliflərinin həyat və yaradıcılığı təqdim olunur. Dövr ilə bağlı müxtəlif mövzular bir-birini tamamlayır. Qeyd olunan alimlərin əlyazma əsərləri haqqında məlumatlar verilir və onların elmi fəaliyyətləri işıqlandırılır. Kitabda Azərbaycan məktəbinin məşhur nümayəndələri haqqında verilən məlumatlar diqqəti çəkir. Bəhmənyar əl-Azərbaycani, Şühabəddin Sührəvərdi, Nəsirəddin Tusi və başqalarının həyat və yaradıcılığı tədqiq olunaraq maraqlı faktlarla oxuculara təqdim edilib.
Kitabın nəticə hissəsində isə qeyd olunur ki, Şirvanlı, Naxçıvanlı, Qarabağlı alim və mütəfəkkirləri mövzusundakı tədqiqat işi bu istiqamətdə aparılan ilk araşdırma mahiyyəti daşıyır. Onu da qeyd edək ki, nəticədə diqqətə çəkildiyi kimi, tədqiqatda Osmanlı dövlətində Azərbaycan əsilli müəlliflərin geniş şəkildə mövcudluğu bir çox aspekdən təhlil olunmamışdır. Kitab bu sahədə araşdırma aparmaq istəyənlər üçün istiqamət ola bilər.

Nəzakət Ələddinqızı

Digər xəbərlər