Siyasət

  • 1 478

YAP tarixi zərurətin alternativsiz partiyasıdır ŞƏRH

image

Ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu il 31 yaşını qeyd edir. Yeni Azərbaycan Partiyası ötən əsrin sonlarında ölkəmizdə yaranan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirə salınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

1988-ci ildən başlayaraq ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı və Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş mürciətdə deyilir: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə biləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümumilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin müöhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

Nəticədə bir ay ərzində gedən gərgin hazırlıqlardan sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda əlverişsiz bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri, habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır.

Yeni Azərbaycan Partiyasının yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Müstəqilliyimizin, milli varlığımızın real təhlükə qarşısında olduğu bir dövrdə Yeni Azərbaycan Partiyasının yaranması gənc dövlətimizin həyatında yeni bir mərhələyə yol açdı. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının ona göstəridiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi.

1993-cü ilin oktyabr ayının 3-də partiyanın qurucusu, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.

Ulu öndərin parlaq siyasi zəkası, məqsədyönlü və müdrik siyasəti ilk öncə xalqın dövlət rəhbərinə və gələcəyə olan inamını artırdı, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirdi, Yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini müəyyənləşdirdi və gələcəyə aparan yolların uzun müddətli planını verdi. Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumibəşəri dəyərlərdən bəhrələnən Yeni Azərbaycan Partiyası xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrildi.

Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında partiyanın yeni Sədri – Prezident İlham Əliyev seçilib. Bu, Heydər Əliyevin siyasi irsinə sadiqliyin bariz nümunəsi idi. Həmin vaxtdan başlayaraq, YAP yeni inkişaf mərhələsinə qədəm qoydu, beynəlxalq əlaqələri daha da genişləndirildi və Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi partiyaya çevrildi. Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, dünya miqyasında tanınmış lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.

5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir.

Partiya yarandığı gündən Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məram Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq ictimai-siyasi sabitlik milli həmrəylik güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 31 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlərdə Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş çox önəmli hadisələr yaşanmışdır. Uğurlardan danışarkən bu günümüzün ən əsas uğuru, sevinci, qüruru bütün uğurlarımızın zirvəsində dayanan, dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuş şanlı Zəfərimizdir. Bu gün artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Azərbaycan bayrağı Respublikanın hər yerində dalğalanır. Bu şanlı tarixin şahidi olmağımızı Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borcluyuq.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər