Məcburi köçkün adı altında 30 ilə yaxın yaşamış vətəndaşlarımız artıq bu adın ağrı-acısı altında yaşamırlar. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç sonralar işğaldan azad olunan digər ərazilərə də yol aldı. Bu Azərbaycanın gücünün göstəricisidir.
STRATEJİ İNKİŞAF MƏRHƏLƏSİ
Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
FÜZULİDƏ 380 AİLƏNİN DAİMİ MƏSKUNLAŞMASI TƏMİN OLUNACAQ
Bildiyimiz kimi, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan ərazilərə köçlər davam edir. Böyük Qaydışımız əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə növbəti mərhələdə 122 ailə (461 nəfər) köçürüləcək. Bununla da şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin olunacaq. Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Laçın da abadlıq-quruculuq işləri davamlı olaraq həyata keçirilir. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı ardıcıl olaraq davam edir. Bildiyimiz kimi, bir neçə gün əvvəl - noyabrın 14-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olundu. Laçın şəhəri bu dəfə daha 10 ailəyə qucaq açmış oldu. 40 nəfər laçınlının yurd həsrəti bitdi. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşdu. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
ZABUX KƏNDİ NÖVBƏTİ 25 AİLƏNİ QARŞILADI
Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdürdü. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Əlbəttə ki, Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsidir. Onu da qeyd edək ki, noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı da ünvanına çatdı. Laçının Zabux kəndi həmin gün 25 ailəyə qucaq açdı və daha 94 nəfərin yurd həsrəti bitmiş oldu.
Noyabrın 18-də isə Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürüldü. İndiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.
Noyabrın 20-də isə Zabux kəndi növbəti 25 ailəni qarşıladı. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bununla da indiyədək Zabux kəndində 96 ailənin, yəni, 382 nəfərin daimi məskunlaşması təmin edilib.
İQTİSADİ GÜC VƏ DİNAMİK İNKİŞAF
31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olublar.Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar.Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz güclüdür və siyasi iradənin gücü bütün çətinliklərə müvəffəq olur.
Zümrüd BAYRAMOVA