PDF Oxu

Siyasət

  • 4 155

İslam dünyasından Şuşaya açılan qapı TƏHLİL

image

Milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı kimliyini tarixi hadisələrin gedişində təsdiqləyib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması Azərbaycanın mübarizələrlə dolu həyatında mücadilə apararaq azadlıq eşqini reallaşdıran xalq olduğunu dünyaya mesaj olaraq çatdırdı. Bütün aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasına, dəstəkləməsinə, beynəlxalq tədbirlərdə və platformalarda həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmasına baxmayaraq, heç bir səmərəsi olmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə reallaşdırmağa imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin Zəfəri kimi tariximizə yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazaraq erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan yeni dövrünə qədəm qoyaraq məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə böyüklüyünü, xalq-iqtidar birliyini, iqtisadi gücünü, əzmini təqdim edir. Dövlət başçısının rəhbərliyi ilə hərb meydanında azadlığı, müstəqilliyi yolunda mübarizə aparan, mücadilə edən Azərbaycan yeni reallıqlar yaradaraq işıqlı, daha uğurlu bir yola qədəm qoyub.

28 il həsrət qaldığımız qədim Şuşamıza yollar açılıb. Şuşanın başı üstünü alan qara buludlar səmtini dəyişib. Alınmaz qala, mədəniyyətimizin beşiyi Şuşanın al, əsrarəngiz bir libasda nəbzi böyük Zəfər atəşi ilə həmahəng döyünür. İllərlə həsrətdə qaldığımız və halından xəbər tuta bilmədiyimiz Qarabağın tacı yeni bir ruzigarını yaşayır. Sınmayan, əyilməyən məğrur Şuşa qapısından qovduğu düşmənə kimliyini sübut edərək, Şuşa dağlarından, Cıdır düzündən sezilən intizara son qoydu və buzlaşmış, donmuş nəfəsinə təbiətin rəngarəngliyi istilik gətirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza belə müjdənin verilməsi tarixi yaddaşımızda bir aforizmə çevrildi. Artıq biz Şuşaya qayıtmışıq. Tarixi yaddaşı əsrlərin sorağı olan Şuşaya. O Şuşaya ki, daşlaşmış yaddaşında tariximiz, keçmişimiz yaşayır. Bu torpaqdan boy atan böyük sənətkarların sənət dünyasına şahidlik edən Şuşanın hər daşında, sənət məbədlərində səsi, böyük bir irsi daşlaşıb. İllərin qarı, yağışı o irsi yuyub apara bilməmişdir. Tarixdən bizə məlumdur ki, Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri olub. Qarabağ xanəndələri muğam sənətini daha da inkişaf etdirib, onu daha da zənginləşdiriblər. Şuşanın klassik xanəndələri bütün Qafqazda, Mərkəzi Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaradıblar.

ŞUŞA, "CIDIR DÜZÜ", "İSA BULAĞI" HƏSRƏTİNDƏ OLDUĞU ZAMANA SAHİBDİR

Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi zamanından oxuyuruq ki, XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Xalq əfsanəsinə görə isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırmışlar. Demək, bu büllur kimi saf məkandan hər şey aydın və şəffaf görünür, elə olduğu kimi.

Belə bir şəhərin əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün görülən sürətli işlər Şuşaya olan qayğının təzahürüdür. Dövlət başçısının məlum Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Bu münasibət qədim şəhərin özəlliklərindən qaynaqlanır. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu və bu yol onun beynəlxalq aləmdə tanınması üçün geniş imkanlar açmış oldu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşada yenidən əvvəlki yerlərinə qoyulması, mədəniyyət şəhərində vaxtilə keçirilən "Xarıbülbül" festivalının bərpa olunması bu məkandan işıq sürəti ilə dünya ölkələrinə yayıldı. Dünyanın gözü şəhərin gözəlliyinə yönəldi. 2022-ci il dövlət başçısı tərəfindən Şuşanın bərpasının sürətləndirmək məqsədilə "Şuşa ili" elan olundu. Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada olaraq tarixi Zəfərimizin təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, yeni dostlar qazanmaq imkanı əldə etdilər. Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisi keçirildi. Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoyması təqdirəlayiq hal kimi dəyərləndirildi.Şuşa şəhərinə qonaq gələnlər Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Qazançı kilsəsi, Şuşa qalası və Cıdır düzü, erməni separatçıları tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri ilə tanış olaraq yararsız hala salınan məkanlar haqqında təsəvvürlərinin daha da genişləndirmiş oldular. Şuşa dünyaya açıq qapıdır. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşdu. Artıq hər kəs rahatlığa qovuşub. Dini-mədəniyyət abidələrimiz təmir bərpa olunur. Şuşa, "Cıdır düzü", "İsa bulağı" həsrətində olduğu zamana sahibdir.

TARİX SUSMUR, DANIŞIR…

Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayırırdı. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini yerlə-yeksan etmiş, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini və s. dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Bəli, tarix susmur danışır…İşğaldan azad olunan Şuşada qısa zamanda həyata keçirilən yenidənqurma işləri nəticəsində şəhər dünyanın ən gözəl məkanları siyahısında öz layiqli yerini tutacağına şübhə yoxdur. Heydər Əliyev Fondu tərəfindən də bərpa layihələri həyata keçirilir. Bunların sırasına Mehmandarovların malikanə kompleksinin təmir və bərpası, dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işləri, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.

Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardandır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. İl ərizində türk dünyasının mədəni tədbirləri keçirildi və bu hələ də davam etməkdədir. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Qarabağın tacı olan Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi böyük həqiqətlərə söykənir. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiq olan şəhərdir. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

"İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI"

Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. Belə ki, dövlət başçısının Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur. Bu gün Şuşaya gələcək hər kəs bu mövcud vəziyyəti bir daha görəcəkdir. Qısa bir zamanda cənnəti xatırladacaq Şuşa nəinki türk, islam dünyasının bütün bəşəriyyətin mədəniyyət paytaxtına çevriləcəkdir. Şuşamızda keçiriləcək tədbirlərdə iştirakçı olacaq hər bir kəs möcüzələr diyarı ilə xoş təəssüratlarla ayrılacaqlar.Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Bu gün Azərbaycanın, türk və islam dünyasının mədəniyyət beşiyi qədim Şuşa yeni bir dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər