PDF Oxu

Siyasət

  • 1 498

Yol infrastrukturu: 20 günə 13 Sərəncam -TƏHLİL

image

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Bəli, abad yol məxsus olduğu ölkənin əsasən iqtisadi vəziyyətinin göstəricisidirsə, digər tərəfdən isə insan amilinə verilən dəyərin, bütün bunların fonunda isə mədəni cəmiyyətin, rifahlı həyatın göstəricisidir.

Əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələr kimi, yol infrastrukturunu da daim diqqət mərkəzində saxlayır. Bütün bunların nəticəsidir ki, paytaxt Bakı və buradan regionlara şaxələnən yollar beynəlxalq standartlara cavab verən səviyyədə yenilənir. Müstəqillik illərində ölkəmizdə tək şəhərlər deyil, ucqar kənd yolları da yenilikdən pay alır, insanların rahatlığı, təhlükəsizliyi təmin edilir. Ötən müddətdə 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunel tikilib və ya təmir olunub. Azərbaycan bu gün avtomobil yollarının keyfiyyətinə görə MDB ölkələri arasında birinci yerdədir. Davos hesabatına əsasən isə bu baxımından Azərbaycan dünyada 27-ci yerdədir.

13 istiqamətdə yeni yollar

Bu gün Azərbaycan müharibədən cəmi 3 ildir, çıxan bir ölkədir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində sürətlə bərpa işləri görülür. Dövlətimizin əsas xərcləri həmin şəhər, qəsəbə və kəndlərin yenidən qurulmasına ayrılır ki, soydaşlarımız tezliklə öz ata-baba yurdlarına qayıda bilsinlər. Belə bir dövrdə dövlət başçısı tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə dekabr ayının 20 günündə 13 Sərəncamın imzalanması, bunun üçün 33 milyona yaxın vəsaitin ayrılması və bu işlərin azad olunmuş torpaqlarda aparılan böyük miqyaslı tədbirlərlə paralel şəkildə həyata keçirilməsi ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Həm paytaxt Bakının, həm də regionlarımızın yollarının müasirləşdirilməsini proritet məsələ kimi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 4 dekabr, "Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 5 dekabr 2023-cü il Sərəncamları azad torpaqlarımıza uzanan yolların yenidən qurulmasına xidmət edir.

Dövlətimizin başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" və "Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 8 dekabr, "Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" və "Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 11 dekabr 2023-cü il tarixli Sərəncamları isə Bakı şəhərinin və buradan bölgələrə istiqamətlənən yolların keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlərdir.

Eləcə də Prezidentin "Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 13 dekabr və "Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 14 dekabr, "Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 15 dekabr, "Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" və "Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 18 dekabr, "Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" və "Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" 19 dekabr 2023-cü il tarixli Sərəncamları 20 gün ərzində imzalanmış 13 dövlət sənədi olmaqla, ölkəmizin yollarının abadlığı, yenidən qurulması, ümumilikdə isə insanların rahatlığı məqsədi daşıyır.

Bu sərəncamların icrası ilə ölkəmizin çox əhəmiyyətli minlərlə kilometr avtomobil yolu beynəlxalq standartlara uyğun, müasir şəkildə tikiləcək və vətəndaşların istifadəsinə veriləcəkdir.

30 il əvvəlki, 30 il sonrakı yollar

Belə bir deyim var: görünən kəndə nə bələdçi? Bu deyimlə yola çıxıb onu yollara da şamil etməklə deyə bilərik ki, görünən yol da özü haqqında özü məlumat verir, ona bələdçi lazım deyil.

Yəqin ki, ölkəmizin 30 il əvvəlki, yəni müstəqilliyimizdən öncəki yollarını xatırlayanlar olar. Şəhərli-kəndli avtomobil, kəndarası yolların miskinliyi insanların rahatlığını əlindən almışdı. Bundan kənd yerlərində yaşayanlar daha çox əziyyət çəkirdilər. Şəhərlərə gedən yollara yenə də kəndlərlə müqayisədə bir qədər yaxşı demək olardı. Lakin rayonlararası, kəndlərarası yollar demək olar ki, bərbad vəziyyətdə idi. Onların abadlaşdırılması haqqında isə düşünən yox idi. İnsanlar yarım saatlıq yolu saat yarıma qət etməli olurdular. Kəndlərdən rayon, şəhər mərkəzlərinə getmək bu qədər vaxta başa gəlirdi. Bu da əhalinin vaxt itkisinə səbəb olurdu. Həmin ərazilərdə yaşayan sakinlərin bir gün vaxtını alırdı. Hələ xəstə insanların xəstəxanalara çatdırılması daha çətin idi. Dəfələrə şahidi olmuşuq ki, yolların bərbadlığı üzündən insanlar həyatla vidalaşıblar. Onları vaxtında xəstəxanaya çatdırmaq mümkün olmurdu.

Statistikaya nəzər yetirsək, o illərdə yol qəzalarının miqyası ilə də tanış ola bilərik. Payız-qış aylarında yağışlı-qarlı bərbad yollar daha təhlükəli olurdu. Bu səbəbdən də yol qəzaları tez-tez baş verirdi.

Kəndiçi yolların vəziyyəti isə daha dözülməz idi. Elə ki yaz, payız fəsli oldu, yağışlar yağmağa başladı, palçıqlı yollar insanları əldən salırdı. Bu yollarla iş yerinə, mağazaya, baxçaya, məktəbə yollanmaq böyük çətinlik yaradırdı. Hələ uşaqların vəziyyəti daha dözülməz idi. Çünki onların gücü çatmırdı ki, palçıq tutmuş ayaqlarını qaldırıb addım atsınlar. Evlərindən müəyyən qədər məsafədə yerləşən məktəblərə uşaqlar belə çətinliklə gedib-gəlirdilər. İşıqlandırılması olmayan belə yollarda gecələr hərəkət etmək həm təhlükəli, həm də çətin idi. Bu səbəbdən də insanlar işlərini elə planlaşdırırdı ki, axşam toran vaxtından sonra küçəyə çıxmasınlar.

Bir rayondan digər rayona, bir kənddən digər kəndə uzanan yollar da bərbadlıqda heç də kəndiçi yollardan geri qalmırdı. Bərbad yollar həm bir neçə saat çox vaxt sərfinə, həm də yolçuların yorğunluğuna səbəb olurdu.

Müstəqilliyimiz bərpa olunan illərdə tənəzzülə uğramış iqtisadiyyatımız sonralar dirçəldikcə, bütün sahələr kimi, yol infrastrukturu da ildən-ilə yenilənməyə başladı. Planlı şəkildə həyata keçirilən yol tikintisi bu gün müasirliyi ilə göz oxşayır. Həinki şəhərlərimizə, ucqar kəndlərimizə belə hamar, asfaltlı yollar uzanır. Bu yollar insanların vaxt itkisini də aradan qaldırıb. Onlar istədikləri yerə rahat şəkildə gedib-gələ bilirlər. Bəzən qış aylarında kəndlərimizdə olarkən uşaqların məktəbə gediş-gəlişini gördükcə o illərin əziyyətlərini yada salır və bugünkü inkişafımızla, dövlətimizin vətəndaşına münasibəti ilə qürur duyuruq. Bu gün paytaxt Bakıdan hansı regiona üz tutursan tut, səni mənzil başına abad yollar aparır. Bu yollarda nə vaxt itirirsən, nə də ki yorulursan. Çünki bu yollar müstəqillik illərində bir neçə dəfə təmir olunub, indi isə beynəlxalq standartlara uyğunlaşdırılır.

"Zəfər yolu"- 30 ilin yolu

Bu yolu biz qətrə-qətrə düşməndən azad etdik, metr-metr abadlaşdırdıq. Bu yol 30 il idi ki, düşüncələrimizdə xəyali bir yol idi, sonda gerçəyə çevrildi. Biz 30 il idi ki, Qarabağa, işğal olunmuş rayonlarımıza gedən yollardan xəbərsiz idik. 30 il idi ki, bizi o torpaqlara aparan yollar yağı tapdağı altında idi. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı, dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində 2020-ci ilin payızında cəmi 44 gündə İkinci Vətən Müharibəsi ilə torpaqlarımızı düşməndən geri aldıq. İtkilərimiz oldu, sağlamlıqlarını itirən qazilərimiz oldu. Lakin biz şərəfimizi qoruduq, canımız bahasına torpaqlarımızı geri aldıq.

Müharibə bitən kimi dərhal torpaqlarımızda quruculuq işlərinə başlanıldı. Bu gün Qarabağda miqyasına görə dünyaya səs salan işlər həyata keçirilir. Yol infrastrukturu isə azad torpaqlarımızda başlanan ilk iş oldu. Çünki abadlığa, inkişafa aparan yol bu yollardan keçməli idi. Ötən illərin ən gözəl, bənzərsiz yolu çəkildi Şuşaya- "Zəfər yolu". Bu yol Qarabağın baş tacı olan Şuşaya 30 ilin hicranının üstündən çəkilən vüsal yolu oldu. Zəfərimizin, qələbəmizin, şərəfimizin yolu oldu. Bu yol Hacıqabul-Horadiz, Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndindən, Çaxmaq meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol 2021-ci il oktyabrın axırlarında istifadəyə verilib.

Şuşaya digər avtomobil yolu Hacıqabul-Horadiz–Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət zolağı var. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin olunacaq və "Zəfər yolu" ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Bu gün Laçına, Kəlbəcərə, Zəngilana, Cəbrayıla, Füzuliyə, Ağdama, işğaldan azad edilmiş rayonlarımızın hər birinə yollar çəkilir. Çəkilir ki, bu yollar sonadək Böyük Qayıdışa şahid olsun.

Yol turizmdir

Azərbaycan özünün coğrafi mövqeyinə görə beynəlxalq aləmdə xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağında yerləşir. Buna görə də müxtəlif səbəblərdən ölkəmizə gələn insanlar buradakı turizm imkanlarından da növbəti səfərlərində yararlanmaq istəyirlər.

Yol isə həm də turizmdir, turizmin var olmasının, inkişafının, perspektivinin əsasıdır. Ölkəmiz hər il minlərlə turistin üz tutduğu ünvanlardan olduğu, həm də turizmə hər fəsil qoyun açdığı üçün illərdir ki, turistik bölgələrimizə gedən yollar abadlaşdırılır. Bu gün Şəkiyə, Şamaxıya, Qubaya, Qəbələyə və digər rayon və şəhərlərə abad yollar uzanır.

Biz insanlar belə bir psixologiyaya malikik ki, ən gözəl yerə abad yolla getmiriksə, bir daha səyahət üçün gözəlliyinə, səfalılığına baxmayaraq oranı seçmirik. Abad yolu olan başqa yerlər axtarırıq. Deməli, yol həm də turizmin özüdür. Turizm, ilk növbədə, yoldan başlanır, desək daha yerinə düşmüş olar. Turizm üçün məkan, hava, ətrafdakı istirahət mərkəzləri, xidmət sahələri nə qədər əhəmiyyətlidirsə, yol bütün bunlardan dəfələrlə əhəmiyyətlidir. Çünki biz rahatlıq tapa biləcəyimiz, istirahət edəcəyimiz yerlərə həmin yollarla gedirik. Və o yollar bizdə ilkin təəssüratları yaradır. O təəssüratlarla da gedəcəyimiz yerə növbəti dəfə də üz tuta və yaxud oradan birdəfəlik imtina edə bilərik. Ölkə başçısının sərəncamları ilə 13 istiqamətdə tikiləcək yeni avtomobil yolları da gələcəkdə turizmin inkişafına töhfələr verəcəkdir. Çünki bu yollar da Vətənimizin dilbər guşələrinə aparan yollardır. Yaxın gələcəkdə bu yerlərin sakinləri kimi, qonaqları da həmin yolların abadlığına, gözəlliyinə heyranlıqla baxacaqlar.

Yol mədəniyyət, həm də həyatdır…

Mədəniyyətdir, ona görə ki, yol mənzil başından xəbər verir. Mənzilbaşı isə ölkələrdir. Yollar ölkənin iqtisadiyyatını ortaya qoyur. İnkişafından, tərəqqisindən söhbət açır. Yol ölkələrin rəhbərlərinin insan amilinə dəyərindən danışır…

Yol mədəniyyətdir, əgər abaddırsa. Yol mədəniyyətdir, əgər müasirdirsə… O yolda ki, təhlükə yoxdur, deməli, mənsub olduğu ölkədə böyük mədəniyyət vardır. Çünki insan amilinə dəyər verilir. Onların rahatlığı, təhlükəsizliyi diqqətdə saxlanılır. Avtomobil ötdükcə toz-duman qalxırsa, çala-çökəklərin üzərindən keçdikcə içəridə əyləşən insanlar narahat olursa, yol yol deyil, mədəni səviyyə isə yerində deyil, deməkdir.

Yol bir də həyatdır. Bəli, həyatdır. Evimizdən iş yerimizə, mağazaya, marketə, parka, metroya, məktəbə və sair yerlərə qədər məsafədən tutmuş dünyanın üz tutacağımız bütün ölkələrinədək, yol həyatdır. Çünki bu həyatın içərisində biz insanlar varıq. Bizim rahatlığımız bir metrdən kilometrələrədək uzanır. Biz bir metrdə də, min kilometrdə də rahat, təhlükəsiz olmalıyıq. Buna haqqımız var, çünki insanıq. Həyatda rahatlıq, firəvanlıq şəraitində yaşamaq da haqqımızdır. Yol həyatdır. Təhlükəsizdirsə, bəli, həyatdır. Çünki evimizdən çıxıb hansısa yola üz tuturuqsa, o yol evə dönəcəyimizə təminat olmalıdır.

Nə xoş bizə ki, Azərbaycan kimi ölkənin vətəndaşlarıyıq. Burada insan amilinə o qədər dəyər verilir ki, müharibədən cəmi 3 ildir çıxmış ölkədə budur, yeni yollar çəkilir. Həm də Qarabağda gedən quruculuq işləri ilə paralel şəkildə. Deməli, dövlətimizin siyasətində insan amili ən vacib prioritetdir. 20 gün ərzində yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı imzalanan 13 Sərəncam buna bariz nümunədir.

Mətanət Məmmədova

Digər xəbərlər