Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan həmvətənlilərimizin təşkilatlanması, ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Diaspor quruculuğu işi daima Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edib. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Heydər Əliyev olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Azərbaycan diasporu bu gün bir məslək və əqidə ətrafında yetərincə birləşərək, ölkəmizin mənafeyi istiqamətində ardıcıl iş aparır. Qloballaşan dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək kimi məqsədləri reallaşdırmaq üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin, zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda Ulu Öndər Heydər Əliyev qurultayın məqsədinə, qarşıya qoyulan məsələlərə aydınlıq gətirərək, bildirmişdi ki, hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər və o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da, məhz bu məqsədi daşıyır".
Bir il sonra 5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Artıq imzalanan bu rəsmi sənəddən bu gün 20 il keçir. Tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə artmışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 500-ə yaxındır. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar. Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Azərbaycan diasporu təşkilatlanaraq, ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb və tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar.
Mövcud vəziyyət, belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində, diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Almaniya, İspaniya, Qazaxıstan və İtaliya kimi onlarla dövlətdə fəaliyyət göstərir. Dünya ölkələrində Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkül tapıb. Diasporun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlib.
"MƏN ÇOX İSTƏYİRƏM Kİ, XARİCDƏ FƏALİYYƏT GÖSTƏRƏN DİASPOR TƏŞKİLATLARI DA BİR NÖQTƏYƏ VURSUNLAR, BİRLƏŞSİNLƏR"
Ölkəmizdə keçirilən dünya azərbaycanlılarının qurultayları da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələr sırasındadır. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana - doğma Vətənə gəlir, birliyi və həmrəyliyi nümayiş etdirirlər. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq" deyərək, birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin". Qurultayda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsinin aparılması dünya azərbaycanlılarının daha da sıx birləşməsinə təkan oldu.
Azərbaycanın bir sıra dünya ölkələrdəki formalaşmış diaspor fəalları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Son vaxtlar ölkəmizin siyasi həyatında baş verən hadisələr zamanı soydaşlarımızın vətən naminə atdığı addımlar, yumruğu bir yerə vurması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bir amal, məqsəd uğurunda birləşməsinin bariz nümunəsidir. Bu gün əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəni bütün dünya azərbaycanlıları yaşadı. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycpaanlı həmrəy oldu. Bir yumruq ətrafında birləşirdi. Bu, ən böyük uğurlarımız sırasındadır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının qəlbi doğma yurdla döyünür. Əlbəttə ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Dünya ölkələri tərəfindən tanınması, haqq səsinin dünyaya çatdırılmasında kifayət qədər güclüdür, güclü diasporu formalaşıb. Vətənin haqq səsini yaşadıqları ölkələrdə ifadə gücündədirlər. Azərbaycan diasporunun belə mütəşəkil olması əlbəttə ki, diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır.
Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Mövcud vəziyyət belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar.
AZƏRBAYCAN XALQI GƏLƏCƏYƏ BÖYÜK ÜMİDLƏRLƏ BAXAN SÜLHSEVƏR XALQDIR
Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi tariximizdə yeni səhifə açdı. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.
Qurultayda Prezident İlham Əliyev öz çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər", - deyib.
Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bu gün isə artıq Azərbaycan xalqı bu torpaqlarının əsil sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş etdirir və bir daha özünün yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalq olduğunu hər kəsə sübut edir. Şuşa bu gün hər bir Azərbaycan vətəndaşının, eləcə də xaricdə yaşayan soydaşlarımızın qürurunun ünvanıdır.
Dünya Azərbaycanlılarının V Qurultayı da, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük strategiyanın, milli həmrəylik konsepsiyasının uğurlu davamının məntiqi kimi xarakterizə olunur.
«AZƏRBAYCAN XALQI BU DÖVRDƏ DƏ BİRLİK, HƏMRƏYLİK GÖSTƏRƏCƏK, GÜCLÜ İRADƏ GÖSTƏRƏCƏK»
Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq».
Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq, yenidən xalqımıza qələbə sevincini yaşatdı. Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildi. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq: "Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır... Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".
24 saata yaxın davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi.
Zümrüd BAYRAMOVA