PDF Oxu

Siyasət

  • 3 688

Naxçıvan Muxtar Respublikası-100 Naxçıvan Azərbaycandan necə ayrı düşdü? III YAZI

image

1991-ci ilin noyabr ayının axırları idi. Bakıdan Naxçıvana gedən son qatarda hazırda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli ilə bir kupedə yol yoldaşı idik. Bu, o zaman idi ki, artıq ermənilər düz bir il olardı ki, Naxçıvanı blokadaya almışdı. Ermənistan ərazisindən keçərək Naxçıvana verilən elektrik enerjisi və təbii qaz xətləri dağıdılmış, muxtar respublika işıqsız və qazsız qalmışdı. Bu son qatar da mütəmadi işləmirdi. Çox tez-tez qatarların qarşısı daşnaklar tərəfindən kəsilir və ya daşa tutulur, maşinistlər döyülür, təhqir olunur, sərnişinlərin həyatı isə təhlükə qarşısında qalırdı. Lakin Bakı və ölkənin digər rayonları ilə əlaqə saxlamaq üçün Naxçıvan sakinləri həyatlarını təhlükə qarşısına qoysalar da, qatardan istifadə etmək məcburiyyətində idilər.

Lakin bu qatar son qatar idi. Bu qatardan sonra artıq 33 ildir ki, Naxçıvana Bakıdan bir daha qatar yola düşməyib. Elə Naxçıvanın Azərbaycandan ayrı düşməsi səbəblərini də bu son qatarda hörmətli Fəxrəddin müəllimin söhbətindən dinlədik. Çünki son qatarda Mehridə iki gün qalmalı olduq, həm də böyük təhlükə ilə üz-üzə... Sonra göndərilən vertolyot bizi Naxçıvana apardı. Bu söhbətin təfsilatı ilə dinləmək üçün yetərincə vaxtımız var idi.

Söhbət necə oldu ki, açıldı? Kupemizin yarıaçıq qapısı qarşısından ötən iki nəfərin söhbəti içəridə aydınca eşidilırdi. Onlardan biri: – Meğriyə nə vaxt çatarıq?

“Səhərə yaxın”, – deyə o biri cavab verəndə, Fəxrəddin müəllim yerindən dik qalxıb, qapını tamam araladı və buradan keçməkdə olan iki gənc oğlana hirslə:

–Hansınız idi Meğri deyən?

Oğlanlardan biri cavab verdi:

–Mən.

–Adın nədir?

–Murad.

Fəxrəddin müəllim:

–Elə deyil, oğul, oranın adı Meğri deyil, Mehridir. Ora bizim əzəli torpağımızdır. Başımıza gətirilən oyunların nəticəsində indi öz torpağımızın adını siz gənclər səhv deyirsiniz. Bu, böyük bir tarixdir. Hər kəsin bilməli olacağı bir tarix. Əlimizdən zorla alınsa da, barı özümüz bu adları dəyişdirilmiş yurd yerlərinin əsl adlarını qoruyub saxlayaq axı.

Gənc oğlanın bir anda yanaqlarına allıq çökdü, səhvini dərhal anladığı, çox utandığı açıqca hiss olunurdu... Başını aşağı dikib, ”üzr istəyirəm”, – dedi. Onun bu hərəkəti yəqin Fəxrəddin müəllimin xoşuna gəldi ki, ötən illərin tarixinə yolçuluğa çıxıb söhbətə başladı:

–1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərə­findən İrəvanın ermənilərə güzəşt edilməsindən sonra ermənilər Naxçıvanı ələ keçirmək üçün daha da fəallaşmışdı. Həmin zaman Amerika Birləşmiş Ştatlarının bölgədə rolunun artması erməniləri daha da şirnikləşdirdi. Naxçıvana təzyiqlər artırdı, buna görə də bölgəni ermənilərin işğalından qorumaq üçün əhalinin təşəbbüsü ilə 1918-ci ilin noyabrında Araz-Türk Respublikası yaradıldı. Çox geniş bir ərazini – 8696 kvadrat kilometri, o cümlədən Naxçıvan və Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, Sərdarabadı, Uluxanlını, Vedibasarı, Qəmərlini, Mehrini, Sürməlini əhatə edən və 1 milyon nəfərə yaxın əhalisi olan Araz-Türk Respublikasının paytaxtı Naxçıvan şəhəri idi. Az bir müddət yaşamasına baxmayaraq Araz-Türk Respublikası əhalinin erməni təcavüzünə qarşı səfərbərliyə alınmasında, bölgənin erməni işğalından qorunmasında mühüm rol oynayırdı. Bu işdə əsası daha əvvəllərdən qoyulmuş, Araz-Türk Respublikası tərəfindən isə təşkilatlandırılmış milli qüvvələr - batalyonlar, o cümlədən Kəblə Muxtarın rəhbərlik etdiyi Nehrəm batalyonu, Kəblə Kərimin rəhbərlik etdiyi Cəhri batalyonu, Məhəmmədrza bəyin rəhbərlik etdiyi Dizə batalyonu, Hüseyn Əliyevin rəhbərlik etdiyi Şərur batalyonu, Həsən Şalıverdi oğlunun rəhbərlik etdiyi Şərur-Sədərək kəndlərindəki birliklər, Məşədi Ələsgər ağanın rəhbərlik etdiyi Yengicə qüvvələri, Möhsün Camalovun rəhbərlik etdiyi Kərkər qüvvələri, Fətullah Hüseynov və Kərbəlayi Həbib bəyin başçılığı ilə Cəlilkənd-Zeyvə-Düdəngə kənd qüvvələri, İbrahimxəlil Axundovun rəhbərlik etdiyi Ordubad batalyonu mühüm rol oynamışlar. Bütün bunların sayəsində, əhalinin qüvvəsi ilə Naxçıvan erməni təcavüzündən xilas oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü təmin olundu.

1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərə inanaraq 23 noyabr 1919-cu ildə Ermə­nistanla bağlanmış müqavilənin şərtlərinə əsasən öz qoşunlarını Zəngəzurdan çıxardı. Bundan istifadə edən ermənilər Zəngəzuru tutdu və Naxçıvanın Azərbaycandan ayrı düşməsinin əsası qoyuldu. Zəngəzurun bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi Naxçıvan bölgəsinin blokadaya salınması, onun Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi ilə nəticələndi.

Əzəli və tarixi Azərbaycan torpağı olan, hazırda indiki Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur ərazisi qədim zamanlardan Azərbaycan xalqına məxsus Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən, qədim zamanlardan Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olan və əhali tərəfindən Zəngəzur mahalı kimi tanınan bu ərazinin bir hissəsi Xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlığının tərkibində olmuşdur. Mahal ərazisinə daxil olan torpaqlar el qaydası ilə Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrinə bölünmüşdür. Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra digər Azərbaycan torpaqları kimi, əhalisi ancaq Azərbaycan türklərindən ibarət olan Zəngəzura da İrandan və Osmanlı imperiyasından çoxlu erməni köçürülmüş, bununla da ərazidə onların sayı süni surətdə artırılmışdır.

Hələ Rusiya imperiyası dağıldıqdan sonra, XIX yüzillik boyu buraya köçürülən və yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzur ərazisində türk-müsəlman əhaliyə qarşı böyük soyqırımlar törətmiş, yüzlərlə yaşayış məskənini dağıtmış, əhalini deportasiya etmişlər. Bu qırğınlar 1918-ci ilin mayın sonlarında Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin yaranmasından sonra da davam etdirilmişdir. Təkcə erməni quldurlarından Andronikin, Njdenin və Dronun dəstələrinin basqınları nəticəsində 1918-ci ildə Zəngəzurun 115 kəndi yerlə-yeksan edilmiş, əhalisinə divan tutulmuşdu. Bu qırğınlar zamanı 3257 kişi, 2776 qadın, 2196 uşaq qətlə yetirilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, bütün qəza üzrə 10068 nəfər müsəlman əhalisi öldürülmüş və şikəst edilmiş, 50 mindən çox adam didərgin düşərək Azərbaycanın kəndlərinə pənah gətirmişdi.

“Aydın oldu, oğul?”, – deyə Fəxrəddin müəllim gənc oğlandan soruşdu.

Oğlan sanki sinifdə yeni dərsi izah edəndən sonra müəllimin, ”Aydın oldumu, uşaqlar?” – sualına verilən cavab kimi:

“Bəli, müəllim”, – dedi.

Fəxrəddin müəllim:

–Bax, beləcə Mehrini etdilər Meğri. Bu qatar yolu Bakıdan Naxçıvanadək əzəli Azərbaycan torpaqlarıdır. Siz də gözünüzü açıb qatarınızın “Ermənistandan “ da keçdiyini görmüsünüz. Amma elə deyil, övlad, elə deyil.

Fəxrəddin müəllim nə isə fikirləşirmiş kimi görünürdü. Və birdən davam etdi:

–29 noyabr 1920-ci ildə Ermənistan SSR-in yaradılmasından sonra ermənilərin Naxçıvana olan ərazi iddiaları daha da genişləndi. Bu zaman V.İ.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. İ.Stalin hələ Ermənistanda sovet hakimiyyətinin qurulmasından əvvəl, 4 noyabr 1920-ci ildə AK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu və RK(b)P Qafqaz Bürosu üzvlərinin iştirakı ilə “Ermənistanda vəziyyət” məsələsi müzakirə edilərkən belə bir bəyanatla çıxış etmişdi ki, əgər bilmək istəyirsinizsə, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə (yəni Daşnak hökumətinə) vermək olmaz, Sovet hökuməti olanda vermək olar. Bu bəyanat elə bir vaxtda verilmişdi ki, artıq Qırmızı ordu hissələri Cənubi Qafqaza daxil olmuş, Azərbaycanı, az sonra Naxçıvanı sovetləşdirmişdi. Ermənistanın sovetləşməsinə lap az qalmışdı. Başqa sözlə desək, Ermənistan 29 noyabrda, yəni bəyanatdan 25 gün sonra sovetləşdi. Deməli, İ.Stalin bu vəziyyəti qabaqcadan görür və faktiki olaraq Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsini istəyirdi. Məhz buna görə də Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Beləliklə, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan bölgəsi süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı.

Bizim kupenin qarşısına xeyli adam toplaşmışdı. Onlardan biri:

–Muxtariyyət olmasaydı, Naxçıvanın taleyi də bəlli olmayacaqdı.

Fəxrəddin müəllim bu fikrə də açıqlama gətirdi:

–Əlbəttə. Bu məsələlər o qədər planlı şəkildə həyata keçirilirdi ki... Məqsəd Naxçıvanı aradan götürüb hazırca loxma kimi mənimsəmək idi. Muxtariyyət statusu bu loxmanı düşmənin ağzında zəhərə çevirdi. Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Moskva və Qars müqavilələrinin də böyük rolu oldu.

Nəriman Nərimanovun bu məsələdə prinsipial mövqeyi, Behbud ağa Şahtaxtinskinin Moskvada apardığı danışıqlar Naxçıvan məsələsində Moskvanın mövqeyinin dəyişməsinə öz təsirini göstərdi. Ümumiyyətlə, Behbud ağa Şaxtaxtinskinin Naxçıvana muxtariyyət statusunun verilməsində çox böyük xidmətləri olmuşdur. O hətta Moskvaya, Vladimir İliç Leninə məktub yazmış, həmin məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Məktubda tarixi Azərbaycan torpaqları olan ərazilər, həmin yerlərin coğrafiyası, əhalisinin milli tərkibi haqqında məlumatlar verilmiş, fikirlərini sübut etmək üçün Moskvaya bir sıra arayışlar göndərilmişdi. Bütün bunlar Leninin diqqətini cəlb etmiş, nəticədə Siyasi Büro onun təklifi ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan SSR-in təşkili haqqında qərar qəbul etmişdi.

16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında bağlanan Moskva müqaviləsi, bunun ardınca 13 oktyabr 1921-ci ildə Qarsda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə imzalanan müqavilə Naxçıvanın ərazi mənsubiyyətini, hətta sərhədlərini belə təsdiqlədi. Ancaq müxtəlif səbəblərdən Naxçıvan Muxtar Respublikasının yaradılması ləngimiş, 27 fevral 1923-cü ildə III Ümum Naxçıvan Sovetlər qurultayının qərarı ilə Naxçıvan Muxtar Diyarı yaradılmışdı. Nəhayət, 9 fevral 1924-cü ildə Azərbaycan MİK Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Beləliklə, qədim və əzəli Azərbaycan ərazisi olan Naxçıvan 1920-1923-cü illərdə Naxçıvan SSR, 1923-1924-ci illərdə Naxçıvan Muxtar Diyarı, 1924-cü ilin 9 fevralından 1990-cı ilin 17 noyabrınadək Naxçıvan MSSR adlanmışdır. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ildə yeni seçilmiş deputatlarının iştirakı ilə 17 noyabrda keçirilən ilk sessiyasına sədrlik edən Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Həmin vaxtdan Azərbaycanın bu qədim diyarı Naxçıvan Muxtar Respublikası adlanmağa başladı.

Kupemizin qarşısındakı adamların sayı get-gedə artırdı. Hətta vaqon nəzarətçisi də bu sıxlığa heç nə demirdi. Bir tərəfdə sakitcə dayanıb söhbətə qulaq asırdı. Sanki burada danışılanlar onun dərdi-səri idi, ürəyindən xəbər verirdi. Çoxdan gözlədiyi söhbət bu gün açılmışdı. Axı o, dəfələrlə daşlanan, güllə-baran edilən bu qatarda xəsarət almışdı.

Yaşlı bir kişi söhbətə qarışdı:

–Ay qardaş, bunlar tarixən belə olublar da. Başqasının hesabına guruldayanlar, vicdansızlar. Bizdədir axı günah. Niyə unutmuşuq bunların əməllərini, niyə yenidən qapımızı açmışıq üzlərinə? Naxçıvanda törətdikləri faciələri, camaata olmazın müsibətlərini yaşatdıqlarını ata-babamız yana-yana nağıl edib həmişə. Bizimsə bunlara yenidən yazığımız gəlib. Ta bilməmişik ki, düşmən elə düşməndir, sadəcə məqam gözləyir.

Fəxrəddin müəllim yaşlı kişinin söylədiklərinin davamını gətirərək dedi:

–Elədir, bəli. Naxçıvan bunların həmişə iştahasında olub. Özlərini dost kimi göstərib düşmən planlarını cızıb, məqam gözləyiblər. 1918-ci ilin arxiv materialları, tədqiqat əsərləri, baş verən faciələri gözləri ilə görən müasirlərin xatirələri və sair faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, 1918-ci il Naxçıvan əhalisi üçün böyük müsibətlərlə başlanıb. Qafqaz cəbhəsində məğlub olaraq ərazini tərk edən Rusiya ordusundan aldıqları döyüş sursatı ilə güclü surətdə silahlanmış erməni quldur dəstələri artıq mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində faciəli qırğınlar törədiblər. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının, Ordubadın kəndlərinə qəfil basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməyibmiş.

Arxiv materialları təsdiq edir ki, 1918-ci il yayın əvvəllərinə qədər ermənilər çoxlu miqdarda müsəlman kəndini yandırmış, minlərlə günahsız insanı qətlə yetirmişlər. Belə bir vaxtda Naxçıvan ərazisi Azərbaycan xalqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanət etdiyinə görə bir qulağı kəsilməklə cəzalandırılan qaniçən general Andronik Ozanyanın hücumlarına məruz qalır, 1918-ci ilin iyun ayında Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andronik öz qoşunları ilə Arazın cənub sahilləri boyunca şərqə doğru hərəkət edir və Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olur. Yaycı kənd əhalisi mühasirəyə alınır. Hücum nəticəsində dörd minə yaxın qadın, uşaq və yaşlının çoxu qətlə yetirilir. Ölənlər o qədər çox, qalanlar o qədər az imiş ki, ölənləri dəfn etməyə adam yox imiş.

Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andronikin quldur dəstələri Yaycıdan sonra Ordubad rayonunun Aza, Dizə, Düylün kəndlərinin əhalisini demək olar ki, qılıncdan keçirir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal edir. Dövri mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andronik Gilançay, Əlincəçay və Naxçıvançay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə qətlə yetirmişdir. Baş verən bu hadisələrlə əlaqədar ordubadlılar və Naxçıvan əhalisi Bakıya vurduqları teleqramlarda bildirirdilər ki, Andronikin quldur dəstəsi burada amansız qırğın aparır və talançılıqla məşğul olur.

Məhz belə bir şəraitdə vəziyyətdən çıxış yolu axtaran naxçıvanlı demokratik ziyalıların və milli burjuaziyanın təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılır. Milli Şura yerli əhalinin köməyi ilə təkcə Naxçıvanda deyil, geniş miqyasda Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları erməni quldur dəstələrinin qırğınlarından qoruyur. Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Naxçıvana köməyə gələn türk qoşunları ilə Naxçıvan əhalisi, xüsusilə yerli gənclərdən təşkil olunmuş könüllü özünümüdafiə dəstələri ermənilərin Naxçıvanı tutmaq və yaratmaq istədikləri xəyali “Böyük Ermənistana” qatmaq arzusunun həyata keçirilməsinə mane olur. Ümumiyyətlə, Naxçıvan əhalisi bütün vaxtlarda Naxçıvanı Azərbaycanın tərkib hissəsi hesab etmiş və süni surətdə ayrı salınmış ana torpaqla – Azərbaycanla birləşmək uğrunda mübarizə aparmışlar. Naxçıvan əhalisi fikrini dəfələrlə birmənalı şəkildə bildirmişdi ki, mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz.

Adamların arasından orta yaşlarda olan bir kişi səsi eşidildi:

–Məsələ ordadır ki, bu bədnamlar arxalı köpəkdilər. Düz çarın dövründən Qorbaçovun dövrünədək qızışdırılıb ortalığa salınanlar olublar. Onlar barmaqlarını haraya tutublarsa, oraya da gediblər. Silahı-sursatı əllərinə verib, “ get bunu et”, – deyiblər, onlar da ediblər. Məgər erməninin milləti olub, yoxsa torpağı, tarixi olub, nəyi olub ki, nəyi də itirəcəyindən qorxa? Bunlarda günah varsa, bunların arxasında duranlarda, iki qonşunu bir-birinə vuranda, bu axmaqları aldadıb yollarından çıxaranlarda, onlardan istifadə edənlərdə ikiqat günah var.

1905-1907-ci illər qırğınlarından bir neçə il sonra, 1911-ci ildə Məmməd Səid Ordubadinin yazdığı “Qanlı sənələr” adlı kitabı da sənədlər toplusu olaraq bu məsələlərdən bəhs edirdi. Müəllif Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 600-dən artıq mənbəyə istinadən 245 məktub və digər materiallar əsasında on minlərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kəndlərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin qərəzsiz xronikasını yaradıb. M.S.Ordubadi faktların və hadisələrin təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran səbəbləri də təhlil etməyə çalışıb və onları belə qruplaşdırıb: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlövlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə ermənilərin muxtariyyətə can atması”.

Ancaq tarix də sübut edir ki, naxçıvanlılar əllərində silah olmasa da, canlarını sipər edərək yurd-yuvalarını hər zaman qoruyublar.

Fəxrəddin müəllim də onun dediklərini təsdiqlədi:

–Çox düzdür, elə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin də etiraf etdiyi kimi, Naxçıvan əhalisinin igidliyi, qəhrəmanlığı, vətənpərvərliyi sayəsində çox çətin və mürəkkəb şəraitdə bölgənin ərazi bütövlüyü qorunub saxlandı, ermənilərin “Böyük Ermənistan” xülyasının gerçəkləşməsinə imkan verilmədi. Əgər belə olmasaydı, ermənilər Naxçıvanı ələ keçirəcək və tariximizdə 1924-cü ildən bəri şərəfli iz buraxan Naxçıvan Muxtar Respublikası da yaradılmayacaqdı. Ancaq çox təəssüflər olsun ki, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevlə açıq mübarizədə heç bir nəticə əldə edə bilməyən və iflasa uğrayan bəzi qüvvələr onu hakimiyyətdən kənarlaşdırmaq, siyasi həyatdan təcrid etmək üçün min oyun törədirlər. Burda məqsəd yaranmış vəziyyətdən istifadə edib Naxçıvanın muxtariyyət statusunu ləğv etmək və bəzi dairələrin bununla istəklərinə nail olmaqdır. Lakin bunu bacara bilməyəcəklər. Bu uşaq-muşaq kiminlə qarşı-qarşıya dayandıqlarının hələ fərqində deyillər deyəsən.

Naxçıvanın muxtariyyət statusu göz bəbəyi kimi qorunur. İnşallah, erməniləri ortalığa salanların arzuları ürəklərində qalar. Onlara “Böyük Ermənistan” sözü verənlərin bu, ancaq yuxuları olar.

***

Beləliklə, Naxçıvanın Azərbaycandan necə ayrı düşməsi tarixini Fəxrəddin müəllimin tarixi faktlara söykənən söhbətlərindən dinlədik. O zamandan bizi artıq 33 illik zaman fasiləsi ayırır. Ötən dövr ərzində müstəqilliyimizi əbədi etmişik, 90-cı illərdə itirdiyimiz torpaqları düşməndən geri alıb ölkəmizin ərazi bütövlüyünü təmin etmişik. Çox yaxın zamanda isə müzəffər Ali Baş Komandanımızın səyi ilə Naxçıvanı anası Azərbaycanla birləşdirən yollar da bərpa ediləcək. 1991-ci ildəki həmin son qatar bir qərinədən sonra yenidən Bakıdan Naxçıvana doğru irəliləyəcək, naxçıvanlıların illərlə qarşılaşdığı problemlər aradan qaldırılacaq. Bunun üçün ölkəmizdə illərdir, tədbirlər həyata keçirilir. Hətta 2020-ci ilin 10 noyabrında tarixi Zəfərimizdən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndi də sırf Naxçıvanla əlaqədardır. Baxmayaraq ki, Ermənistan bəyanatda üzərinə düşən öhdəlikdən artıq 4-cü ildir ki, qaçır, lakin dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində yaxın gələcəkdə Naxçıvan məsələsi öz həllini tapacaqdır.

Mətanət Məmmədova

Digər xəbərlər