Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərə də həyat qayıdır. “Böyük Qayıdış” Proqramı əsasında burada yüksək standartlara malik bərpa-quruculuq işləri aparılıb, öz doğma yurduna qayıdan soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfəri, burada sakinlərlə görüş zamanı Kəlbəcər şəhərinin, eyni zamanda Ağdərənin yeni, inkişaf edən simasını gördük. Bu, “Böyük Qayıdış” Proqramının uğurla icrasını təsdiqləyir.
Dövlətimizin başçısı Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində vacib mesajlar da səsləndirdi. İşğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyətində olmadığını, o vaxtkı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə bütün səylərini münaqişənin dondurulmasına yönəltdiyini xatırlatdı. Cənab Prezident bir daha bəyan etdi ki, məhz həmsədrlərin qərəzli mövqeyi səbəbindən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. İşğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların öz doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına bu məkrli planların hamısını alt-üst etdi, öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Mürəkkəb relyefə malik olan Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra böyük uğuru idi. Beləliklə, Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Məhz Azərbaycanın gücü, siyasi iradəsi sayəsində regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan-Ermənistan münasibətləri də yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakının müəllifi olduğu, bu günlərdə paraflanmış sülh müqaviləsi də Azərbaycanın maraqlarını təmin edir. Bunu dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə də qeyd etdi. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmək öhdəliyi götürüb. Cənab Prezident eyni zamanda tarixi diyarımız olan Naxçıvanla quru bağlantısının təmin olunmasına da diqqət çəkdi. “Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul edir.
Azərbaycan Prezidentinin verdiyi mesajlardan biri də vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşiliyin heç vaxt yaddaşımızdan silinməməsi idi. Yəni, Ermənistanla münasibətlər normallaşsa da, xalqımıza qarşı törədilən etnik təmizləmə, işğal, soyqırım heç vaxt unudulmamalıdır.
Müzəffər Ali Baş Komandan eyni zamanda xəbərdarlıq etdi: “Əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq.” Bu, həm Ermənistandakı revanşistlərə, həm də bu regionda eskalasiyada, yeni münaqişə ocağının yaranmasında maraqlı olan qüvvələrə xəbərdarlıq idi.
Nigar Məmmədova
Milli Məclisin deputatı