PDF Oxu

Siyasət

  • 2 054

Rusiya Ermənistanın hərəkətlərindən bezib - RƏYLƏR

image

Görünür, Rusiya Ermənistanın KTMT-yə hücumlarından tam bezib. Bu, başa düşüləndir. Bir tərəfdən İrəvan blokun tərkibində qalır və sanki ondan çıxmaq niyyətində deyil, digər tərəfdən də vaxtaşırı təşkilatı “hərəkətsizlikdə” ittiham edir, Qərblə, o cümlədən NATO ilə hərbi-texniki əməkdaşlığı gücləndirir. Görünür, Moskva bundan bezib və artıq bu oyunu bitirmək istəyir.

Bu həftə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin İrəvandakı həmkarlarını “ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə” çağırıb.

“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, bizim erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar”,- diplomat bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da İrəvanı konstruktiv əməkdaşlığa çağırıb. “Bu mənada KTMT çərçivəsində aktiv qarşılıqlı fəaliyyətə qayıdış ilk növbədə Ermənistanın özünün maraqlarına cavab verir”,- Zaxarova bildirib.

Moskvanın İrəvana çağırışlarını necə dəyərləndirməliyik? Doğrudanmı Moskva münaqişə üçün yalvaran İrəvanı yola gətirmək istəyir? Rusiyalı ekspertlər bu suallarla bağlı fikirlərini “Caliber” analitik mərkəzinə şərhlərində bildiriblər. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik.

Jurnalist və siyasi müşahidəçi Timur Bulqakovun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanla bağlı bəyanatları, Rusiya və KTMT-yə qarşı ictimai tənqidi dayandırmağa çağırış ilk dəfə deyil.

“Ermənistandakı siyasi xadimlərin bugünkü ritorikası, yəqin ki, Ukraynada baş verənləri görmələri və Zəngəzuru itirə biləcəkləri və Azərbaycanın Sevan (Göyçə- red.) sahilinə çıxacağından qorxmaları ilə bağlıdır. Baxmayaraq ki, indi, bəlkə də, Fransanın Ermənistana onlarla zirehli texnika verməsindən sonra İrəvanda “uğurdan” bir növ baş gicəllənməsi var və bu “zəfər” bəzi erməni siyasətçilərinin şüurunu qaraldır. Amma başa düşməliyik ki, daha bahalı və mühüm hərbi texnikanın göndərilməsi Qərb ölkələri üçün daha mürəkkəb məsələdir. Onu da başa düşməliyik ki, Ermənistanın can atdığı NATO standartlarına keçid üçün bu ölkəyə götürməyə yeri olmayan nəhəng pullar lazımdır. Fransa və ya ABŞ çətin ki, ikinci və ya üçüncü maraqlara görə Ermənistana belə əhəmiyyətli resurslar ayırmağa hazır olsun”,- T.Bulgakov qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın Gümrüdəki 102-ci Rusiya hərbi bazasına qarşı təxribat və şantaj cəhdlərinin olacağı gözlənilir. Amma bunların çoxu yalnız Ermənistanın nəhəng siyasi və hərbi itkiləri və Azərbaycanın həm regionda, həm də bütün Avrasiya məkanında güclənməsi fonunda öz üzünü hansısa yolla xilas etmək üçün edilir.

“Düşünürəm ki, Ermənistan hakimiyyəti fəal bəyanatlara, Qərb tərəfdaşları ilə məsləhətləşmələrə, Qərb ölkələri, ilk növbədə Fransa və ABŞ-la təmaslara baxmayaraq, möhkəm təhlükəsizlik zəmanəti ala bilmədiklərinin fərqindədir. Bu zəmanəti yalnız KTMT verə bilər. Bütün bu gülünc oyuna baxmayaraq, KTMT-də iştirak məsələləri Ermənistan üçün çox həssas və son dərəcə vacibdir”,- deyə T.Bulgakov vurğulayıb.

Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi işçisi, “Archon” jurnalının baş redaktoru, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti, politoloq, Anton Bredixin qeyd edib ki, Rusiya artıq yorulub. Ermənistan rəhbərliyinin daim KTMT-yə qarşı ittihamlar səsləndirməsi və bu bloku tərk etməklə hədələməsi faktlarından bezib.

“Xatırladıram ki, hətta Ermənistanın KTMT-yə sədrliyi dövründə də münasibətlərdə böhran var idi, İrəvan təşkilat daxilində dağıdıcı fəaliyyət göstərdi, baxmayaraq ki, yığılmış məsələlərin müzakirəsinə düzgün başlamaq mümkün idi. Amma bu gün, tutaq ki, Ermənistan tamamilə Qərbin əlinə təslim olanda, onun əsas tərəfdaşı və “bacısı” Fransa olanda, İrəvanın özü isə, faktiki olaraq, NATO-yönlü siyasət yürüdəndə, Rusiya cavab istəyir- bu nə vaxta qədər davam edəcək və prinsipcə nə üçün aparılır, İrəvan nəyə nail olmağa çalışır?

Əgər siz KTMT-də dəyişikliklərin olmasını istəyirsinizsə, lütfən, təklif edin, sadəcə tənqid və fərq qoymadan ittiham etməyin. Ona görə də Rusiya israr edəcək ki, Ermənistan KTMT-nin effektiv üzvü olsun və blokun dağılması məqsədini daha da irəli apararaq boş hücumlar etməsin”,- deyə A.Bredixin yekunlaşdırıb.

Tərcümə - ELçin Bayramlı

Digər xəbərlər