Siyasət

  • 2 995

Qalib Lider İlham Əliyev: “Sözümüz imzamızdır” ŞƏRH

image

Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri bir sıra məqamları ilə yaddaqalan oldu və tariximizdə önəmli yer qazandı. İlk ondan başlayaq ki, zəfər seçkiləri adlandırılan bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazisində, o cümlədən işğaldan azad edilən ərazilərdə də keçirildi. Seçki günü ən əlamətdar hadisə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Bu, sıravi bir hadisə deyildi. Prezidentin Xankəndində səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.

Fevralın 14-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu nitq söylədi. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Cənab Prezident bildirdi ki, indi isə yeni dövr başlayır. "Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur”. Azərbaycanın artan iqtisadi və maliyyə imkanları fonunda ordu quruculuğu istiqamətində atılan addımların davamlılığından bəhs edən Əliabbas Salahzadə bildirib: “Dövlət büdcəmizdən ayırmalarda ilk yer hərbi xərclərdir. Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi bütün dövrlər üçün əsas istiqamət olub. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. Otuz il Ermənistanın vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar”.

Gəlin əldə edilən iqtisadi inkişaf tempinə nəzər salaq. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasında öz sözünü deyir. İlham Əliyev təkcə cari ilin ötən bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı barədə aydın təsəvvür yaratdı. Belə ki, bu ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün qeyd edildi ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Dinamikanın olması sabaha daha böyük inamla addımlamağa əsas verir. Bu fakt inkaredilməzdir ki, İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir.

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki digər bir fikri də çox önəmli idi. Preziden dedi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.”

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan ədalətli və prinsipial yanaşmalarına sadiqdir. Lakin postmüharibə dövründə revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın təlimatları ölkə hüdudlarından kənardan aldığı aydın şəkildə müşahidə edilir. Məlumdur ki, uzun illər ərzində Ermənistan və təcavuzkar dövlətin ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Bu səbəbdən rəsmi İrəvan dünyada hərbi cinayətkar ölkə kimi tanınmalıdır. Bir neçə gün öncə baş verən təxribat da rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Prezident İlham Əliyev bildirib: “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. ”

Bəli, bu fikirlər Qalib Liderin öz xalqının parlaq gələcəyi üçün düşündükləri, gələcək fəaliyyət proqramıdır. Bir sözlə, Prezident İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı proqram xarakterli idi və qarşıdakı dövrdə yeni hədəflərə dair konkret istiqamətləri özündə ehtiva edirdi. Çıxışının sonunda isə Prezident İlham Əliyev xüsusi vurğuladı: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər