Siyasət

  • 1 193

Dūnyaya sūlh mesajları TƏHLİL

image

Dūnya ölkələrdə baş verən hadisələrin fonunda deyə bilərik ki, münaqişə ocaqlarının alovlanması artıq insanları birliyə dəvət edir: sülhə çağırış. Sülh bütövlükdə dünya insanın arzuladığı nemətdir, dəyərdir. Sülh olan yerdə əmin-amanlıqdan, inkişafdan danışa bilərik. Sülh insanların azadlıq arzusudur. Bir şeirin dili ilə desək, sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar. Bəli, dünya insanı sülh istəyir, gözəl, firavan həyat, qansız-qadasız bir dünya. Dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması insanlar dinindən, irqindən asılı olmayaraq ədalətli bir dünaya yaşamasına imkanlar yaradır. Bu məfhumun anlamı konkret olsa da geniş bir fikri, bütün dünyanı axarına salıb işıqlı bir aləmdə yaşamasına yollar açır. Mən sülh istəyirəm, hər kəs bunu qətiyyətlə deməlidir. Sülh şəraitini pozan müharibələrin ağrı-acısını milyonlarla insanlar dadıb.

Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir. Qloballaşan dünyada sülhün olması və qorunması vacib hesab olunur. Sülh bugünkü dünyanın, zamanın tələbinə çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər məhz sülhün bərqərar olunmasını tələb edir. Sülh əlbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərində anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinləşir. Müharibələr, zorakılıq, dini zəmində qarşıdurmalar, kəskin münaqişələrin yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir.

SÜLH BƏŞƏRİYYƏTİN ƏN ÇOX EHTİYAC DUYDUĞU VASİTƏDİR

Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir.

Əlbəttə ki, bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə sülhdür. Əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayışı tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır.

Sülh təmin olunmadığı halda insanlar qorxu və vahimə içərisində psixoloji gərginliklər yaşamış olurlar. Azərbaycan neçə-neçə qanlı müharibələrin şahidi olub. Yüzlərlə şəhid verib bu müqəddəs torpaq. Müharibə təkcə zirehli tanklarla, silah sursatla, mərmi ilə əsgərlərin üzərinə hücum etmək deyil, müharibə həm də günahsız insanların qanlarını axıtmaq, indiyədək qurulanları, tikilənləri bir raket zərbəsi, top mərmisi ilə dağıtmaq deməkdir. Necə ki, 44 günlük Vətən müharibəsində Bərdəmiz, Gəncəmiz erməni təcavüzkarlarının təcavüzünə tuş gəldi. Uzun illər idi ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmamış qalırdı. Dünyanın ən tolerant, sülhsevər xalqı olan Azərbaycan Ermənistanın təcavüzünün ağrı-acısını yaşayırdı. 30 ilə yaxın işğalda olan torpaqlarını azad etmək məqsədi ilə sülh danışıqları aparsa da, bu nəticəsiz qaldı. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqda idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görsə də, Ermənistan çirkin niyyətindən əl çəkmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət bərpa olundu. Bu gün dünyada sülhə çağırışlar ediriksə, onda dinc sakinlərin - qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir.

"ÖLKƏMİZDƏ DİNİ-MİLLİ ZƏMİNDƏ HEÇ BİR QARŞIDURMA, YAXUD DA ANLAŞILMAZLIQ OLMAMIŞDIR"

Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir, bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır. Ermənistanla müharibədə minlərlə şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsi hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzindədir.

Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Azərbaycan dinindən və irqindən asılı olmayaraq, bəşər insanına məhəbbət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".

Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam edir. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda, Azərbaycan reallıqları həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir. Qoy hər yandan sülh qoxusu gəlsin, sülh və birgəyaşayış təmin olunsun. Münaqişə ocaqlarının alovlanmasının qarşısı alınsın. Buna dünya həmrəylik göstərməlidir. Dünyaya sülh gərəkdir!

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar fonunda sülh və sabitliyin daha etibarlı qarantına çevrilən Azərbaycan uğurlu siyasətini davam etdirməkdədir.

Nəzakət ƏLLƏDDİNQIZI

Digər xəbərlər