PDF Oxu

Siyasət

  • 1 881

Ermənistan - şahmat taxtası üzərində piyada - ANALİZ

image

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi barədə aldığımız xəbərdən və bu dəfə isə onların Qərbə sığınaraq belə aktivləşməsini müşahidə edəndən sonra belə bir sual çıxır meydana: görəsən Ermənistan tarixdə bir gün dövlət olaraq özü öz edəcəyinə qərar verə biləcəkmi? Nə qədər havadar axtarmaq olar, nə qədər kimsəyə sığınmaq, ondan kömək dilənmək olar?

Bir qərinə öncə Ermənistan keçmiş sovetlər birliyinə necə sığınmışdısa, bir qərinə sonra isə özünə yeni sığınacaq tapıb. Bu, Qərbdir. Regionda sakitliyin, əmin-amanlığın düşməni olan Qərb, budur, öz murdar mənafeyi naminə Ermənistana havadar çıxıb şahmat taxtası üzərində piyada olan dövləti yeni təhlükələrə sürükləyir.

2020-ci ildə 44 günlük müharibədə ağ bayraq qaldırıb təslim olduğunu elan edən bir dövlət o qədər itki qarşısında 4 ilə yaxın bir dövrdə neçə dirçəldi ki, yenidən bu qədər texnikanı sərhədimizə toplayır. Elə buradan aydın görünür ki, o, özünə yeni havadar tapıb. Yenə şahmat taxtası üzərində piyadaya çevrilib, əmr hansı tərəfə verilirsə, o tərəfə də meyl edir. Maraqlıdır, görəsən Ermənistan Azərbaycandan nə istəyir? Nə üçün erməni xalqı ayağa qalxıb övladlarını ölümə sürükləyən bu dövləti devirmir? Nə üçün onlara bir “bəsdir” deyən yoxdur?

Bu günə nəzər saldıqda ötən illər və bu illərin hər birində ermənilərin dəyişməz xisləti göz önünə gəlir.

Tarixə qısa bir nəzər

1988-ci il idi. Azərbaycan da 14 müttəfiq kimi Sovet Sosialist Respublikaları İttifaqının tərkibində, yəni böyük imperiyanın buxovunda əzilməkdəydi. Biz onda məktəbli idik. Ermənilərin xalqımıza qarşı soyqırımları, əzəli torpaqlarımızın vaxtilə onlara verilməsi haqqında çox məlumatımız var idi. Ancaq bizə elə gəlirdi ki, həmin hadisələr tarixin müxtəlif zamanlarında baş verib, bitib, artıq o cür hadisələr təkrarlanmaz. Axı ermənilərlə qonşu idik, gedirdilər, gəlirdilər... Azərbaycanın bütün şəhər, rayon, kəndlərində bizimlə birlikdə yaşayırdılar. Nə bilərdik ki, bu qonşuluqdan kənar olmuşlar yeni planlarla, yeni arzularla yaşayır. Elə həmin il sərhədlərimizdən gələn xəbərlər bütün həyatımızı alt-üst etdi. Ermənilər sərhəd rayonlarımızı atəşə tutur, insanlar qorxu, vahimə içərisində yaşayırdı. Beləliklə, günlər keçdikcə xəbərlər bəzən səngiyir, bəzənsə yenidən gündəmə gəlir, hər kəsin diqqəti sərhədlərimizə yönəlirdi. Sən demə bütün bunlar qarşıda Birinci Qarabağ Müharibəsinin başlanması üçün görülən tədbirlər imiş...

Beləliklə, Birinci Qarabağ Müharibəsi başladı. Əgər 1988-1990-ci illər dağıntıları, səksəkələri, itkiləri ilə bu müharibənin başlanğıcı idisə, sonrakı iki il isə torpaqlarımızın bir-birinin ardınca ermənilər tərəfindən işğal olunduğu illər oldu. Niyə işğal olunurdu bu əzəli Azərbaycan torpaqları, səbəb nə idi? Bunun bir çox səbəbləri var idi. Birincisi, bu hələ iki əsr öncənin nəsihəti idi ki, ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməli, yerli əhali sıxışdırılıb aradan çıxarılmalı idi. İkincisi, artıq 1918-ci ildə olduğu kimi, xalqın müstəqillik qığılcımlarının alova çevrilməsi SSRİ-ni narahat etməyə başlamışdı. Bu respublikanı əldə, həm də əsarətdə saxlamaq, eyni zamanda ermənilərin “Böyük Ermənistan” yaratmaq arzuları fonunda işğal siyasətindən daha əhəmiyyətlisi ola bilməzdi.

İşğal siyasəti isə çox da çətinliklə başa gəlmədi. Çünki ölkəmizə rəhbərlik edən, xalqını qoyub yadların sözünü dinləyən, xalqını, mənəviyyatını, namus anlamında olan torpağını yox, vəzifəsini düşünən ozamankı Azərbaycan rəhbərləri ilə bu işdə əlbirlik asanlıqla başa gəldi. Qarabağlılar bütün bunlardan xəbərsizcə öz torpaqlarını qorumağa çalışarkən, ölkəmizin digər yerlərindən onlara köməyə gedənlər canlarını bu torpaqlar yolunda qurban verərkən sən demə o torpaqlar çoxdan satılıbmış. Bu səbəbdən də orada döyüşənlərə heç bir yardım, köməklik göstərilmirdi. Bütün bunları sonradan torpağından didərgin salınanlar, zorla qovulanlar, köçürülənlər, hansı ki, o döyüşlərdə iştirak etmişlər, etiraf edirdilər. Etiraf edirdilər ki, dəfələrlə yardın edilməsi tələbinə baxmayaraq rəhbərlik susurdu.

Adı var, özü yox orduya sahib idik. SSRİ Azərbaycanda güclü ordunun formalaşmasına əsla maraqlı deyildi. Çünki bizim ordumuzun olması ona sərf etmirdi. Bu, böyük bir siyasətin nəticəsi idi ki, ordumuz o səviyyədə saxlanılırdı. Bunu o dövrlərdə əsgəri xidmətdə olub, fəhlə batalyonlarında xidmətini başa vuran övladlarımızın da simasında yaxşı görmüşdük, öz-özlüyümüzdə təsdiq etmişdik. Ordumuz bizdən tonlarla neft mənimsəyənlərin əvəzində bizə verdikləri müasirlikdən əsər-əlaməti olmayan köhnə silah, sursat, texnika yığnağı idi. Bu isə möhkəm silahlandırıb üstümüzə göndərdikləri qonşu erməninin qarşısında bizi aciz vəziyyətinə salmaqdan başqa bir şey deyildi.

O zaman işğal olunan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Xocalı və bunlar kimi digər rayonlarımızın əhalisi düşmən qarşısına ov silahı, təsərrüfat alətləri ilə çıxırdı. Nə edəcəkdilər o qədər güclü silahlandırılmış erməniyə? Bizim rəhbərlik necə? Bilə-bilə ki, torpaqları satıb, heç bir köməklik də göstərməyəcək, ermənilər isə ən müasir silahlarla silahlanıblar, 5 ilə qədər əsgəri xidmətdə saxladığı əsgərləri də, o torpaqların dinc sakinlərini də gözünü belə qırpmadan qırğına verirdi. Bilə-bilə insanların məhvinə, şəhid olmasına, yaralanmasına şərait yaradırdı.

Elə bu səbəbdən də Birinci Qarabağ Müharibəsində itkilərimizin sayı çox oldu. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib”.

Çünki o müharibə sadəcə insanların öz ata-baba yurdlarını qorumaq müharibəsi idi. Nəticə etibarilə isə o qədər torpağı itirdik, soydaşlarımız bir qərinəyə qədər qaçqın, köçkün, didərgin adlarını daşımalı, ölkənin şəhər və rayonlarına sığınmalı oldular.

Nəticə: 30 il Qarabağsız

Ötən qərinənin başlanğıcında havadarlı Ermənistanın addımı ilə düz otuz il Qarabağsız yaşamalı oldu qarabağlılar. Qurulu evlərini, əzizlərinin məzarlarını, həyət-bacalarını, həyət dolu mal-heyvanlarını, bar üstündə saysız-hesabsız ağaclarını, ən əsası isə torpaq ətrini geridə buraxıb didərginə, köçkünə, qaçqına çevrildilər. Müharibədən sonrakı ilk illərdə şəraitsiz evlərdə, çadır şəhərciklərdə olmazın çətinlikləri ilə qarşılaşdılar. Sonrakı illərdə onlar üçün hərtərəfli şərait yaradıldı, problemləri dövlətimiz tərəfindən diqqətdə saxlanıldı. Lakin onların yurd təşnəsi hələ sızlamaqda, torpaqlarına qovuşmaq istəkləri içlərini göynəltməkdə idi. Dünyasını dəyişən yüzlərlə insan oldu 30 ildə. Ürəkləri yurd eşqi ilə parça-parça olmuş insan. Bir daha torpağının ətrini duymayan, əzizinin qəbrini ziyarət edə bilməyən, ürəyi nisgilli, qərib məzarlı insanlar...

Qarabağı bir daha görə bilməyən insanlar... O torpaqlara bir daha ayağı dəyməyən insanlar. O bulaqların suyundan içə bilməyən insanlar. Qarabağ yalnız yuxularında onların olan insanlar...

İkinci Qarabağ Müharibəsi: ZƏFƏR

Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra işğalına son qoyulan torpaqlarımızın geri alınması da ötən illərdə hər gün həllini gözləyən məsələ olmuşdu. Torpaqlarımızın geri qaytarılmasının danışıqlar yolu ilə mümkün olmazsa, müharibə yolu ilə olacağını söyləyən Ulu Öndərin davamçısı, Prezident cənab İlham Əliyevin də ölkəmizə rəhbərlik etdiyi illərdə bu məsələ fəaliyyətinin əsas istiqaməti olmuşdur. 2020-ci ilədək ötən 17 il ərzində beynəlxalq təşkilatlara dəfələrlə müraciət edilmiş, onlar Azərbaycanın haqq səsinə səs verməyə, ədalətsizliyə son qoymağa çağırılmış, erməni xisləti, yalanı dünyanın mötəbər kürsülərindən ifşa edilmişdir.

Ötən illər ərzində dövlət-xalq birliyi ölkənin hərtərəfli inkişafına səbəb olmuş, xüsusilə iqtisadiyyatımız güclənmiş, bu isə güclü ordunun yaranması ilə nəticələnmişdir. Hər il dövlət büdcəsindən ordumuzun inkişafına ayrılan vəsait müasir təchizat məsələlərinin həlli olmuşdur ki, bunun 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ Müharibəsində şahidi olduq. Həm də tək biz yox, bütün dünya şahidi oldu.

Vətənin harayına səs verən, sinəsini Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan övladlarımız bu xalqa qələbənin şirinliyini daddırdılar. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək planlı şəkildə-az itkisiz və qısa vaxtda torpaqlarımızı qəsbkarlardan geri aldılar. Dövlətimizin başçısının dediyi kimi: “...İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı”.

Bəli, bütün dünyanın şahidi olduğu həmrəyliyimizlə, yaşından asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-cı illərlə müqayisəyəgəlməz ordumuzla, ən əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfər qazandıq.

Əgər Birinci Qarabağ Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, İkinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oldu. O qədər şəhidlə əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqla, səriştə ilə rəhbərliyin göstəricisi, yazılan şanlı tarixdir. O tarix ki, vərəqləndikcə hünərdən, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpərvərlikdən, həmrəylikdən söhbət açacaq. Minlərlə şəhidi olan Birinci Qarabağ Müharibəsi isə bu tarixin səhifələrinə əliyalın insanların hünəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb.

Ermənistan yenə də piyadadır...

Budur, Ermənistan yenə də şahmat taxtası üzərində piyada rolunu yeniləyib. Bir vaxtlar sovetlər birliyinə sığınan Ermənistan, illərdir ki, Fransa ilə qardaşlıq edir, bu gün isə yeni Qərb dövlətlərinə sığınaraq onlardan havadarlıq alır. Onun Azərbaycan sərhədlərinə texnika yığması ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşündən ilham aldığını sərgiləyir. Ermənistan bu görüşdən cəsarətlənir və revanşizmə başlayır. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür.

Maraqlıdır, Qərb nə etmək istəyir? Özünü demokratik dövlətlər birliyi hesab edən Aİ Ermənistana bu qədər qayğı ilə yanaşdığı təqdirdə, bəs 30 il ərzində Azərbaycana nə üçün belə doğma baxışla nəzər salmırdı? Aydındır ki, regionda sülh və sabitliyə təhdid olan Qərb çirkin və riyakar siyasət yürüdür. İki qonşu dövlət üçün yenidən münaqişə ocağı yaratmağa çalışır. Bəs Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının, bu torpaqlardan məcburi didərgin salınmış minlərlə soydaşının taleyi nə üçün Qərbi bir dəfə narahat etmirdi? İllərlə ədalətə çağırılan Qərb nə üçün gözünü açıb bircə dəfə erməni haqsızlığını görmək istəmirdi? Nə üçün münaqişənin sülh yolu ilə həlli çağırışına qulaqları kar idi?

2020-ci ildə İkinci Qarabağ müharibəsi bitəndən sonra haqlı tərəfin Azərbaycan olduğunu görə-görə dağıdılmış Azərbaycan ərazilərində mina probleminin həllinə necə, hər hansı dəstəyi verdimi?

Erməni xalqı ayağa qalxmalıdır

Bəli, bu gün erməni xalqı ayağa qalxmalı, dövlətin başında duran başıpozuqları düzgün yol seçməyə dəvət etməlidir. Azərbaycanın əzəli torpaqlarını işğal edib, illər uzunu dağıdıb, viranə qoymaqla özününkü olmadığını təsdiq edənləri yeni qan ocağı yaratmaqdan çəkindirməlidir.

Müharibə çox dəhşətli bir hadisədir. Erməni xalqı Qərbin Ermənistanı yeni müharibəyə hazırladığını bütün təfsilatı ilə anlamalı, onu Azərbaycana qarşı silahlandırmağın hansı nəticə ilə başa çatacağını dərk etməlidir. Əks təqdirdə regionda sülhdən, əmin-amanlıqdan söhbət gedə bilməyəcək.

Erməni xalqı ayağa qalxıb Qərbi yerində oturtmağı bacarmalıdır. Kimlərisə öz məqsədləri üçün Ermənistanı hədəf seçməsinə etiraz etməlidir. Çünki bu oyunun sonunda yeni müharibə görünür. Müharibə isə qan, ölüm, itki, dəhşət, vahimə qorxu deməkdir. Bunu yaşayan bir xalq kimi erməni xalqı Qərbin şahmat taxtasında piyadaya çevrilən Ermənistan dövlətinə “dur, tarixdə heç olmasa bir dəfə də özün ol, öz düşüncənlə, ağlınla hərəkət et”, deməlidir. Yoxsa sabah gec ola bilər.

Mətanət Məmmədova

Digər xəbərlər