Siyasət

  • 928

Ənənəvi dostluq və qardaşlıq ŞƏRH

image

Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə oldu. Səfər mühüm məqamlarla yadda qaldı. Prezidentlərin keçirdiyi görüşlər, müzakirə olunan məsələlər, imzalanan çoxsaylı sənədlər münasibətlərimizin inkişafında yeni səhifənin açıldığını təsdiqləyir.

İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdı. Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin noyabr ayında Azərbaycana işgüzar səfəri olmuşdu.

Qarşılıqlı səfərlərin tərəflərdə böyük məmnunluq hissi doğurduğu mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlərdən də aydın olur. Belə ki, dövlət başçısı İlham Əliyevin “Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir” fikirlərinin davamı olaraq Qırğızıstan Prezidenti bildirdi ki, azərbaycanlı qardaşlarımıza ənənəvi səmimi qonaqpərvərliyə və səmimi qəbula görə nümayəndə heyətimizin adından minnətdarlığımı bildirirəm. Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Qarşılıqlı səfərlər, imzalanan sənədlər, bir sözlə, münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Azərbaycan və Qırğızıstan hər zaman bir-birini dəstəkləyir.

Türk dünyasının birliyi bu gün özünü işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-qurculuq işlərinə dəstəkdə də aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Japarova xüsusi təşəkkürünü bildirdi. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan Prezidentləri Füzuli və Ağdam rayonlarında oldu, məktəbin təməlinin qoyulması mərasimində iştirak etdilər. Bu qardaş dəstəyinin böyük əhəmiyyətə malik olduğu xüsusi qeyd edildi. Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirildi. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Göründüyü kimi, türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. O da məlumdur ki, bu ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi nəzərdə tutulub. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Təmasların qurulması fonunda günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılacaq, prioritetlər müəyyənləşdiriləcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası böyük ailədir. 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bu çağırış daim səsləndirlir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.

Fəxrəddin Vəliyev,

YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər