Siyasət

  • 623

Heydər Əliyev: Azərbaycanın rəmzi -TƏHLİL

image

Ümummilli Lider Heydər Əliyev ona görə Azərbaycanın rəmzinə çevrilmişdir ki, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Qeyri-adi idarəçilik bacarığı və polad iradə

Tarixi faktlara nəzər salarkən görmək olur ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Xalqın taleyinin bu mərhələsində - azadlıq və müstəqillik duyğularının artdığı o illərdə Ulu Öndər həmin duyğuları alovlandırdı ki, bu da illər sonra müstəqilliyimizin bərpası ilə nəticələndi.

Hələ 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərkən ölkənin ictimai-siyasi həyatında anarxiya və hakimiyyətdaxili intriqalar baş alıb gedirdi. Azərbaycan sosial-iqtisadi cəhətdən durğunluğun və dərin böhranın yaşandığı geridə qalmış ölkə idi.

Heydər Əliyev dövlət təhlükəsizliyi sistemində işlədiyi ilk gündən əldə etdiyi imkandan istifadə edib böyük vətənpərvərlik və uzaqgörənlik ruhunda öz doğma xalqına xidmət etmişdir. DTK-nın rəhbər strukturlarındakı fəaliyyəti dövründə bu orqanın azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərən Ümummilli Liderimiz respublikaya rəhbərliyə başlayan kimi qısa müddətdə idarəçilik sistemini xeyli möhkəmlətmiş, sosial-iqtisadi tədbirlər həyata keçirmiş, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başlamışdır. Aparılan ardıcıl mübarizə nəticəsində qısa müddətdə Azərbaycanda əlverişli sosial-iqtisadi və mənəvi-siyasi şərait yaradılmışdır.

1970-1980-ci illərdə neft-qaz hasilatı sənayesinə və neftayırma zavodlarının yenidən qurulmasına 4 milyard manatdan çox vəsait qoyulmuşdur. Nəticədə, 1980-ci illərin sonunda Azərbaycan keçmiş SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. 1969-1982-ci illərdə 213 iri sənaye müəssisəsi tikilmiş, sənaye məhsulu istehsalı 2,7 dəfə artaraq əvvəlki 50 ildə olduğu qədər – 101,5 milyard manatlıq məhsul istehsal edilmiş, Azərbaycan sənaye məhsulunun istehsal artımına görə SSRİ-də birinci yerə çıxmışdı. Bakı SSRİ-nin əsas sənaye mərkəzlərindən və beş böyük şəhərindən birinə çevrilmişdi. Azərbaycanın 120-dək müəssisəsində istehsal olunan 350 növ məhsul dünyanın 80 ölkəsinə satılırdı. İxracla idxal arasında 1,5-2 milyard manatlıq müsbət saldo yaranmışdı.

Meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği (2 milyard manat) əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən 2,5 dəfə çox olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmiş, məhsul artımı 11,1 milyard manata çatmışdı. Bu dövrdə 7,7 min kilometr şose, 260 kilometr dəmir yolları çəkilmişdi. 1985-ci ildə Bakı limanından dünyanın 120 limanına gəmilər səfər edir, paytaxtdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə təyyarələr uçurdu. Bakı metropoliteninin 8 yeni stansiyası istismara verilmişdi.

1969-1982-ci illərdə 18,5 milyon kvadratmetr mənzil sahəsi (376,1 min yeni mənzil) istifadəyə verilmiş, 2,2 milyondan çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşmışdı. 1970-1982-ci illərdə iqtisadiyyatın inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdu ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. Bu zaman milli gəlirin yalnız artım hissəsi 5 milyard 370 milyon manat təşkil etmiş, onun adambaşına düşən hissəsi 2 dəfə artmış, 633 min yeni iş yeri yaradılmışdı.

Məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil alaraq yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. 1971-ci il iyul ayının 28-də Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmış, 1970-80-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində iki mindən çox azərbaycanlı zabit hazırlanmışdı. Qısa müddətdə SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikilmişdi.

1970-1980-ci illərdə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 44 muzey, 50 min yerlik 111 kinoteatr istifadəyə verilmişdi. 1980-ci ilin sonunda respublikada artıq ümumi kitab fondu 31,7 milyon nüsxə olan 3858 kütləvi kitabxana, 3212 klub və mədəniyyət evi, 2300 kino qurğusu var idi. 21 min yerlik xəstəxana və poliklinikalar istifadəyə verilmişdi.

1978-ci il Konstitusiyasında Azərbaycan dilinin ali səviyyədə rəsmi dil statusu alması, oncildlik Azərbaycan Sovet Ensiklopediyasının, üçcildlik “Müasir Azərbaycan dili” dərsliyinin işıq üzü görməsi, “Türkologiya” jurnalının nəşrə başlaması, Azərbaycan ziyalılarının imperiyanın təqiblərindən qorunması, görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət mükafatlarının, fəxri adların verilməsi, onların yubileylərinin keçirilməsi, abidələrinin qoyulması, milli ruhlu tarixi filmlərin çəkilişi, mədəniyyət kollektivlərinin və rəssamların qastrol və sərgilərinin təşkili və sair bu kimi faktlar 1970-80-ci illərdə milli-mənəvi həyatın və milli özünüdərk prosesinin sürətli dirçəlişini səciyyələndirirdi.

Beləliklə, Ümummilli Liderimizin sözləri ilə desək: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Azərbaycanda Yeni Azərbaycan

Bütün bu göstəricilər Ulu Öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə də daha fərqli bir şəkildə əldə olunmuşdur. Belə ki, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan yenidən qurulmuş, Azərbaycanda Yeni Azərbaycan yaradılmışdır.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.

Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Heydər Əliyev əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən böyük şəxsiyyətdir. Elə buna görə də xalq Onu özünə Ümummilli Lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də, müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan, bütövlükdə, Ulu Öndərimizin əsərinə çevrildi.

Ötən 20 il: Ümummilli Liderin müəyyən etdiyi strategiya

Ulu Öndərin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və müasir dövrə uyğunlaşdıran Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi aləmində özünəməxsus yeri ilə seçilir. Bütün dünya dövlətləri ölkəmizin başçısı ilə hesablaşır, ona hörmət və ehtiramla yanaşır.

2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət də təkcə Ulu Öndərin deyil, bütövlükdə, Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu Öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman və tarix sübut edib ki, Ulu Öndərimiz siyasətdə heç zaman yanılmayıb. Ötən 20 ildə bunun bir daha şahidi olduq. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə şahid olduq. Sıravi vətəndaşdan tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan böyüyə hər kəsə qayğıda, ehtiramda gördük. Ölkə rəhbərinin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına qayğısında gördük. Ötən 20 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsində, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsində gördük.

Bəli, ordu quruculuğunu xüsusilə vurğulamalıyıq. Çünki ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayıb. Onları ən çox düşündürən yurd yerlərinə qovuşmaq idi. Nə qədər inkişaf etmiş bir ölkədə yaşasalar da, hərtərəfli qayğı ilə əhatə olunsalar da, qaçqınlıq və köçkünlük acısı, yurd həsrəti onları tərk etmirdi. Onlar öz torpaqlarını istəyirdilər. Qarabağ Azərbaycanın yarası idi. Bu yara sağalardısa, Azərbaycan tam ola bilərdi. Bütün bunlar isə dövlətimizin başçısının daim diqqətində olan məsələlər idi.

Ulu Öndərin arzuları reallaşdı

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycan etibarlı əllərdədir.

1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizdir. O mənada ki, xalq çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır. Xalq bir gün öz əzəli torpaqlarını da geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi Liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu. 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələndi.

Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.

Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri və ölkəmizin bugünkü inkişafı ötən 20 ilin hər anında Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, bu gün bütün dünyanın diqqətini özünə yönəldən məqamlardır. Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Bəli, qürur duyuruq ki, Ulu Öndərimizin siyasi yolu uğurla davam etdirilir.

Mətanət Məmmədova

Digər xəbərlər