Prezident İlham Əliyev: "Biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq"
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin əsasını tarixi, mədəni və dini ortaqlıqlar, o cümlədən ənənəvi dostluq və qardaşlıq əlaqələri təşkil edir. Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin dərinləşməsində öz sözünü deyir. Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfəri olub. Səfər ərəfəsində Prezident İlham Əliyev "Kazinform"a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib. "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
"QAZAXISTANA HƏR SƏFƏRİMDƏ DİNAMİK İNKİŞAFI, YENİ UĞURLARI MÜŞAHİDƏ ETMƏK MƏNİM ÜÇÜN XOŞDUR"
Son üç ildə Azərbaycan Prezidentinin qardaş ölkəyə yeddinci səfəridir. "Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir", - deyə dövlətimizin başçısı bildirib.
Ötən onilliklər ərzində tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, strateji və müttəfiqlik tərəfdaşlıq qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil kimi fəal və konstruktiv dialoqu qeyd etmək istərdim. Çünki bu fəaliyyətlər yüksək səviyyədə baş verir və dövlətlərarası münasibətlərin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verir". Ötən illər ərzində iki ölkə möhkəm hüquqi baza - 170-ə yaxın sənəd hazırlayıb, siyasi, ticari-iqtisadi, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradıb. Bu sənədlər arasında "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" (2004-cü il 1 mart, Astana), "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" (2005-ci il 24 may, Bakı), "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Hər iki dövlət beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə həmrəylik nümayiş etdirirlər.
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində "Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə"nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
"AZƏRBAYCAN İLƏ QAZAXISTAN ARASINDA İQTİSADİ-TİCARİ ƏMƏKDAŞLIĞIN SPEKTRİ ÇOX GENİŞDİR"
İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. "Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik, - deyən Azərbaycan Prezidenti bildirib ki, hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir: "Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub". Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
İki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
TÜRK ELMİNİN, MƏDƏNİYYƏTİNİN, BİRLİYİNİN İNKİŞAFINDA MÜHÜM MƏRHƏLƏ
Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, daha sonra Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir: " Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır" – deyə Prezident bildirib.
İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, siyasi iradə və strateji baxış ən uğurlu tərəfdaşlıq nümunələrindən biridir. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, eləcə də regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Nəzakət Ələddinqızı