Siyasət

  • 6 484

Azərbaycan-İran əməkdaşlığında dostluq körpüsü TƏHLİL

image

Prezident İlham Əliyev: "Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir"

Müstəqil dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bir çox dövlətlərlə münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edilib, layihərər reallaşıb ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Əlbəttə ki, Azərbaycanla İran arasında münasibətlər təkcə qonşuluq bağları deyil, tarixi kök bağlılığıdır.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi iki ölkə arasında tarixi bir hadisəyə çevrildi. "İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik", Bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşü "Tarixi bir görüş" kimi dəyərləndirib. "Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq", - deyə Azərbaycan Prezident diqqətə çatdırıb. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan və İran səmərəli əməkdaşlıq imkanlarını uğurla davam etdirəcəkdir.

"ARAZIN İKİ SAHİLİNİ BİRLƏŞDİRƏN GÖZƏL BİR RƏMZİ LAYİHƏ"

"Xudafərin" hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış hər iki xalq və dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin icrasıdır. Bu bəndin suyundan həm içmək, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək. Bunun Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihə olduğunu bildirən Azərbaycan Prezident suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacağını və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcəyini qeyd edib: "Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda "Xudafərin" su anbarında 503 milyon kubmetr, "Qız Qalası" su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

"İRAN VƏ AZƏRBAYCAN DÖVLƏTLƏRİ BU GÜN ÇOX GÜCLÜ BİRGƏ SİYASİ İRADƏ GÖSTƏRİRLƏR"

"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir" – deyə Prezident bildirib. Bu layihə dövlət rəhbərlərinin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsi xüsusi əhəmiyyətə malikdir. Su tutumu 1,6 milyard kubmetr olan "Xudafərin" və 56,75 milyon kubmetr su tutumuna malik "Qız Qalası" hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.


"İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARDA SON ÜÇ İL ƏRZİNDƏ 270 MEQAVAT GÜCÜNDƏ SU ELEKTRİK STANSİYALARI İNŞA EDİLİB"

"Xudafərin" və "Qız Qalası" Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı "Cəbrayıl" enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. "Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə "yaşıl enerji" mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq", - deyə Prezident bildirib.

Bu layihələr, "yaşıl enerji" sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.


"İRANLA AZƏRBAYCAN ARASINDAKI YÜKDAŞIMALARIN ARTIMI 50 FAİZDƏN ÇOXDUR"

Azərbaycan Prezident çıxışında Azərbaycan və İranın bütün beynəlxalq təşkilatlarda, üzv olduqları təşkilatlarda bir-birlərini dəstəklədiklərini diqqətə çatdırıb: "Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.
Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib". Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsinin Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəyini diqqətə çəkib: "Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq".
Dövlət başçısı bu gün Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikildiyin də bildirib. "Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq" – deyən Prezident bildirib ki, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır.
Cənab Prezident Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirildiyini də bildirib: "Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Beləliklə, biz birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik".

"BÖLGƏNİN İNKİŞAFI BÖLGƏDƏKİ ÖLKƏLƏRDƏ YAŞAYAN XALQLARIN İRADƏSİ İLƏ TƏMİN EDİLMƏLİDİR"

Azərbaycan –İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir, eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir. "Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır", - deyən Prezident bildirib ki, bölgədə sülhün və əminamanlığın carçısı olan Azərbaycan sülhsevər siyasətini uğurla reallaşdırır: "Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək".
Sözügedən nəhəng qurğuların açılışı və istismara verilməsi Azərbaycan-İran arasında münasibətlərin daha da dərinləşməsinə töhfəsini verəcəkdir. Bu görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq və layihə texniki nöqteyi-nəzərdən əhəmiyyətli olmaqla yanaşı, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər