“Xarici ölkə rəhbərlərinin Azərbaycana səfərləri beynəlxalq aləmdə ölkəmizin tanınması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Hər bir dövlət başçısının Bakıya gəlməsi Azərbaycanın geosiyasi çəkisinin artdığını göstərir. Bu səfərlər həm də ölkəmizin regional proseslərdə mərkəzi rol oynadığının bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, Azərbaycanın balanslı və müstəqil siyasəti dünya liderlərinin diqqətini ölkəmizə yönəldir: “Diplomatik səfərlər təkcə protokol tədbiri deyil, həm də siyasi etimadın ifadəsidir. Belə səfərlər vasitəsilə Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş obrazını möhkəmləndirir. Xarici liderlərin səfərləri ölkəmizin diplomatik şaxələnməsinə və yeni müttəfiqliklərin yaranmasına şərait yaradır. Bu, həm də Azərbaycanın özünü beynəlxalq münasibətlər sistemində sabit və açıq tərəfdaş kimi təqdim etməsinə xidmət edir. Səfərlər zamanı imzalanan sənədlər ölkəmizin nüfuzunu gücləndirir. Azərbaycanın sülh təşəbbüsləri və regional əməkdaşlıq çağırışları bu görüşlərdə daha geniş şəkildə dünyaya çatdırılır.Diplomatik səfərlər eyni zamanda ölkəmizin beynəlxalq mediada görünürlüyünü artırır. Azərbaycan belə səfərlərlə yalnız regionda deyil, qlobal miqyasda da tanınma imkanlarını genişləndirir. Bu səfərlər ölkəmizin xarici siyasət kursunun düzgünlüyünün təsdiqi kimi qəbul olunur. Liderlərin Bakıya gəlişi Azərbaycanın artan iqtisadi və enerji potensialının qəbul edilməsi anlamına gəlir. Beləliklə, xarici liderlərin Azərbaycana səfərləri həm siyasi, həm də psixoloji müstəvidə ölkəmizin beynəlxalq imicini yüksəldir. Nəticə etibarilə bu səfərlər Azərbaycanın beynəlxalq arenada həm güc mərkəzi, həm də etibarlı tərəfdaş kimi qəbul olunmasına mühüm töhfə verir”.
Müəllif: Səbinə Hüseynli