Siyasət

  • 2 271

Dmitri Solonnikov: Ermənistanın Qarabağı qaytarması heç bir halda mümkün deyil - MÜSAHİBƏ

image

“Xandəndidə baş konsulluğun açılması Rusiyadan Qarabağ münaqişəsinin səhifəsinin çevrildiyi haqda mesajıdır”

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Rusiya-Ermənistan münasibətlərinin perspektivlərini və Ermənistandakı etirazlarla bağlı vəziyyəti şərh edib. Politoloqun müsahibəni oxucularımıza təqdim edirik.

- Bilirsiniz ki, Rusiya bir müddət əvvəl mürəkkəb olan ikitərəfli münasibətlər fonunda Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Eyni zamanda, Rusiya lideri Ermənistanın baş nazirinə zəng edərək onu ad günü münasibətilə təbrik edib və gələcək müttəfiqliyə ümid etdiyini bildirib...

- Moskva Ermənistan Respublikası ilə münasibətlərin korlanmasının təşəbbüskarı deyil. Rusiya Federasiyası hesab edir ki, MDB, Aİİ və KTMT-də münasibətləri daha da gücləndirmək lazımdır. Bu kurs Moskva üçün vacibdir. Eyni zamanda biz görürük ki, İrəvanın qərbyönlü, bəzən də anti-Rusiya siyasətinə qarşı ictimai tənqidlər var.

Mən deyərdim ki, Moskva, o cümlədən erməni tərəfdaşları ilə çoxşaxəli əməkdaşlıq üçün imkan pəncərəsi buraxaraq balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bu gün beynəlxalq, siyasi və iqtisadi xəritə dəyişir. Bu fonda Rusiya üçün qonşuları ilə qarşılıqlı əlaqəni inkişaf etdirmək və ümumi inteqrasiya institutlarını inkişaf etdirmək vacibdir. Rusiyanın Ermənistana münasibəti ondan qaynaqlanır ki, indiki hakimiyyət başqa, xalq başqadır. Xalqla münasibətlər isə tarixən inkişaf edib.

Rusiya Paşinyanla Moskva üçün faydalı olan sahələrdə əməkdaşlığı davam etdirəcək. Öz növbəsində bu əməkdaşlıq nə dərəcədə çevik olacaq? Mən İrəvanın qərbyönlü siyasətinin dəyişəcəyinə ümid etməzdim. Amma eyni zamanda hazırkı baş nazir Rusiya ilə hansısa münasibətləri saxlamağa çalışmağa davam edəcək.

“Qarabağ kartı”ndan fəal şəkildə istifadə etməyə çalışan müxalifət hərəkatının perspektivlərindən danışsaq, onun tarixi geri qaytara bilməyəcəyi göz qabağındadır. İndiyədək bu, heç bir ciddi təşkilatçılığa malik olmayan, ciddi maliyyə və informasiya dəstəyi olmadan, əsasən, kortəbii çıxışdır. Əksinə, bu, bir növ “küçə fonu”dur. Ciddi bir şey yoxdur və olmayacaq. Müxalifətin etirazları iki səbəbə görə hökumətin devrilməsinə gətirib çıxarmayacaq: əvvəla, bu, qanuni yolla, Nazirlər Kabinetinin istefası, parlament vasitəsilə həyata keçirilməlidir və parlamentdə müxalifət çoxluğu yoxdur, baş nazir parlament üzərində tam nəzarətə malikdir.

Küçədən devrilmənin baş verməsi üçün sxem Kiyevdəki kimi olmalıdır: Qərbin kəşfiyyat xidmətləri tərəfindən dövlət çevrilişi təşkil edildikdə: pul olanda, dünyanı dolanmaq üçün Soros və USAID-in pulu ilə lazım olan nöqtələrə gedən mütəxəssislərin köməyi ilə. Eyni şəkildə bu adamlar Paşinyanı hakimiyyətə gətirdilər.

Müxalifətin vəziyyətində güclü şəkildə maliyyələşdirəcək, rəhbərlik edəcək, yönləndirəcək bir mərkəz yoxdur. Ona görə də küçələrdə heç nəyə nail olunmayacaq. Real dəyişikliklər olmayacaq.

Şou kampaniyalar bir müddət davam edəcək, lakin tədricən sönəcək. Əgər bunlar parlament seçkiləri ərəfəsində baş tutsaydı, bəlkə də bir şey olardı. Ermənistanda yaxın vaxtlarda seçki olmayacaq. Ona görə də indiki mitinqləri daha çox doldurulmuş şardan havanı buraxmaq fürsəti kimi şərh etmək olar.

Qarabağı və digər əraziləri Ermənistana qaytarmaq heç bir halda mümkün deyil. Rusiyaya da bu lazım deyil. Bu heç kimə lazım deyil. Hamı başa düşür ki, bu çevrilmiş səhifədir, biz irəli getməliyik. Rusiyaya regionda sabitlik lazımdır. Ona Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi, iqtisadi əlaqələr, Türkiyəyə, Aralıq dənizinə çıxış lazımdır. Moskvanın qeyri-sabitliyə qəti ehtiyacı yoxdur.

“Qarabağ kartı” qismən istifadə oluna bilər. Qarabağın gündəmi zaman kimi köhnədir. İnsanlar sadə şüarları sevirlər. Bəs bu cür taktikalar nəyə gətirib çıxaracaq? Heç bir şeyə. Müxalifətin nə resursları var, nə də xarici siyasətdə müttəfiqləri. Bunu hər kəs mükəmməl başa düşür.

- Bunun fonunda Rusiya Xankəndinin özündə də baş konsulluq açacaq ki, bu da Azərbaycan üçün siyasi və mental baxımdan əhəmiyyətlidir... Niyə məhz Xankəndi? Bəs bu, Rusiya-Azərbaycan münasibətləri üçün nə deməkdir?

- Xankəndi Azərbaycan üçün əlamətdar yerdir və bu, Bakı üçün Rusiya Baş Konsulluğunun burada yerləşməsinə icazə vermək üçün ciddi qərardır. Bu, Azərbaycanın tərəfindədir və Rusiyaya siyasi və təhlükəsizlik tərəfdaşı kimi çox mühüm etimadın təzahürüdür. Bu da iki ölkə arasında etimadın və bu kursun fəal şəkildə davam etdiriləcəyinin təzahürüdür. Bu, Rusiyadan Qarabağ münaqişəsinin səhifəsinin çevrildiyi mesajıdır. Bu gün Rusiya Cənubi Qafqazda bütün münasibətlər konsepsiyasını bunun üzərində qurur. Xankəndində Baş Konsulluğun açılması isə bu xəttin təsdiqidir. Bu, Rusiya sülhməramlılarının regiondan çıxarılmasının davamı, baş nazirin müavini Aleksey Overçukun Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan azad edilməsinə dair müzakirələrdə iştirakıdır. Köhnə səhifə bağlanıb. İndi yeni bir inkişaf olacaq. Rusiya yeni inkişafda fəal iştirak edir. Hərbi-siyasi qərar var idi, iqtisadi qərar var idi, indi də diplomatik qərar oldu.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər