Azərbaycan xalqı şəhadətə qovuşan oğullarını heç vaxt unutmur və onlar qəlblərdə bir taxt, yuva qurublar. Qəhrəmanlıq şücaətləri ilə bir evin yox, bir obanın övladına çevrildilər. Qısa ömürlə yüzilliklərə adlarını qovuşdurdular. Minlərlə mübariz oğlu Vətən müharibəsində haqq savaşında şəhid oldular. Bu qəhrəmanlıq tarixidir, 44 günün tarixi. Zirvədən-zirvəyə yüksəldilər, xalqın Zəfər tarixini yazdılar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Artıq Zəfər tariximizə doğru addımlayırıq.Beş.il bundan əvvəl silaha sarılmış oğullar sıldırımlı yolları aşaraq, soyuğa baxmayaraq irəliyə doğru addımlayırdılar. Geri qoyduqları ana, ata, övlad, qarışda isə işğaldan azad olunacaq torpaqlarımız onları gözləyirdi. Minlərlə vətən oğlu torpağımızın hər qarışı uğrunda şəhid oldular. Ən ali bir zirvədə şəhidlik zirvəsində əbədiləşdilər. Heç bir hiss onları məsləklərindən geri döndərmədi.
ŞƏHADƏTƏ QOVUŞAN RUSLAN FUAD OĞLU
Xalqımızın mərd, igidlərdən biri də noyabr ayının 4-ü Laçının Xanalılar kəndində şəhid olan və şəhid general-mayor Polad Həşimovun yaxın dostu, döyüş yoldaşı olan polkovnik leytenant Tağıyev Ruslan Fuad oğludur. O, 1982-ci ildə iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində dünyaya göz açıb. İsmayıllı rayonu 3 saylı orta məktəbdə təhsilini başa vurub. 1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2004-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda "N" saylı hərbi hissədə tabor kəşfiyyat tağım komandiri, 2005-2010-cu illərdə Kəngərli rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 2010-2012-ci illərdə Culfa rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat bölmə rəisi olub. 2012-2014-cü illərdə Ali Hərbi Akademiyada təhsilini davam etdirir. 2014-2017-ci illər arasında Şəmkir rayonu "N" saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi rəisi, 2017-2020-ci illər arasında Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vətənə xidməti ərzində bir sıra sertifikatlar, medallar və təşəkkürnamələr ilə təltif olunub. 2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında isə Türkiyəyə doktorantura təhsili almağa yollanacaqdı. Lakin Vətən müharibəsi başlayan zaman övladları olan Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək, ezamiyyətə gedirəm, deyir, ailəsi bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənir. Atası ilə söhbəti zamanı bu sözləri deyir: "Sizdən bizə qalan bu yükü övladlarımıza miras qoymamalıyıq".
Həyat yoldaşı dəfələrlə diqqətli, ehtiyatlı olmağı ona tapşırsa da polkovnik-leytenant şəhidlərin heç birindən artıq olmadığını bildirir. Qardaşı Həsən Tağızadənin sözlərinə görə, "Verilən məlumatlara əsasən, onun artilleriya atəşinə tutulan əraziyə tək başına "pikap" tipli nəqliyyat vasitəsilə gedərək şəhidləri, yaralıları, üzvləri qopmuş yaralıları çıxardığını bilirik".
Vətən uğrunda canını fəda edən igid zabitimiz Vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında fəal şəkildə iştirak edir. Füzuli, Zəngilan, Cəbrayıl rayonlarında gedən şiddətli döyüşlərdə iştirak edir, son döyüşü isə Laçının Xanalılar kəndində olur. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur. 38 illik ömrünün 21 ilini vətənə xidmət edir və 21 illik vətənə qüsursuz xidməti ilə bağlı Vətən müharibəsindən əvvəl medal ilə təltif olunur.
ƏSRLƏRİN YADDAŞINA KÖÇƏNLƏR
Bəli, işğal altında olan torpaqlarımızın azad olunmasında qəhrəmancasına vuruşur. Xocalı faciəsinin, Ağdaban, Başlıbel qətliamlarını yaşamış bir xalqın intiqam, qisas harayı onu rahat buraxmırdı. Mübarizlər yetirən Azərbaycan müqəddəs torpaqlarımızın işğaldan azad olunması yolunda Ali Baş Komandanın əmrini gözləyirdilər. Hamı Prezidentin ətrafında bir yumruq olaraq birləşdilər. Sonu Zəfər olan işıqlı bir yol bizi gözləyirdi. Minlərlə Vətən oğlu şəhid oldu, qazi mərtəbəsinə yüksəldi. Ərənlik, şücaət göstərdilər. Şuşa cəngavərləri, Şuşa qartalları, hər qarışın işğaldan azad olunmasında qanı tökülən oğullar. Qisas aldınız, sizin də qisasınız alındı. Ruhunuz şad olsun, igid Vətən oğlulları, Azərbaycan sizi heç vaxt unutmayacaq. Ruslan Tağıyev! Bu isim, soyad bizlərə qəhrəmanlıq məktəbində bir salnamə yazmış Vətən oğlu haqqında hər şeyi demiş olur.
30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşatdı. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Xalqımız üçün bundan sevincli gün nə ola bilərdi ki? Artıq bu gün tarixiləşdi. Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda vuruşdular. Hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi.
Düşmənin üstünə gedən və ona həddini bildirən ruslanların ərənliyi ilə bu gün torpaqlarımız əzəli sakinlərinə qucaq açıb. Bu torpaqlarda yüzlərlə, minlərlə ruslanlar boy atacaq. Qan qoxuyan torpaqlarda ayaq açanlar vətən müqəddəsliyini daha dərindən anlayacaqlar. Biləcəklər ki, bu torpağı əkib-becərmək, qurub-yaratmaq, ona nəfəs verib nəfəs almaq gərəkdir. onu qorumaq gərəkdir. Vətən onlarla qürur duyur. Əsrlərin yaddaşına köçən Ruslanları ilə.
Nəzakət ƏLƏDDİNQIZI