Siyasət

  • 1 267

Üçüncü dünya müharibəsi Fransadan başlaya bilər TƏHLİL

image

Dünyanın siyasi mənzərəsi getdikcə daha geniş və əhatəli şəkildə dəyişməyə başlayır. Hər bir bölgədə yaşanan müharibələr, münaqişələr dünyanın mövcudluğunu sual altında qoyur. Xüsusilə də, nüvə arsenalına malik ölkələrin bir-birini atom bombasını işə salacaqları ilə hədələmələri bəşəriyyətin dağılacağı ilə bağlı irəli sürülən proqnozların reallaşmasına əsaslar yaradır. Bu arada Fransanın Afrikada müstəmləkə altında saxladığı xalqlara qarşı qanlı cinayətlər törətməsi, Rusiya - Ukrayna müharibəsində ikinciyə hərbi, siyasi dəstək göstərməklə yanaşı, NATO ordularını müharibə bölgəsinə göndərməyə çalışması üçüncü dünya müharibəsinin Fransanın bəşəri cinayətlərinə cavab olaraq başlayacağından xəbər verir. Hələlik isə Fransa hərbi texnika, kəşfiyyat və logistika dəstəyi ilə yanaşı formalaşdırdığı terrorçu dəstələri vasitəsi ilə müharibədə Rusiyaya qarşı iştirak edir. Avropanın bəzi KİV-ləri Fransanın ordu birləşmələrinin Ukrayna –Rusiya müharibəsində ciddi itkilər verməsi barədə yazılar dərc edir, videolar paylaşırlar. Bir qədər əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirmişdir ki, Fransa Ukraynada döyüşmək üçün 2 min nəfərdən ibarət təlim keçmiş hərbçisini Ukraynaya göndərib. Təbii ki, Fransanın Ukraynanın yanında yer alması və verdiyi silahlarla Rusiyanın şəhərlərinin bombalanmasını rəsmi Moskva sakit şəkildə seyr edə bilməz. Rusiya tərəfindən cavab veriləcəyi və Fransanın cəzalandırılacağı şübhəsizdir. Bəzi siyasi şərhçilər bildirirlər ki, Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə ilk hədəf Fransa olacaq. Rusiyanın nüvə təlimlərini Fransanın sərhədləri paralenində keçirilməsi də deyilənlərin əsaslı olduğunu təsdiqləyir. Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, nüvə təlimləri çərçivəsində “İsgəndər” raket kompleksləri üçün xüsusi sursatın əldə edilməsi, onların məxfi yerdəyişməsinin təmin olunması, habelə buraxılışa hazırlanması üzrə tapşırıqlar icra ediləcək. Rusiya Hərbi Kosmik Qüvvələrinin şəxsi heyətinin qarşısında həmçinin, zərbə xarakterli aviasiya vasitələri, xüsusilə “Kinjal” raketlərinin döyüş sursatı ilə təchiz edilməsi üzrə bacarıqlarını təkmilləşdirmək, eləcə də əvvəlcədən təyin olunmuş istiqamətlərə çatmaq vəzifəsi qoyulub. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında o da bildirilir ki, təlimlərin Rusiyanın suverenliyinə yönələn təhdidlər, habelə Qərbin təxribatları əleyhinədir.

Nüvə müharibəsi dünyanın sonu demək olacaq

Birmənalı şəkildə qeyd etmək olar ki, dünyanın siyasi mənzərəsi ikinci dünya müharibəsindən sonra köklü şəkildə dəyişdi. Sovetlər birliyinin hegemonluğu fonunda yeni güc mərkəzlərinin formalaşması dünyada iki qütbün yaranmasına gətirib çıxartdı. ABŞ-ın Sovet İttifaqına qarşı daha tutarlı və dağıdıcı gücə malik silahların yaradılmasına başlaması və sonda nüvə silahına nail olması ABŞ-ın üstünlüklər əldə etməsinə gətirib çıxartdı. Hətta hərbi gücünü nümayiş etdirmək üçün ABŞ 1945-ci ilin avqustun 6-da səhər "Enola Gay" bombardmançısı Yaponiyanın Xirosima şəhərinə "Little Boy" uran atom bombasını atdı. Partlayışın gücü, müxtəlif hesablamalara görə, TNT ekvivalentində 13 ilə 18 kiloton arasında dəyişirdi. 9 avqust 1945-ci ildə isə "Fat Man" plutonium bombası pilot Çarlz Suini tərəfindən Naqasakiyə atıldı. Bunun gücü daha böyük idi və 15-22 kt təşkil edirdi. Bu onun daha inkişaf etmiş dizaynı ilə əlaqədar idi. Dəhşətli hücum zamanı insan itkilərinin sayı dörd yüz min nəfər olduğu bildirilir. Şüa xəstəliyindən ölənlərin sayı isə bu gün də davam etməkdədir. Atom silahından aldığı zərbədən sonra Yaponiya təslim olmağa məcbur oldu. Bu arada SSRİ-də öz atom bombasını yaratmaq üçün inkişaflar fəal şəkildə aparılırdı. ABŞ hesab edirdi ki, 1950-ci ildən tez yarada bilməyəcək. Lakin 29 avqust 1949-cu ildə Sovet nüvə fiziklərinin işi müvəffəqiyyətlə nəticələndi. Həmin gün partladılan RDS-1 bombası, Qərbdə Stalinin şərəfinə "Co-1" adlandırıldı. SSRİ-də 29 avqust 1949-cu ildə sınaq atom bombası ilə yanaşı, 1949-cu ilin sonuna qədər daha iki, 1950-ci ildə isə daha 9 bomba istehsal edildi. Lakin bütün bu bombalar eksperimental qurğular idi və o dövrdə SSRİ-də onların çatdırılma vasitələri yox idi. 1951-ci ilin yanvar-fevral aylarında daha dörd atom bombası istehsal edildi. Beləliklə, 1951-ci il martın 1-ə qədər SSRİ-də RDS-1 tipli 15 atom bombası mövcud oldu. 1951-ci ilin sonunda ilk üç seriyalı istehsal atom bombası da daxil olmaqla SSRİ-də ümumilikdə 29 ədəd RDS-1 atom bombası istehsal edildi. 24 sentyabr 1951-ci ildə SSRİ-də "502-M" (RDS-2) atom yükünün uğurlu sınağından sonra, 1951-ci ilin sonunda bu tip RDS-2 tipli atom bombalarının istehsalı tam mənimsənildi. 1 yanvar 1952-ci ildə SSRİ-də 35 atom bombası mövcud idi, bunlardan 29-u RDS-1, 6-sı isə RDS-2 idi. SSRİ bu bombaları ABŞ-a yalnız nəzəri olaraq çatdıra bilərdi. Bütün bunlar nüvə yarışı demək idi. Həm də nüvə arsenalına malik dövlətlər dünyanın təhdid etmək və öz siyasi iddialarını reallaşdırmaq imkanlarını qazandılar. Baxmayaraq ki, nüvə silahının yayılmaması haqqında 1 iyul 1968-ci ildə Moskva, Vaşinqton və Londonda imzalanmış müqavilə 1968-ci il iyunun 12-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Müqavilə digər ölkələr üçün də açıqdır. Müqavilə ratifikasiya sənədləri təhvil verildikdən sonra 5 mart 1970-ci ildə qüvvəyə minib. 24 noyabr 1969-cu ildə SSRİ tərəfindən ratifikasiya edilib. Hazırda 190 dövlət Müqavilənin iştirakçısıdır. Hindistan, Pakistan və İsrail Müqaviləyə əvvəldən qoşulmayıb, Şimali Koreya isə sonradan Müqavilədən çıxıb. Rusiya prezidenti Vladimir Putinin bu günlər Şimali Koreyaya rəsmi səfərdə olması və bir sıra müqavilələr imzalaması hər iki dövlətin nüvə silahından birgə istifadə etmələri ehtimalı yaradır. Yəni nüvə başlıqlarına sahib olan Şimali Koreya rəsmi Moskvanın razılığı və dəstəyi ilə istənilən vaxt qonşularına qarşı nüvə zərbəsi endirə bilər.

Fransa dünya üçün təhlükə mənbəyinə çevrilir

Fransa dünyada insanlığa qarşı vəhşiliklər törədən, şəhər və kəndləri dağıdan dövlət kimi tanınır. Bu gün də öz siyasətini dəyişməyib və müstəmləkə altında saxladığı dövlətlərdə xalqlara qarşı soyqırımı siyasəti həyata keçirir. Uzun illərdi ki, Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan Kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa Hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər. Onlar Fransa Hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyatın məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa Hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransa Hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa Hökuməti ordunu adaya daxil yeridib. Bunun nəticəsində artıq onlarla insan öldürülüb, yüzlərlə insan isə yaralanıb. Vəhşiliklər isə hələ də davam edir. Makron hakimiyyəti Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Lakin Fransa Hökuməti öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa Hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. Fransa rəsmiləri, xüsusən də Daxili işlər və Dənizaşırı ərazilər naziri Jerard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. “Azad fransız mediası” küçədə güllənənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Azərbaycan Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində Fransa tərəfinin, ilk növbədə, Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildiyini bildirib: ”Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı”. Ayxan Hacızadə onu da bildirib ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir: “Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”. Söz yox ki, yalan danışmaq da, həqiqəti təhrif etməkdə Makrondan heç də geri qalmayan Fransanın daxili işlər naziri Jerar Darman yanlış fikirləri ilə dünya ictimaiyyətini aldatmağa cəhd edir. Həm də nazir ölkəsinin müstəmləkə altında saxladığı dövlətlərdə törədilən cinayətləri ört-basır etməyə çalışır. Məlum məsələdir ki, Yeni Kaledoniyada baş verən etirazların kökü ötən əsrin 70-ci illərinə gedib çıxır. O dövrdən konaklar Fransanın vəhşi müstəmləkə siyasətinə qarşı mübarizə aparır. Bu mübarizədə minlərlə vətəndaşını itirib, lakin azadlıq mübarizəsindən geri çəkilməyib. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq karlığın və korluğun nəticəsidir. Uzun illərdir Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır, kanarların sayının azalması üçün orada kolonialistlərin sayı artsın, konakları kənara sıxışdırmaq siyasəti yürüdülür və bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Sistematik problemlərə cavab vermək əvəzinə Fransa Azərbaycanı ittiham edir. Çox vaxt müstəqil media fəaliyyətindən danışan Fransa KİV-ləri də Makronun müstəmləkə altında saxladığı dövlətlərdə törətdiyi cinayətlərə haqq qazandırırlar. Bu isə onu bir daha təsdiq edir ki, Fransa hakim zümrə nəinki ölkəsini, ümumilikdə dünyamızı təhlükəyə sürükləyir.

İLHAM ƏLİYEV

Digər xəbərlər