Siyasət

  • 1 652

Mühüm addımlar

image

1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, nəticədə müstəqilliyimiz təhlükə qarşısında qaldı. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.1994-cü ilin əvvəlində başlayan uğurlarımız bu günə qədər davam edir. 2012-ci ildən düşmənə rahatlıq verməyən Silahlı Qüvvələrimizin fəaliyyətləri uğurlu Aprel döyüşləri, Günnüt əməliyyatı, Babakər və Tovuz hadisələri ilə müşaiyət edildi. Son nəticədə isə Horadiz zəfəri ilə başlayan uğurlarımız 44 günlük Vətən Müharibəsində və cəmi 1 gün çəkən antiterror əməliyyatında möhtəşəm qələbəmiz ilə nəticələndi. Bu qələbələrin ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla, məqsədyönlü və planlı şəkildə davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet vəzifə elan etməsi ilə bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclüləri sırasında yer alir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.Bu gün Azərbaycan xalqı uğuruna minlərlə övladını şəhid vermiş Vətənin təhlükəsizliyini qoruyan Silahlı Qüvvələrə və onu qələbədən qələbəyə aparan Müzəffər Ali Baş Komandana sahib olması ilə fəxr edir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Digər xəbərlər