Siyasət

  • 1 470

İqtisadi tərəqqi - demoqrafik inkişaf TƏHLIL

image

11 iyul Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya əhalisinin demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək iqtisadi coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Məlumdur ki, dünya əhalisinin demoqrafiyası tarixin müxtəlif dönəmlərində sabit olmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2100-cü ilə qədər isə 16 milyarda çatacaq və bu da əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı ehtimalı yaratmış olur. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Ən çox təbii artım isə 1963-cü ildə qeydə alınmışdır. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.

DÜNYA ƏHALİSİ YAŞ STRUKTURU

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.

iNSAN BİOLOJİ VARLIQ KİMİ 100-140 İL YAŞAYA BİLƏR

Dünya əhalisinin orta sıxlığına gəlincə isə bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər km2 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər. Ancaq, faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 1994-cü ildə 64,9 yaş, 2019-cu ildə isə 72,3 yaş olub. 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19% təşkil edir. Bu rəqəm Şimali Amerikada 16%-dir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28% və 23% təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8%-dən 18%-dək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək. 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üztə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır-28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vərdır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan) 15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir.

Təbii ki, dünya ölkələrindəki müharibələr, təbii fəlakətlər də insan ölümlərinə səbəb olur. Rusiya-Ukrayna müharibəsinə nəzər salsaq burada nə qədər sayda hərbi qulluqçunun, eləcə də dinc sakinin həlak olmasının şahidi olarıq. Ötən ilin statistik rəqəmlərinə əsasən, müharibə başlayandan həlak olan 40 mindən çox rusiyalı hərbçinin adı müəyyən edilib. Onlardan 15 min 520-si 2022-ci ildə, ən azı isə 24 min 100-ü isə 2023-cü ildə həlak olub. Rusiya ordusunun real itkiləri daha böyükdür. Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 531 980 nəfərə çatıb.

AZƏRBAYCAN DÜNYA ƏHALİ GÜNÜNÜ QEYD EDİR

Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən, sosial-iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan bütün beynəlxalq əhəmiyyət kəsb edən günlər kimi, Dünya Əhali Gününü də 2005-ci ildən etibarən qeyd edir. Son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salsaq görərik ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1 milyon 807 nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə 2 milyon 339 nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1 milyon 952 nəfərə düşüb. 1980-ci ildə isə bu say 6 milyonu ötüb. 2000-ci ildə isə 8 milyondan artıq əhali qeydə alınıb.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafı təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanaraq həyata keçirilib.

DEMOQRAFİK İNKİŞAFA TƏKAN

Dövlət başçısının sosialyönümlü istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu və ya digər amillər demoqrafik inkişafa ciddi təsirini göstərib. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verib. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir.

ÖLKƏMİZDƏ HƏR 3 NƏFƏRDƏN BİRİ GƏNCDİR

2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib. Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6% artıb. 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb. Bu rəqəmlər bir daha göstərir ki, əhalinin sayında artımlar müşahidə edilməkdədir. Statistik rəqəmlərə diqqət yetirsək göərik ki, 2000-ci ildə Azərbaycanda əhalinin sayı 8032,8 olmuşdur. Bunlardan şəhər əhalisi 51,1, kənd əhalisi isə 48,9 təşkil edib. 2024-cü ildə isə əhalinin sayı 10180,8 nəfər təşkil edib və şəhər əhalisi 54,5, şəhər əhalisi isə 45,5 faiz təşkil edir. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ölkə əhalisinin 3.057 milyonu 15-35 yaşında, 2.3 milyonu isə 14-29 yaşında olan gənclər təşkil edir. Bu, ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Gənclərin 48.3 faizini qadınlar təşkil edir. Gənclərin 52.7 faizi şəhər, qalanı isə kənd yerlərində yaşayırlar.

Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Bu gün ardıcıl olaraq həyata keçirilən islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər