PDF Oxu

Siyasət

  • 3 656

Lana Ravandi-Fədai: Pezeşkian İran-Azərbaycan əməkdaşlığının güclənməsi üçün çalışacaq - MÜSAHİBƏ

image

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Müasir Şərq və Afrika şöbəsinin dosenti, tarix elmləri namizədi Lana Ravandi-Fədai “Caliber” analitik mərkəzinə müsahibəsində yeni prezidentin seçilməsindən sonra İran siyasətinin necə olacağından və İran-Azərbaycan münasibətlərinin perspektivindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

— İranda yeni prezident islahatçılar düşərgəsindən seçilib. İkinci turda Məsud Pezeşkian öz rəqibi, mühafizəkar Səid Cəlilini səslərin sayına görə nəzərəçarpacaq dərəcədə üstələdi, baxmayaraq ki, islahatçıların qalib gəlmək şanslarının çox az olduğuna inanılırdı. Bu qələbə necə oldu?

— Doğrudan da, islahatçının seçkilərdə qələbəsi əksər ekspertlər və müşahidəçilər, o cümlədən mənim üçün gözlənilməz oldu. Çoxlarına elə gəlirdi ki, Cəlili, xüsusən də Məhəmməd-Bağer Qalibaf, adı son illərdə İranın əsas mediasında bu iki şəxsin adından daha az hallanan Məsud Pezeşkiandan qat-qat məşhur və populyar şəxsiyyətlərdir. Lakin belə görünür ki, İran cəmiyyətində dəyişiklik tələbi o qədər böyük olub ki, ölkənin yarıdan çoxu az tanınan islahatçıya səs verib. İran seçkiləri onların gözlənilməzliyini bir daha təsdiqlədi və islahatçının seçilməsi uzun illər ardıcıl parlament və prezident seçkilərində yalnız mühafizəkarların qalib gəlmiyi bir şəraitdə baş verdi.

İslahatçının namizədliyinə icazə verən İran hakimiyyətinin müəyyən hesablamalarından danışsaq, ilk növbədə, Pezeşkyanın ali lider Əli Xamneyiyə sədaqətini bəyan etdiyini xatırlaya bilərik ki, ali hakimiyyət onun sədaqətinə əmin idi. İkincisi, islahatçı namizədin köməyi ilə ola bilsin ki, hakimiyyət seçkilərdə fəallığı əhəmiyyətli dərəcədə artırmaq (bu, yalnız ikinci turda mümkün olub) və əhalinin gözündə siyasi rejimin bir qədər sarsılmış legitimliyini və rəqabətli siyasi mübarizəni gücləndirmək istəyirdi.

— Məsud Pezeşkian etnik azərbaycanlıdır. İranın qonşuları ilə bağlı siyasəti onun dövründə nəcə ola bilər?

— Məsud Pezeşkian ixtisasca ürək cərrahıdır və fəaliyyətinin çoxunu bu və ya digər şəkildə tibb və səhiyyəyə həsr edib. İraqla müharibə zamanı hərbi həkim kimi işləyib. 1994-1999-cu illərdə Pezeşkian Təbriz Tibb Universitetinin rektoru olub. Daha sonra 1997-2001-ci illərdə Məhəmməd Hatəminin islahatçı hökumətində səhiyyə nazirinin müavini olub. Eyni hökumət dövründə o, 2001-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb. Bu, onun tibbi karyerasının sonu oldu və sırf siyasi karyerası başladı: o, 5 dəfə İran Məclisinə (parlamentə) seçildi, 2016-cı ildən 2020-ci ilə qədər (mərkəzçi praqmatist Həsən Ruhaninin hökuməti altında) parlamentin spikerinin birinci müavin vəzifəsində çalışıb. Bu müddət ərzində o, bir neçə dəfə azərbaycanyönlü bəyanatlar verib. Ancaq bu yaxınlarda öz sözünü deyən başqa bir fakt da var idi. Pezeşkian seçildikdən sonra Paşinyana zəng edərək Tehranın İran və Ermənistan arasında mövcud razılaşmalara sadiqliyini təsdiqləyib. Fikrimcə, Azərbaycanla daha geniş əməkdaşlığa doğru xarici siyasətdə müəyyən dəyişiklikləri proqnozlaşdırmaq olar, lakin mən Ermənistanı dəstəkləməkdən tamamilə uzaqlaşmaq və Azərbaycanla açıq-aşkar müttəfiqlik istiqamətində siyasətdə köklü dönüş gözləməzdim.

Ümumiyyətlə, xarici siyasətdə Pezeşkian Rusiya, Çin, Hindistan, Türkiyə və digər iri Avrasiya ölkələri ilə yaxşı əlaqələr saxlamaqla yanaşı Qərblə münasibətləri də gücləndirməyə çalışacaq. Bununla belə, Pezeşkian, artıq dediyim kimi, əsas məsələlərdə, o cümlədən xarici siyasətdə Ali Rəhbərə sadiq qalacağına söz verdi. Ali Rəhbər isə, bildiyiniz kimi, Qərbə etibar etmir. Ona görə də Qərblə münasibətlərdə ciddi irəliləyişlər mümkün deyil - yalnız ticarət-iqtisadi sahədə və Qərb investisiyaları sahəsində mümkündür.

Bununla belə, ABŞ və Aİ ilə münasibətlərdə gərginliyin əhəmiyyətli dərəcədə azalması mütləq baş verəcək, çünki Pezeşkian özünü ehtiyatlı, praqmatik, qarşıdurmaya meylli olmayan, mülayim ritorikası ilə təsdiqləyib. Amma İsraillə münasibətlərdə gərginlik davam edəcək. Pezeşkian bu yaxınlarda Hizbullahı İsraillə qarşıdurmada tam dəstəklədiyinə əmin etdi. Amma bu gözlənilən idi: İranda hətta islahatçıların da İsrailə münasibəti çox mənfidir və onu fələstinlilərə qarşı davamlı cinayətlərdə ittiham edirlər.

- Pezeşkiyanın gəlişi İranın daxili vəziyyətinə təsir edəcəkmi?

— Qeyd etmək lazımdır ki, İran azərbaycanlıları sözün əsl mənasında hamısı Pezeşkiana səs verib. İkinci turda azərbaycandilli vilayətlərdə seçici fəallığı birinci turla müqayisədə çox artıb - 40-50%-dən 60-65%-ə qədər. Şərqi Azərbaycan əyalətində Pezeşkian Cəlilidən 6 dəfə çox səs toplayıb. Pezeşkian Cəlilidən 5 dəfə daha populyar olduğu ortaya çıxan Ərdəbil əyalətində də vəziyyət təxminən eynidir. Onu da nəzərə almalıyıq ki, bu, əyalətlərin bütün sakinləri üçün ümumi məlumatdır və əgər konkret olaraq etnik azərbaycanlıları götürsək, Pezeşkianla Cəlili arasında uçurum daha da böyük ola bilər. Bu o deməkdir ki, İran azərbaycanlıları həmyerliləri Pezeşkiana çox böyük ümidlər bağlayıblar və o, onlara haqq qazandırmağa çalışacaq.

Pezeşkian seçki kampaniyasında milli azlıqların, o cümlədən azərbaycanlıların hüquqlarına böyük diqqət yetirib. O, məktəblərdə fars dili ilə yanaşı yerli dillərin də tədrisini təşkil edəcəyinə, yerli dillərdə medianın və kitab nəşrinin inkişafına kömək edəcəyinə söz verdi. Yalnız ümid edə bilərik ki, o, ölkədə millətlərarası gərginliyi azaldacaq bu vədlərini həyata keçirə biləcək.

— Pezeşkiana ilk zəng edərək onu qələbə münasibətilə təbrik edənlərdən biri Azərbaycan prezidenti İlham Əliyev olub. Ümid etmək olar ki, Bakı ilə Tehran arasında münasibətlərin tarixinin mənfi səhifəsi nəhayət çevriləcək və onların müsbət statusu daha da artacaq?

— Həqiqətən də, hətta mərhum prezident İbrahim Rəisinin hakimiyyətinin sonunda (təxminən 2023-cü ilin yayından başlayaraq) Bakı ilə Tehran arasında münasibətlər yavaş-yavaş, lakin əminliklə yaxşılaşmağa başladı. Eyni tendensiya şübhəsiz ki, yeni prezident dövründə də davam edəcək, baxmayaraq ki, qeyd etdiyim kimi, Ermənistanla münasibətlər də Tehran üçün prioritet olaraq qalır. Düzdür, mən hələlik Azərbaycanı narahat edən bəzi əsas məsələlərdə, məsələn, Zəngəzur dəhlizində dəyişiklikləri proqnozlaşdırmağı öhdəmə götürmürəm. Ola bilsin ki, Pezeşkian Bakı ilə bu məsələdə yarı yolda görüşmək istərdi, amma İranda belə mühüm məsələlərdə rəsmi mövqeyi dəyişmək üçün parlamentin və mühafizəkarların üstünlük təşkil etdiyi Ali Lider administrasiyasının razılığını almaq lazımdır, onlardan bəziləri hələ də Azərbaycanla sıx yaxınlaşmağa meylli deyillər. Yeni prezidentin dövründə İran-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyini qarşıdakı aylar göstərəcək, lakin mənim proqnozum ümumilikdə müsbətdir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Pezeşkian İlham Əliyevlə söhbətində gələcəkdə Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib. Və liderlər arasında dialoqda bu cür bəyanatlar əlbəttə ki, ümidvericidir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər