Siyasət

  • 482

Şuşa Qlobal Media Forumundan verilən mesajlar TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın"

Qarabağın incisi, Qafqazın Konservatoriyası kimi mənəviyyatımızın və mədəniyyətimizin paytaxtı olan Şuşa beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad edilən Şuşa bu gün tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. Bu baxımdan Şuşada keçirilən beynəlxalq tədbirlər həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır. Hər bir azərbaycanlı üçün əlçatmaz arzuya çevrilən Şuşa bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib. Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gəldilər. Sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edib. Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında panel sessiya keçirilib. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

"CƏMİYYƏT GÖRÜR Kİ, UZUN İLLƏR CAN ATDIĞI MƏQSƏDLƏR ARTIQ REALLIĞA ÇEVRİLİBDİR"

Mötəbər tədbirlər meydanına çevrilən Şuşada Qlobal Media Forumunun keçirilməsi təsadüfi deyildi. Əlbəttə ki, Şuşa bizim tarixi qələbəmizin rəmzidir. 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar bu günün reallıqlarını tam əks etdirir. Artıq bu forum bir ənənəyə çevrilib. "Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ona ünvanlanan sualı cavablandırarkən bildirib: "Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırıla bilən edəcəkdir. Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir".

"BİZ ETNİK TƏMİZLƏMƏNİN QURBANI OLMUŞUQ, İŞĞALIN QURBANI OLMUŞUQ"

"Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın" deyən Prezident diqqətə çatdırıb: "Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır".

44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi. Müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apardı. Kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamış oldu.

Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu. Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir. "Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq", - deyə Prezident bildirib. Məlumdur ki, Azərbaycana qarşı ədalətsiz müharibə aparıldı, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. "ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi" – deyən Prezident bildirib ki, biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik.

"ERMƏNİSTANIN BİZƏ VERDİYİ MİNA XƏRİTƏLƏRİ TAMAMİLƏ YARARSIZDIR"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfərdən sonra işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin dirçəlməsinə səbəb olur. Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. "Təəssüf ki, dünən insident baş verdi, üç nəfər mina partlayışı nəticəsində yaralandı. 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, - onların baş nazirləri mənə deyirdi ki, - bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsız xəritələrdir. Burada, əlbəttə ki, ən böyük maneə məhz minalardır. Bizim həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir" – deyən Azərbaycan Prezidenti təəssüflə onu da bildirib ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur: "Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir". Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb.

Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Artıq işğaldan azad olunan dörd şəhərə və dörd kəndə əzəli sakinlər dönüş ediblər. "Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir".

"QARABAĞDA İSTEHSAL EDİLƏN ELEKTRİK ENERJİSİ AZƏRBAYCANIN DİGƏR BÖLGƏLƏRİNƏ NƏQL OLUNACAQDIR"

Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Şayıflı" və "Zəngilan" SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq" SES-də isə işlər başa çatdırılıb. Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları tikilib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Hər iki SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq. "Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından… Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Zənnimcə, bu rəqəm 500 meqavata çatdırılacaq. Bu, bizə regionu tam əhatə etməyə kifayət edəcəkdir. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır", - deyə Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər