Qərbin Ermənistana təlim keçməsi prosesi davam edir. Avropa İttifaqının (Aİ) son ideyalarından biri Ermənistan vətəndaşları üçün vizasız rejim yemidir. Aİ bu məsələyə baxacağını vəd edir. Ancaq aydındır ki, Brüssel bu cür “səxavətli üstünlükləri” boş yerə vermir. Və Gürcüstanın nümunəsindən istifadə edərək, Aİ Qərblə saxta dostluq və ticarətin son dərəcə baha başa gəldiyini açıq şəkildə göstərdi.
Ermənistan Qərbdən gələn sədəqələrə görə nədən imtina etməli olacaq? O, Aİ-nin hansı göstərişlərinə əməl etməli olacaq? Rusiyalı politoloqlar bu haqda proqnozlarını “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin fikirlərini oxucularımza təqdim edirik.
Beynəlxalq məsələlər üzrə ekspert, siyasi elmlər namizədi Renat Savinin fikrincə, Aİ-nin postsovet məkanında təsir dairələrinin yenidən bölüşdürülməsinə yanaşmaları bir neçə onilliklər ərzində dəyişməyib.
“SSRİ-nin dağılmasından bəri Aİ bu məkanda öz təsirini gücləndirmək siyasətini inkişaf etdirir, ümumiyyətlə, eyni texnologiyalardan istifadə edir. Aİ inandırma siyasəti olaraq bu və ya digər ölkəyə sıx əməkdaşlıq, açıq sərhədlər və ittifaqın tamhüquqlu üzvü olmaq şansı vəd edir. Və ilk baxışda elə görünür ki, sanki vədini yerinə yetirir. Lakin sonra elə bir dövr gəlir ki, bu proseslərin dinamikası nəzərəçarpacaq dərəcədə azalır və Aİ bütöv şərtlər paketi irəli sürür və onlar olmadan Avropaya inteqrasiya prosesinin baş verməyəcəyini əsas gətirir. Artıq Qərblə razılaşmalar olduğundan və ölkə onları həyata keçirmək üçün artıq müəyyən yol qət etdiyindən “qurban”ın oyunun şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur.
Bu yanaşma bir müqayisə ilə yekunlaşdırıla bilər: tələyə düşmək. Gürcüstanın timsalında bunun reallıqda necə baş verdiyini görürük, Qərbin təzyiqi hətta ona bu qədər loyal olan ölkə hökumətini də hiddətlənməyə vadar edib- “Gürcü arzusu” Qərb tərəfdaşlarına etiraz etmək qərarına gəlib. Çünki aydın idi ki, Qərb mahiyyət etibarı ilə gürcü cəmiyyətini ələ keçirməyə, onu ram etməyə, kənardan gələn bütün əmrlərə hazır olmağa çalışır. Allaha şükürlər olsun ki, “Gürcü arzusu” vaxtında işığı gördü və anladı ki, Avropa inteqrasiyası üçün çox yüksək qiymət ödəmək təhlükəsi var- Rusiya ilə qarşıdurmanın kəskin artması da daxil. Aydın məsələdir ki, Tbilisidə ağlı başında olan heç kim Kiyevin səhvlərini yenidən sınamaq fikrində deyildi.
Ermənistanla, məncə, hər şey demək olar ki, eyni ssenari üzrə inkişaf edir. Və Paşinyanın Ermənistanı Avropa ailəsinə qəbul etmək vədləri üçün nə qədər hazır olacağı hələ də bəlli deyil. Ancaq geri dönüş nöqtəsini keçmək təhlükəsi var- o zaman ki, İrəvan Rusiya ilə əlaqələri kəsmək üçün çox işlər görəcək və keçmiş sərhədlərə qayıtmaq çox gec və mənasız olacaq. Məsələn, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi tənqidi şəkildə artacaq və ya İrəvan Qərbin dəstəklədiyi yeni silahlı kampaniyaya başlayacaq. Ermənistan isə iki atəş arasında qalacaq. O zaman analitiklərin danışdıqları məqam gələ bilər- Ermənistan dövlətçiliyinin tamamilə itirilməsi. Qərblə bu qədər fəal əməkdaşlığa can atan Ermənistanın baş nazirinin hadisələrin bu cür inkişafı haqqında düşünməməsi təəccüblüdür”,- R.Savin bildirib.
Tanınmış politoloq Dmitri Qradovun fikrincə, Ermənistanın “Avropa yolu” erməni xalqı üçün böyük faciənin başlanğıcı kimi görünür.
“Qərbin Ermənistanın siyasi “resetlənməsi” layihəsini nə qədər sürətlə inkişaf etdirməsi çox narahatedicidir. Görünən odur ki, Vaşinqton və Brüssel bu vəzifələri həyata keçirməyə çox tələsirlər, bu isə o deməkdir ki, tezliklə Cənubi Qafqazda “hava çox isti ola bilər”. Ukrayna xalqına vəd olunmayan Avropa “cazibəsinin” Ukraynada necə inkişaf etdiyini xatırlayaq. Aydındır ki, “vizasız səyahət” rejiminin qəbulu Ermənistanın gələcəyi üçün dönüş nöqtəsidir. Bu, həm də Rusiya üçün Ermənistanın nəhayət Qərbin protektoratı altına keçməsinə dair qəti işarədir. Aydındır ki, Ermənistan vətəndaşları üçün belə bir Qərb “kökəsi” çox şirin ola bilər ki, bu da onları Rusiyasız da çox şey edə biləcəklərinə inandırır. Amma yox, Moskva hadisələrin bu dönüşünü son dərəcə ağrılı qəbul edə bilər. Və düşünürəm ki, Kreml tezliklə zəng çalacaq- Ermənistana xatırladacaqlar ki, Aİİ ilə güzəştli münasibətlərə yenidən baxıla bilər. Bu xəbər isə İrəvanı sarsıdacaq”,- D.Qradov bildirib.
Tərcümə - Elçin Bayramlı