Prezident İlham Əliyev: "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik"
Azərbaycan aşıq poeziyasının böyük sənətkarlarından biri, qüdrətli söz ustadı Aşıq Ələsgər zəngin irsi ilə Azərbaycan, ümumən türk şeirinə misilsiz töhfələr vermiş el sənətkarıdır. Onun yaradıcılığı bir həyat çeşməsidir, çağlayan bulaqdır ki, poetik ruhlu şeirləri daş yaddaşlara hopdurmuşdur. Poetik çalarlı, lirik düşüncəli yaradıcılığı ilə çox incə məqamlara toxunan aşıq söz xəzinəsi ilə özünə əbədi və tarixdən silinəz bir sənət mülkü yaratmışdır. Xalqın milli düşüncəsinə, ruhuna yaxın yaradan aşıq milyonlarla insanın dillər əzbəri olan şeirlərin müəllifi kimi şöhrətləndi. Xalq çeşməsindən su içmiş Aşıq Ələskər yaradıcılığı söz dünyasında dəst-xətti, fərdi üslubu ilə seçilmiş və yeni çalarları ilə aşıq yaradıcılığında yeni bir mərhələ yaratmışdır. Aşıq poeziyasını həyati müşahidələrlə zənginləşdirərək, həm məzmun, həm də forma rəngarəngliyi ilə seçilən - dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri ilə aradıcılıq irsinə rəngarənglik bəxş etmiş və ustad aşıq olduğunu təsdiqləmişdir.
El sənətkarı dövrünün bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Belə sənətkarlara dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Onların yaradıcılığına böyük qiymət verilir, yubiley tədbirləri keçirilir. Bu, Azərbaycan milli mədəniyyətinə, sənətinə olan diqqətdən qaynaqlanır.
Bildiyimiz kimi, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu. Böyük sənətkarın vətənpərvərlik hisslərini aşılayan, doğma təbiətimizi vəsf edən yaradıcılıq dünyası Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq sənətində öz çəkisi olan Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkarın abidəsinin ucaldılması məqsədi ilə Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
"DOĞMA VƏTƏN, DOĞMA TORPAQ ONU YENƏ DƏ GÖYÇƏ MAHALINA ÇƏKİRDİ"
Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək, uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: "O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir".
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.
Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.
"ÜÇÜNCÜ ETNİK TƏMİZLƏMƏ DALĞASINA MƏRUZ QALMIŞ QƏRBİ AZƏRBAYCANLILAR ÖZ DƏDƏ-BABA TORPAQLARINA QAYIDACAQLAR"
Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilib. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Vurğulamaq yerinə düşər ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. "Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi", - deyə Prezident bildirib: "Onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır".
Tarixin dönəmlərəinə nəzər salan Azərbaycan Prezidenti xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiyanın baş verdiyini bildirib: "İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar".
"ŞƏRQİ ZƏNGƏZURDAN OLAN SOYDAŞLARIMIZ HƏVƏSLƏ, SƏBİRSİZLİKLƏ O QAYIDIŞ GÜNÜNÜ GÖZLƏYİRLƏR"
Azərbaycan 30 ilə yaxın bir zamanda işğal altında olan ərazilərini azad etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür. Vurğulayaq ki, artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilir. Ermənilərin yaratmaq istədikləri mif tarixə qovuşub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Vətən müharibəsində qazandığımız Zəfərdən dörd il ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımızı reallığa çevirmək məqsədi ilə davamlı işlər görülür. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər.
"Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar", - deyə Prezident bildirib.
"HƏDƏFLƏR HƏM HƏQİQƏTİ, ƏDALƏTİ VƏ HƏM DƏ REAL VƏZİYYƏTİ, REAL GÜCÜMÜZÜ ƏKS ETDİRMƏLİDİR"
Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Ötən ilin sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, ağ bayraq qaldırmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi.
2023-cü il tariximizdə Böyük Qayıdışın sürətli inkişaf mərhələsi oldu. "Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük... Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur".
Azərbaycan tarixi ədaləti bərpa edib və Azərbaycan əzəli torpaqlarına sahibdir. Qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımızın Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. "Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Zümrüd BAYRAMOVA
Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır