Siyasət

  • 1 172

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iqtisadi məsələlərə həsr olunmuş müşavirədə demişdir " Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib".Bu həqiqətdir və özündə bu günün reallıqlarını əks etdirir.Azərbaycan öz resurslarımıza arxalanaraq güclü müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini təmin edir.

Tarixi əhəmiyyətli Zəfərin əldə olunması zərgər dəqiqliyi ilə seçilən strateji planlaşdırma və ölkəmizin əsas inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün oldu. Müasir ordu quruculuğu, parlaq diplomatiya, vətənpərvər gənc nəslin yetişdirilməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması və daha da gücləndirilməsi kimi zəruri elementlər ölkəmizi şanlı Qələbəyə aparıb.Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur.

Azərbaycanın timsalında diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmiz özünün inamlı inkişafını sırf daxili imkanlar hesabına təmin edir. Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir". Ciddi konseptual yanaşmalar, dəyişən dünya trendləri və Azərbaycanın potensialı, cəmiyyətin sosial sifarişi nəzərə alınmaqla hazırlanan islahatların uğurla reallaşdırılması sayəsində ölkəmizin həyatı dəyişib, yeni müsbət reallıqlar yaranıb .

Əsas məqamlardan biri ondan ibarətdir ki, aparılan islahatlar milli iqtisadiyyatımızı əhəmiyyətli dərəcədə gücləndirib və onun qarşısında daha geniş inkişaf perspektivləri açıb. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinin, o cümlədən də xarici siyasətdə tutduğu prinsipial mövqeyin əsas baza prinsipidir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bunu ölkəmizin timsalında da açıq-aydın görmək mümkündür. Hazırda respublikamızın həyatı bütün istiqamətlərdə müsbət reallıqlarla səciyyələnir. Belə ki, ölkə boyu tarazlı inkişaf təmin edilir, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Uğurla reallaşdırılan böyük investisiya tutumlu layihələr hesabına bu gün Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib.

Kamil Sultanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi