Siyasət

  • 471

Cəbrayıldan dünyaya mesajlar TƏHLİL

image

Prezident İlham Əliyev: "Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın"

İşğaldan azad olunan Cəbrayıl şəhəri doğma sakinlərini qoynuna alaraq Cəbrayıl Şəhəri Gününü böyük bayram ovqatı, sevinc içərisində qeyd edir. Vətən müharibəsində oktyabrın 4-də azad olunan Cəbrayıl şəhəri ötən il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Sərəncam Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç oldu. 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrırn 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Xatırladaq ki, 44 güenlük Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etmişdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltmışdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖVRÜNDƏ İŞĞALÇILARDAN AZAD EDİLMİŞ BİRİNCİ ŞƏHƏR İDİ"

Artıq Cəbrayıl şəhərinin azad olunmasından dörd il ötür. Bu gün Cəbrayıla köçmüş əzəli sakinlər 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününü doğma yurdda qeyd edirlər. "Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi". Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib: "O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi", - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb. "Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı", - deyən Prezident bildirib ki, Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir.

"BU GÜN BÜTÜN AZƏRBAYCAN XALQI QƏHRƏMAN ÖVLADLARIMIZA MİNNƏTDARLIQ HİSSİ İLƏ YAŞAYIR"

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. "Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır", - deyən Prezident Müzəffər Ordumuzun zəfər yürüşünün bundan sonra daha sürətlə getdiyini və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edildiyini qeyd edib. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın edərək torpaqlarımızı azad etdi və beləliklə, ədalət, beynəlxalq hüquq bərpa olundu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, prinsipial mövqeyi ölkəmizə qarşı olan hücumları darmadağın etdi və ağır məğlubiyyətə uğrayan düşmən Kapituliyasiya aktını imzalamağa məcbur oldu. 2020 ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir".

BÖYÜK QAYIDIŞ COCUQ MƏRCANLI İLƏ BAŞLADI

Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub.

30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir. "Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir", - deyən Prezident bildirib ki, ilk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi: "Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir".

Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılda infrastruktur layihələri uğurla icra olunur və quruculuq meydanına çevrilib. Artıq burada Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksi fəaliyyət göstərir. Hərbi hissənin silah və döyüş texnikası arsenalına "Harop" və "Quzğun" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. Cəbrayılın Baş Planına əsasən, 2026-cı ilin sonunadək təqribən 3 800 nəfər şəhərdə yerləşdiriləcəkdir. 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub.

"CƏBRAYIL ŞƏHƏRİNİN BİRİNCİ YENİ YAŞAYIŞ MƏHƏLLƏSİ İSTİFADƏYƏ VERİLİR"

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Xatırladaq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.

Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. "Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir", - deyə Prezident vurğulayıb.

"ARAZ VADİSİ SƏNAYE ZONASI"NDA 10-A YAXIN MÜƏSSİSƏNİN HƏM TƏMƏLİ QOYULMUŞDU"

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Cənab Prezidentin bildirdiyi kimi, "Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər "Araz Vadisi Sənaye Zonası"nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq. Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni, bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu dağıntılar arasındadır."

BUGÜNKÜ GÜN ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏR ÜÇÜN MATƏM GÜNÜDÜR

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb. "Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı": - deyə Prezident diqqətə çatdırıb. Bunun səbəbləri barədə danışan dövlətimizin başçısı bildirib: "Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!". Bugünkü günün anti-Azərbaycan qüvvələr üçün matəm günü olduğunu bildirən Cənab Prezident qeyd edib ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür: "Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər".

"Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir" – deyən Prezident bildirib ki, ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? "Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq".

Prezident İlham Əliyev çıxışında bizə qarşı olan düşmənçilik siyasətinin dayanmadığını bildirib: "Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün".

"SEPARATÇILARIN YUVASI OLAN O BÖLGƏLƏRİ CƏMİ BİR NEÇƏ SAAT ƏRZİNDƏ AZAD ETMİŞİK"

Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi kimi dəyərləndirildi. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qəhrəmanlıq tariximizdə əbədi qalacaq. Həmişə qürur duyulası səhifə kimi xatırlanacaq. "Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın. Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər