Siyasət

  • 1 038

Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb

image

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərə doğru aparan mühüm Qələbə idi. Bununla belə, İkinci Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir”.Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 2020-ci il oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu möhtəşəm Qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi Zəfər günündən artıq dörd il ötür. Azərbaycan Zəfər yolu ilə dinc quruculuq şəraitində inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmləndirməkdə davam edir”.
Deputat vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “2016-cı il aprel ayında rəşadətli ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Ağdərə rayonunun Suqovuşan qəsəbəsi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın möhtəşəm Qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Digər xəbərlər