Siyasət

  • 1 168

Azərbaycanın MDB ölkələri ilə əməkdaşlığı genişlənir ŞƏRH

image

Prezident İlham Əliyev:"Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək"

"Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhəri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyadır. "Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb", - deyən Prezident bildirib ki, Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb: "Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar".

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır.

Çox keçmədi ki, köç karvanları Laçına da yol aldılar. Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.

"GƏNCƏ ŞƏHƏRİ İDMAN PAYTAXTINA ÇEVRİLƏCƏK"

Dünyanın idman arenasında, artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk Oyunların Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa Avropa oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. Belə oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkili ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur. Azərbaycan Prezidenti çıxışında növbəti il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini qeyd edərək bildirib ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Dövlətimizin başçısı Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik edərək bildirib ki, Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq.

"200-Ə YAXIN ÖLKƏNİN BU KONFRANSIN BAKIDA KEÇİRİLMƏSİ HAQQINDA YEKDİL QƏRARINI BÜTÜN DÜNYA İCTİMAİYYƏTİNİN AZƏRBAYCANA HÖRMƏTİNİN ƏLAMƏTİ KİMİ QİYMƏTLƏNDİRİRİK"

Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizdə son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi uğurlarımız sırasındadır. "Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk" – deyə Azərbaycan Prezident bildirib.

"3 MİLYON 400 MİN ƏHALİSİ OLAN AZƏRBAYCANDAN CƏBHƏYƏ 700 MİNƏ YAXIN İNSAN YOLLANIB"

Azərbaycan Prezidenti çıxışında MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcəyini də diqqətə çəkərək Azərbaycanın ümumi qələbəmizə sanballı töhfə verdiyini bildirib: "Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb". Əlbəttə ki, müharibədə Azərbaycanın müsəlləh əsgərləri silaha sarılaraq alman faşistləri ilə üz-üzə dayandılar. Gərgin bir döyüş yolu keçdilər. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi, respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə yola salındı. Onların təxminən yarısı döyüş meydanlarında həyatlarını itirdilər. 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlərin düşməndən azad edilməsində rəşadət göstərmiş oldular. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etdilər.

"QƏLƏBƏMİZ MDB-YƏ ÜZV DÖVLƏTLƏRİN GƏLƏCƏK ƏMƏKDAŞLIĞININ MÜHÜM AMİLİDİR"

Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyükdür. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynadı. "Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar", "Yak-3" qırıcıları istehsal edilirdi", - deyə Prezident bildirib.

Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərərək, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallıq göstərdi. 1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi. "Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar", - deyən Prezident qeyd edib ki, 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu: "Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər